Ərdoğan yenidən prezidentliyə namizəd ola bilər - AKP-li deputatla MÜSAHİBƏ
“Türk Söhbəti” yeni layihədir.
Bu layihədə mütəmadi olaraq türkiyəli siyasətçilər, millət vəkilləri, partiya liderləri, bələdiyyə sədrləri, ekspertlər, iqtisadçılar, həkimlər, incəsənət nümayəndələri kimi çox sayda tanınmış şəxslə maraqlı müsahibələr edəcəyik. Söhbət formatında olacaq layihədə gündəmə, keçmişə və gələcəyə dair bir sıra məsələlər müzakirə olunacaq.
“Cebheinfo.az” Türkiyə Cümhuriyyətinin elan olunduğu 29 oktyabrda yeni layihənin ilk müsahibəsini təqdim edir. “Türk Söhbəti”nin ilk qonağı isə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) millət vəkili Abdürrahim Fıratdır.
- Abdürrahim bəy, Yaxın Şərqdəki müharibənin arealı genişlənməkdədir. Türkiyənin də təhdidlərin hədəfində olduğu deyilir. Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan da tez-tez açıqlamalarında bu mövzunu gündəmə gətirir. Təbii ki, Azərbaycanda da vəziyyət yaxından izlənilir. Hazırda Türkiyəyə qarşı ən böyük təhdidlər nələrdir?
- Yaxın Şərqdə başlayan müharibə heç birimizin istəmədiyi nəticələr doğurdu. Qan, göz yaşı, minlərlə insanın şəhid olması özünü insan olaraq görən hər kəsi dərindən məyus edir. Xüsusilə İsrail və ona dəstək verən ABŞ kimi ölkələr Türkiyə üçün də ciddi narahatlıq yaradır. Bunu hər kəs görür.
Təbii ki, Yaxın Şərqdəki müharibənin arealının genişlənmə ehtimalı var. Artıq İsrail Suriyaya da zərbələr endirməyə başlayıb. Liviya və Yəməndə də ciddi problemlər var. Üstəlik, hər an İsrail və İran arasında da müharibə başlaya bilər. Hazırda müharibənin arealı Suriya, Liviya, İraq və İrana doğru genişlənir. Bu halqa getdikcə bizə də yaxınlaşır.
- Yəni bu müharibənin Türkiyə sərhədlərinə qədər gəlmə ehtimalı var?
- Belə bir ehtimal var. Lakin Türkiyə adıçəkilən ölkələr kimi deyil. Biz həm müdafiə sənayesi və texnologiyası, həm də bölgədəki coğrafi mövqeyi ilə çox böyük bir dövlətik. Əlbəttə ki, “olmaz” deyilən hadisələr belə bir gün baş verə bilər. Türkiyə də bütün ehtimallara qarşı hər cür tədbir görür. Xüsusilə müdafiə ilə bağlı ciddi addımlar atılır.
Biz Yaxın Şərqdə müharibənin yox, sülhün tərəfadarıyıq. İnsanların hüzur və dinc şəraitdə yaşamasını istəyirik. Ən təməl ehtiyac insanların can və mal təhlükəsizliyini təmin etməkdir. Lakin təəssüflər olsun ki, bu gün Yaxın Şərqdə heç kimin can və mal güvənliyi yoxdur. Türkiyə həm tarixi missiyası, həm də inanclarına görə bu bölgədə axan qanın dayanması, sülhün əldə olunması, insanların dinc şəraitdə yaşaması üçün çalışır.
Birləşmiş Millətlər Təşkilatının (BMT) müharibələr qarşısında bu qədər aciz qalması, müdaxilə edə bilməməsi və öz binalarının belə təhdid altında olması çox məyusedicidir. Rəsmi Ankara isə bunu dünya gündəminə gətirməklə problemi həll etmək üçün səylərini davam etdirir.
- Təhdidin Suriyadan gələ biləcəyini düşünürsünüz?
- Hazırda faktiki olaraq Suriya bir çox yerə parçalanıb və orada çox sıxıntılı bir vəziyyət yaranıb. Mövcud Suriya hökumətinin, Rusiya və İranın nəzarətində olan ərazilər var. Həmçinin, ABŞ və PKK terror təşkilatının bir qolu olan PYD də orada bir dövlət qurmağa çalışır. Əlbəttə ki, Türkiyənin də Suriyada aktiv rol aldığı ərazilər var.
