Niyə ərzağa getdikcə çox pul xərcləyirik? - RƏYLƏR

Niyə ərzağa getdikcə çox pul xərcləyirik? - RƏYLƏR

Bu ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 14,6 milyard manatlıq, o cümlədən 8,1 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 6,5 milyard manatlıq qeyri-ərzaq malları satılmışdır.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, 2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,7 faiz, qeyri-ərzaq malları üzrə 6,3 faiz artmışdır.

2025-ci ilin yanvar-mart aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 51,0 faizi ərzaq məhsullarının, 4,6 faizi içkilər və tütün məmulatlarının, 14,9 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,9 faizi avtomobil benzini və dizel yanacağının, 4,4 faizi elektrik malları və mebellərin, 2,3 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,3 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 15,6 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunmuşdur.

Hesabat dövründə qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,8 faiz artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,8 faizini təşkil etmişdir.

2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə 2025-ci ilin yanvar-mart aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 8,1 faiz, fərdi sahibkarlar üzrə 1,4 faiz, bazar və yarmarkalarda isə 3,5 faiz artmışdır.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 475,3 manatlıq, o cümlədən 264,3 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 211,0 manatlıq qeyri-ərzaq malları almışdır.

Maraqlıdır, bu artım nəyin hesabınadır? Əhalinin alıcılıq qabiliyyəti artır, yoxsa qiymətlər yüksəldiyi üçün daha çox pul xərclənir?

Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında İqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, dünyada belə bir yanaşma var ki, əgər əhali öz gəlirlərinin 20 faizindən çoxunu ərzaq məhsullarına xərcləyirsə, bu, həmin şəxslərin az gəlirli təbəqəyə aid olduğunu göstərir:

"Azərbaycanda isə vəziyyət fərqlidir, statistika göstərir ki, insanların aylıq xərclərinin yarısı, bəzən daha çoxu məhz ərzaq məhsullarına yönəlir. Bu isə o deməkdir ki, əhalinin böyük bir hissəsi aşağı gəlirli təbəqəyə daxildir".

Ekspert  hesab edir ki, ərzaq məhsullarının bahalaşması bu vəziyyətə təsirsiz ötüşmür:

"Rəsmi məlumatlara əsasən, 2025-ci ilin ilk aylarında ərzaq inflyasiyası 6 faiz civarındadır. Yəni qiymətlər artır, gəlirlər artsa belə, bu artım qiymət bahalaşması ilə paralel getdiyi üçün insanlar real olaraq daha çox xərcləməyə məcbur qalır.Nəticədə vətəndaşlar ailə büdcələrinin əhəmiyyətli hissəsini yalnız gündəlik ərzaq ehtiyaclarına yönəldirlər. Bu isə iqtisadi baxımdan heç də müsbət göstərici sayılmır və ölkədə sosial bərabərsizliklə bağlı ciddi suallar doğurur".

İqtisadçı-ekspert Xalid Kərimli isə qeyd edib ki, ərzaq xərclərinin yüksək payı istehlak vərdişləri ilə izah olunmur:

"Burada əsas səbəb nə insanların yeməyə olan xüsusi həvəsi, nə də vərdişləridir. Əsas səbəb həm ərzaq məhsullarında qiymət artımları, həm də əhalinin gəlir səviyyəsinin aşağı olmasıdır, yəni kasıblıqdır.İnsanların gəliri az olanda, ilk növbədə qarın doyurmaq ön plana keçir. Heç kim əvvəlcə geyim, avtomobil və ya texnika almağı düşünmür, əsas məsələ gündəlik ərzaq təminatıdır".

Ekspert qeyd edib ki, dünya üzrə ölkələrin sosial-iqtisadi vəziyyətini təhlil edərkən istifadə olunan mühüm göstəricilərdən biri də ərzaq xərclərinin ümumi istehlak xərclərindəki payıdır:

“Bu göstərici birbaşa olaraq əhalinin rifah səviyyəsini əks etdirir. Əgər bu pay yüksəkdirsə, deməli, əhali gəlir baxımından aşağı vəziyyətdədir. İnkişaf etmiş ölkələrdə bu rəqəm adətən 20-25 faiz arasında dəyişir. Yəni insanlar gəlirlərinin cəmi beşdə birini qidaya xərcləyir, qalan hissəsini isə geyimə, mənzilə, təhsilə, istirahətə yönəldə bilirlər.

Azərbaycanda isə vəziyyət fərqlidir. Rəsmi statistikaya görə, əhalinin xərclərinin yarıdan çoxu ərzağa gedir. Bu isə insanların sadəcə çox yeməsi ilə yox, daha çox kasıb olması ilə bağlıdır. Yəni ərzağa daha çox pul xərcləməyimiz bizim sosial-iqtisadi vəziyyətimizin yaxşı olmasından deyil, əksinə, real gəlirlərin aşağı olmasından xəbər verir.

Məsələn, əgər bir insan ayda 1000 manat qazanır və bunun 700 manatını ərzağa xərcləyirsə, bu, onun ümumi xərclərinin 70 faizidir. Amma əgər o eyni insan ayda 10 000 manat qazansa və 1 500 manatını ərzağa versə, bu artıq cəmi 15 faiz edir.

Gəlir artdıqca ərzağın xərclərdəki payı azalır və insanlar digər sahələrə də rahatlıqla pul xərcləyə bilir. Bu baxımdan, ərzaq xərclərinin strukturda yüksək paya malik olması, əhalinin sosial durumunun zəif olduğunu açıq şəkildə göstərir".

Səbinə Uğur
"Cebheinfo.az"