Köhnə maşını alıb, əvəzində nə verirlər?

Köhnə maşını alıb, əvəzində nə verirlər?

Azərbaycanda köhnə avtomobillərin utilizasiyasına başlanılıb.

Bu barədə Nazirlər Kabinetinin Kənd təsərrüfatı və ekologiya şöbəsinin müdiri Lətif Qasımov “Yaşıl dünya naminə həmrəylik: Dayanıqlı gələcək üçün tullantıdan dəyərə” adlı Beynəlxalq Forumda çıxışı zamanı deyib. "Azərbaycanda ekoloji sağlamlığın qorunması məqsədilə köhnə nəqliyyat vasitələrinin utilizasiyası prosesinə başlanılıb",-deyə o bildirib. Onun sözlərinə görə, iqlim dəyişikliyi əhalinin həyat şəraitinə ciddi təsir göstərir:

“Bu ilin noyabr ayında Bakıda keçiriləcək COP29 tədbiri də ekoloji sağlamlıq üçün yeni imkanlar yaradır”.  

Maraqlıdır ki, bu proses maşın sahiblərini qane edirmi? Ümumiyyətlə, hansı şərtlərlə başlanılıb və digər ölkələrdən nə ilə fərqlənir? 

Nəqliyyat eksperti Elməddin Muradlı "Cebhe.info"-ya açıqlamasında bildirib ki, ulitizasiya hər bir ölkənin özünəməxsus yanaşması ilə aparılır: 

"Elə ölkələr var ki, böyük avtomobil istehsalçısıdır, kütləvi istehalı var, başqa ölkələrə də maşın satır, bu sahədə söz sahibidir. Ancaq bəzi ölkələrdə avtomobil istehsalı olmadığından, onların yanaşması fərqli olur. Əsas hədəf insanların köhnə avtomobildən əl çəkməsi sayılır. Elə insanlar da var ki, son ümid yeri, dolanışıq yeri kimi bu avtomobilə baxır. Dövlətin yanaşması fərdi yox, ümumi qərar əsasında əhalidən köhnə avtomobilləri yığmaq deyil. Bunun qarşılığında elə məsələlər öz əksini tapmalıdır ki, insanlar rahat şəkildə o maşınlardan imtina etməyə özlərində güc tapsınlar. Bu, indiki halda çətindir". 

Onun sözlərinə görə, avtomobillərə ulitizasiya ilə bağlı qoyulan dəyər insanları qane etmir:

"Avtomobilin ümumi vəziyyəti qiymətləndirilmir. Yaxşı vəziyyətdə olan da, pis vəziyyətdə olan da eyni qiymətdir. Gələcəkdə utilizatorlar maraq yaratmaq üçün daha yaxşı təkliflər irəli sürə bilər. Azərbaycansayağı yox, Avropasayağı yanaşma nümayiş etdirsələr, müəyyən avadanlıqları təkrar istehsal vəziyyətinə də gətirə bilərlər. Düzdür, bizdə istehsal qəliz görünür, həmişə ancaq dağıtmağa maraqlıyıq. Bu cür yanaşmalarımız var. Hazırda indi ulitizasiya könüllülük prinsipi əsasında keçirilir. Ancaq görürəm ki, könüllülük yanaşması boş vaxt itirməkdir. Heç kim gətirib maşınını o qiymətə verməyəcək". 

Naibə 
"Cebhe.info"