Ümumiyyətlə, ABŞ və Böyük Britaniya girdikləri hər ölkəni xaos meydanına çevirir. Suriya, Liviya, İraq, Əfqanıstan, Ukrayna buna real nümunədir. Biz də bu problemlərdən ən az zərərlə çıxmağa çalışırıq. Əlbəttə ki, Suriyadakı hər hansısa bir müharibə həm Türkiyəyə, həm də ətraf ölkələrə təsir edir.
Suriya və İraqın daxilində yaşanan proseslər Türkiyəyə birbaşa olaraq təsir göstərir. Üstəlik, Suriyadan Türkiyəyə gələn qardaşlarımıza dəstəyimiz ölkə daxilində də ciddi tənqidlərə səbəb olur.
- Sizin də vurğuladığınız kimi sözügedən müharibə Suriyaya da sıçrayıb. Artıq İsrail Suriyanı da hədəf alır. Bir müddətdir Cümhurbaşqanı Ərdoğanla suriyalı həmkarı Bəşər Əsədin görüşəcəyi gözlənilirdi. İndiki şəraitdə Ərdoğan-Əsəd görüşünün keçirilməsi nə qədər realdır?
- Sayın Ərdoğan Suriya dövlət başçısı Bəşər Əsədlə iki qonşu ölkə arasındakı münasibətlərin yenidən başlaması ilə bağlı görüş üçün hər zaman dəvətə hazır olduğunu açıqlayıb. Həmçinin, Əsədi Türkiyəyə dəvət edib. Türkiyə bu problemlərin həll olunması üçün çalışır, amma bu günə qədər Suriya tərəfindən hansısa konkret bir cavab gəlməyib.
Yaxın perspektivdə Rusiya və İranın proseslərdə iştirakı gözlənilir. Əsəd Türkiyə ilə bağlı bir addım atsa, biz iki addım atacağıq. Çünki həqiqətən regionun sülhə və stabilliyə ehtiyacı var. Suriyada heç birimizin istəmədiyi çox pis hadisələr baş verdi. Minlərlə insan öldü, milyonlarla qaçqın oldu. Bunun sonsuza qədər davam etməsi mümkün deyil.
Bir gün hansısa formada sülh əldə olunmalıdır. Prezidentimiz və xarici işlər nazirimiz də bunu bütün platformalarda dilə gətirirlər. Ümidimiz və gözləntimiz odur ki, uzanan sülh və qardaşlıq əli geri çevrilməyəcək. Yəni proseslərin müsbət şəkildə yekunlaşacağını ilə bağlı gözləntilərimiz var.
- Bir az da daxili siyasətdən danışaq. Türkiyə mediasında tez-tez 2028-ci ildə keçirilməsi planlaşdırılan prezident seçkilərinin vaxtından əvvəl keçirilə biləcəyi barədə iddialarla qarşılaşırıq. Xüsusilə də müxalifət bu iddianı mütəmadi şəkildə gündəmə gətirir. Bu ehtimal varmı? Türkiyədə növbədənkənar prezident seçkilərinin keçirilməsi gözlənilir?
- Hazırda Türkiyədə növbədənkənar prezident seçkilərinin keçirilməsinə ehtiyac yoxdur. Ölkənin idarəetmə sistemi parlamentli respublika deyil, prezident üsul idarəetmə sistemidir. Bu sistemdə isə iki formada növbədənkənar seçki olur.
Birincisi, Prezidentin parlamenti buraxmasıdır. Səlahiyyət müddətinin bitməsinə 3,5 il və ətrafımızda bir çox problem varkən, eləcə də Türkiyədə iqtisadi proqramlar irəliləyərək növbədənkənar seçkilərin keçirilməsi mümkün deyil. İkincisi isə parlamentdə 360 deputat bu barədə qərar verməlidir.
Hazırda parlamentdə bizim 265 deputatımız var. Həmçinin, bizimlə birlikdə hərəkət edən “Cümhur İttifaqı”nın ortaqları da parlamentdə təmsil olunur. Toplamda təxminən 330 deputatımız var. Yəni biz də, müxalifət də istəsə belə təkbaşına növbədənkənar parlament seçkisi ilə bağlı qərar verə bilmərik. Müxalifət sadəcə millətin fikirlərini qarışdırmaq istəyir. Türkiyənin iqtisadi proqramlarının zədələnməsi, investorların ölkəyə gəlməsinin qarşısını almaq üçün taktiki olaraq belə açıqlamalar verirlər. Hazırda nə cəmiyyətdə, nə də mövcud sistemdə növbədənkənar seçkiyə ehtiyac var.
- Bəs Prezident növbədənkənar seçkilərin keçirilməsi ilə bağı qərar verə bilməz?
- Düzdür, Prezidentin belə bir səlahiyyəti var. Lakin Rəcəb Tayyib Ərdoğan ölkənin iqtisadi vəziyyətini düzəltmək üçün 3 illik proqram hazırlayıb. Onun da nəticələri yavaş-yavaş ortaya çıxır. Hələ bu proqramın 1-ci ilindəyik. Çox qısa müddətdə inflyasiya göstəriciləri 25-30 faiz aşağı düşdü. Hədəfimiz isə inflyasiyanın 3 il ərzində 5 faizə qədər düşməsinə nail olmaqdır.
Belə bir proqramı özü idarə edən bir Prezidentin proqramını yarıda kəsərək növbədənkənar prezident seçkilərinə getməsinə nə ehtiyac var? Üstəlik, Prezident bu qərarı verərsə, özü namizəd ola bilməyəcək. Bu, mövcud Konstitusiyaya ziddir. Çünki Rəcəb Tayyib Ərdoğan daha öncə 2 dəfə prezidentliyə namizəd olub. Yəni belə vəziyyətdə növbədənkənar seçki qərarı vermək məntiq və ağılla izah edilə biləcək bir addım olmaz. Ona görə də bizim gündəmimizdə elə bir ehtimal yoxdur. Bu, tamamilə süni gündəmdir.
- Həmçinin, Rəcəb Tayyib Ərdoğanın 2028-ci ildən əvvəl keçirilmə ehtimalı olan prezident seçkilərdə səlahiyyət müddətini tamamlamayacağı üçün namizəd ola biləcəyi iddiaları da var. Bununla bağlı nə deyə bilərsiniz?
- Bu, ancaq 360 deputat parlamentdə növbədənkənar seçkilərlə bağlı qərar versə olar. Bunun üçün də müxalifətin dəstəyi lazımdır. Müxalifətin isə öz lehinə olmayan bir vəziyyətdə bizimlə birlikdə hərəkət edib-etməyəcəyi sual altındadır. Onlar iddia edirlər ki, 2025-ci ilin noyabrına qədər seçki qərarı verilsə, dəstəkləyəcəklər. Yəni həmin tarixdən sonra keçiriləcək növbədənkənar prezident seçkilərini dəstəkləməyəcəklər.
Biz isə indiki şəraitdə sadəcə iqtisadi proqram və yeni konstitusiya ilə bağlı çalışırıq. Türkiyəni 12 sentyabr çevriliş konstitusiyasından xilas edərək yeni konstitusiya qəbul etməliyik. Eyni zamanda, ölkənin rifahı, beynəlxalq aləmdəki yeri ilə bağlı ciddi planlarımız var. İndi seçkiyə ayıracaq vaxtımız da, düşüncəmiz də yoxdur. Hazırda ehtiyac olmasa da, gələcəkdə cəmiyyətin belə bir tələbi olsa, bu addımı ata bilərik.
- Ümumiyyətlə, Rəcəb Tayyib Ərdoğanın növbəti dəfə prezidentliyə namizəd olub-olmayacağı məsələsi çox müzakirə olunur. Bu müzakirələrə son nöqtəni qoymağınızı rica edirəm. Ərdoğan yenidən namizədliyini irəli sürə bilər?
- Əgər Rəcəb Tayyib Ərdoğanın öz qərarı ilə növbədənkənar prezident seçkiləri keçirilsə, bir daha namizəd ola bilməz. Lakin parlament yenidən seçki qərarı alsa, onda Ərdoğan yenidən namizəd ola bilər. Bu, konstitisiyaya uyğundur.
- Əsas rəqibiniz olan Cümhuriyyət Xalq Partiyasında (CHP) artıq prezident seçkiləri ilə bağlı müzakirələr gedir. CHP-də Ankara Böyük Şəhər Bələdiyyəsinin sədri Mansur Yavaş və İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun adı ön plana çıxır. Maraqlıdır, hansı bələdiyyə sədri AKP üçün daha çətin rəqib olar - Yavaş, yoxsa İmamoğlu?
- Bizi müxalifətin namizədinin kim olacağı maraqlandırmır. AKP olaraq 22 ildir iqtidarda olan, Türkiyədə dəyişikliyi reallaşdıran və Cümhuriyyət tarixinin ən uzun iqtidarına sahib hökumətin mənsublarıyıq. Biz rəqibimizlə deyil, özümüzlə maraqlanırıq. Gələn ilin aprel-may aylarında ölkədə AKP-nin 8-ci qurultayı keçiriləcək.
Hazırda Türkiyənin hər tərəfində buna hazırlıqla bağlı yüzlərlə, minlərlə qurultaylar keçirilir. Qurultaylar nəticəsində mərkəzi idarəetmə strukturları, bələdiyyələr, nazirlər və parlament səviyyəsində müəyyən dəyişikliklər olacaq. Ona görə də bizim üçün müxalifətin namizədinin kim olmasının fərqi yoxdur. Bununla bağlı seçim də etmirik.
Kimin namizədliyini irəli sürmək CHP-nin daxili işidir. Kimi istəyirlər, namizəd göstərsinlər. Biz öz evimizi düzəltmək və xalqa doğru mesajlar vermək istəyirik. Türk xalqı qədirbiləndir, bugünə qədər olduğu kimi yenə də ona edilən xidmətlərə əsl dəyəri verəcək. Məncə, müxalifətin seçimi də iki nəfər arasında deyil. Özgür Özəl və Kamal Kılıçdaroğlu da namizəd ola bilər. Süleyman Dəmirəlin də dediyi kimi, siyasətdə 24 saat çox uzun vaxtdır. Yəni körpünün altından daha çox sular axacaq. Kimin namizəd olub-olmayacağını həmin vaxt ortada olan şərtlərlə dəyərləndirmək lazımdır.
- Son zamanlar bəzi Qərb ölkələri və təşkilatları tərəfindən Türkiyəyə qarşı qərəzli münasibət müşahidə olunur. Türkiyə beynəlxalq tribunalardan buna qarşı hər hansı addımı atacaq?
- İkinci Dünya müharibəsindən sonra qurulan BMT sistemi bugünkü dövlətlərin və cəmiyyətlərin tələblərini qarşılamaqda çətinlik çəkir. Artıq həqiqətən BMT üzərinə düşən vəzifəni icra edə bilmir. Ərdoğan “dünya 5-dən böyükdür” sözü ilə bunu dilə gətirir. Artıq Prezidentimizin dediklərini bir çox dünya lideri də təkrarlayır. Türkiyə artıq 1940-1950-ci illərdəki ölkə deyil.
Türkiyə öz bölgəsində liderlik edən, coğrafi mövqeyinin fərqində olan, dünyanın ən böyük iqtisadiyyatlarından biridir, habelə müdafiə və hərbi cəhətdən də durmadan inkişaf edir. Bu gün Afrika və türk dünyası, habelə Latın Amerika ölkələri nə üçün BMT-nin Təhlükəsizlik Şurasında təmsil olunmur? Cənab Ərdoğan yeni bir dünya düzəni istəyir.
Bu isə Qərbin xoşuna gəlmir. Onların Əfqanıstan, Liviya, İraq, Suriya, Yəmən, Ukrayna və Yaxın Şərq ölkələrində etdikləri göz qabağındadır. Üstəlik, dünyada nə qədər müharibə varsa, hamısı bizim bölgəmizdə olur. Qərb ölkələrinin bu müharibələri nə üçün davam etdirdiyini düşünmək lazımdır. Yaxın Şərqdəki neft ehtiyatları və coğrafi mövqe belə problemlər yaradır.
- Mövcud vəziyyət davam edərsə, Türkiyə Qərbdən uzaqlaşa bilər?
- Biz Qərbdən qopmayacağıq, NATO-nun qurucu ölkələrindən biriyik, ən güclü ikinci ordusuyuq. Qərblə münasibətlərimiz davam edəcək. Üzümüz Avropaya doğrudur, amma Türk dünyasının şərəfli üzvüyük. Yəni, Türkiyənin üzü Qərbə doğru olsa da, öz tarixi bağlarından və Türk dünyasından qopmaq istəmir. İnkişafda etməkdə olan ölkələrlə də bağlarımız var.
Həmçinin, Afrika və bir çox ölkələrlə də əlaqələr davam etdir. Nəzərə almaq lazımdır ki, artıq təkqütblü dünyadan çoxqütblü dünyaya keçmişik. Hər ölkə öz milli mənfəətləri müstəvisində öz qonşuları ilə münasibətlərini inkişaf etdirməlidir. Bütün bunların fonunda Qərb də papağını qarşısına qoyub düşünməlidir.
- BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvünün veto haqqının olması da son zamanlar tənqidlərə səbəb olur. Bir çoxları Türkiyənin də bu haqqa sahib olmasını istəyirlər. Türkiyənin də gələcəkdə Təhlükəsizlik Şurasında veto haqqı olan ölkələrdən biri olması mümkündür?
- Biz də Türkiyənin BMT Təhlükəsizlik Şurasında veto haqqı olan ölkələrdən biri olmasını istəyərik. Hər dövlət bunu istəyər. Lakin artıq veto sistemini daha məqbul sistemlə dəyişdirmək lazımdır. Hazırkı sistemdə 5 daimi üzvün biri veto hüququndan istifadə etdiyi zaman digər 14 ölkə istəsə belə, qərar qəbul edə bilmir.
Ümumiyyətlə, veto hüququ səhvdir. Məsələn, hansısa veto haqqı olan ölkə başqa dövlətin ərazisini işğal etsə, onların əleyhinə qərar verə bilmirsiniz. Yəni, çox mənasız bir sistemdir. Bəlkə qəbul olunduğu zaman məntiqli və doğru idi, amma indiki zamanda yeni sistemə ehtiyac var. Məncə, burada Təhlükəsizlik Şurasına seçilən ölkələrin sayını artırmaq lazımdır. Qərarlar səs çoxluğu ilə qəbul edilməlidir.
Bəzi qərarları əksər üstünlük, bəzilərini 50 faiz, bəzilərini isə üçdə iki ilə qəbul etmək olar. Yəni, veto haqqı tamamilə ləğv olunmalıdır. Əks təqdirdə, Təhlükəsizlik Şurasında müəyyən qitələri, ölkələri, Türk dünyasını, habelə NATO, BRICS kimi təşkilatları təmsil edən üzvlər olmalıdır. Dünya liderləri bir araya gələrək bununla bağlı qərar verməlidirlər. Daha adil və düzgün sistem olmalıdır.
- Son olaraq Türkiyə - Azərbaycan arasındakı qardaşlıq münasibətlərindən bəhs edək. Xüsusilə Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin prezidentliyi dönəmində iki qardaş ölkə arasındakı münasibətlər pik səviyyəyə çatıb. Bəs bundan sonrakı mərhələlərdə Azərbaycan-Türkiyə münasibətlərinin daha da inkişaf etməsi üçün hansı addımlar atılmalıdır?
- Həqiqətən də Türkiyə ilə Azərbaycan tək millət, iki dövlətdir. Tərəflər arasında buna yaraşan siyasət aparılır. Azərbaycanın müstəqilliyini elan etdiyi 1991-ci ildən indiyə qədər münasibətlərimiz davamlı olaraq inkişaf edir. Bu münasibətlər çoxşaxəli və strateji əhəmiyyətə malikdir. İki qardaş ölkə arasında əlaqələrin daha da inkişaf edəcəyinə ürəkdən inanırıq.
Xüsusilə Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev dönəmini vurğulamaq lazımdır. Onlar “iki dövlət, bir millət” şüarı ilə çox gözəl hərəkət edirlər. Liderlərimiz və parlamentlərimiz mütəmadi şəkildə bir-birləri ilə ünsiyyətdədirlər. Azərbaycanla Türkiyə arasında üçlü və dördlü işbirliyi mexanizmləri var. Həmçinin, iki qardaş ölkənin regionda sülhə, sabitliyə və rifaha yönəlik iradələri mövcuddur.
- Yeni açılacaq Zəngəzur dəhlizi iki qardaş ölkə arasında birbaşa quru əlaqəsi yaradacaq...
- Azərbaycanla Türkiyə arasındakı münasibətlər davamlı olaraq inkişaf edir. Əlaqələrin pik səviyyəsi də məhz Zəngəzur dəhlizinin açılması olacaq. Bunun çox böyük ticari uğur olacağını düşünürəm. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalandıqdan sonra yaxşı qonşuluq əlaqələrinin yaradılması bölgəyə çox fərqli stimul gətirəcək.
Xüsusilə ticarət əlaqələrinin bərpa olunması və Zəngəzur dəhlizinin açılması çox önəmli olacaq. Bu, Türkiyə ilə Qərb arasında da yeni bir yol olacaq. Nəzərə almaq lazımdır ki, Zəngəzur dəhlizinin gəlirləri milyardlarla dollara çatacaq. Bundan başqa, Azərbaycan neftinin Türkiyə üzərindən dünyaya çatdırılması təmin ediləcək.
Elmir Mustafa
“Cebheinfo.az”