"O, silah verir, bu, daşıyır"- MÜSAHİBƏ

"O, silah verir, bu, daşıyır"- MÜSAHİBƏ

Yaxın zamanda Rusiya Ermənistanı ciddi və sərt şəkildə cəzalandıra bilər. 

Qeyd edək ki, Rusiyanın xarici işlər nazir Serqey Lavrov Antalya Diplomatiya Forumunda çıxışında Ermənistanla bağlı sərt bəyanatlar səsləndirib. Lavrov öz çıxışında bəyan edib ki, Moskva İrəvanın KTMT-də iştirakı ilə bağlı yekun qərarını açıqlamasını gözləyir.

“Onlar artıq qərar verməlidirlər. İki stulda oturmaq olmaz, qərar verin, biz də ona uyğun davranaq”,- deyə Lavrov vurğulayıb. 

Rusiyanın XİN rəhbəri Ermənistanın müttəfiq kimi davranmadığını bildirib. Eyni zamanda Lavrov İrəvanı öz siyasi kursunu elan etməyə çağırıb:  

“Həm Avrasiya Birliyində olub və bütün iqtisadi faydalarını ondan qazanıb, vahid gömrük məkanına üzv olub sonra da Aİ-yə üzvlükdən danışmaq üzr istəyirəm amma qeyri peşəkarlıqdır”. 

Lavrov, həmçinin vurğulayıb ki, rəsmi Moskva Rusiya-Ermənistan münasibətlərinə yenidən baxmağa məcbur qalacaq:

“Ermənistanın istənilən siyasi kursu elan etməsi onların öz seçimidir, lakin hər bir seçimin Ermənistan üçün müəyyən nəticələri olacaq”.

S.Lavrovun öz bəyanatında hansı mesajlar verdiyi və Ermənistanın hansı təhlükələrlə üzləşəcəyinə dair “Cebhe.info”-nun suallarına politoloq Natiq Miri cavab verib:

- Natiq bəy, belə demək olarmı ki, artıq Kremlin səbri tükənib və Ermənistanın nazı ilə oynamaq istəmir? Yəni Lavrovun son sərt bəyanatları onu göstərir ki, Moskva Ermənistanla bağlı ciddi və sərt tədbirlər görmək niyyətindədir. Şübhəsiz ki, yaxın zamanda Moskva Ermənistanla münasibətlərində yeni siyasi kursunu elan edəcək. Maraqlıdır, Moskvanın bu yeni siyasi kursu nədən ibarət olacaq? Moskvanın Ermənistanı əldən verməmək üçün hansı addımlar atacağı gözlənilir? Kreml cəza tədbirlərinə əl ata bilər?

-Serqey Lavrovun son açıqlamaları sadəcə olaraq xəbərdarlıqdır. Hesab edirəm ki, indiki şəraitdə Rusiyanın Ermənistanla bağlı yeni siyasi kursunu elan edəcəyi inandırıcı görünmür. Moskva hələlik bu barədə qərar verməyə tələsməyəcək. Ona görə ki, Rusiya mübarizə aparmadan Ermənistanı Qərbin qucağına atmaq niyyətində deyil. Yeni siyasi kursun elan edilməsi Ermənistanın itirilməsinə gətirib çıxara bilər. Üstəlik, Ermənistan rəhbərliyi şifahi şəkildə KTMT-də fəaliyyətini dondurduğunu bəyan edib. Halbuki İrəvanın KTMT-ni tərk etməsi ilə qərarı ortada yoxdur. Həmçinin nəzərə alaq ki, Ermənistan Rusiyanın fəal olduğu digər iki format – Milli Dövlətlər Birliyində və Avrasiya İqtisadi İttifaqında fəaliyyətini davam etdirir.

Bundan əlavə, bu il Ermənistan Avrasiya İqtisadi İttifaqına sədrlik etmək öhədiliyi götürüb. Eyni zamanda, Ermənistan ilə Rusiya arasında hərbi-müdafiə və hərbi-təhlükəsizlik sahəsində əməkdaşlığa dair 49 illik saziş mövcuddur. Rusiyanın Ermənistanın Gümrü şəhərində 102-ci hərbi bazası var. Bunlardan dərhal imtina etmək qeyri-mümkündür. Ümumiyyətlə, Ermənistan Rusiyanın təsir dairəsindən qopmağa hələ hazır deyil. Ermənistanın buna hazır olması üçün həm hazırki hakimiyyətin dayaqlarının möhkəmlənməsinə, həm də radikal müxalifətin zərərsizləşdirilməsinə ehtiyac var. 

O ki qaldı Moskvanın Ermənistana qarşı sərt və ciddi addımlar atması ehtimalına, hesab edirəm ki, Kreml ilk növbədə Ermənistanın Rusiya ilə iqtisadi və ticari münasibətlərində imkanlarını məhdudlaşdıra bilər. Bilirik ki, Ermənistanın əsas ixrac məhsulları, kənd təsərrüfatı məhsullarının satışı Avrasiya İqtisadi İttifaqının bazarında həyata keçirilir. Rusiya bu bazarda üstünlük təşkil edir. Alternativ bazara çıxış əldə olunana qədər Ermənistan bu bazardan imtina edə bilməz. Xüsusilə, Ermənistanda Qərb bazarının standartlarına uyğun məhsullar istehsal olunana qədər İrəvanın Avrasiya İttifaqından çıxması ehtimalı mümkün görünmür. 

İlk növbədə alternativ bazar tapılmalı, sonra həmin bazarın standartlarına uyğun məhsullar istehsal olunmalıdır ki, məhsullar rəqabətə tab gətirə bilsin.  Bütün bunlarla bərabər, Ermənistan enerji cəhətdən Rusiyadan çox asılıdır. Moskva Ermənistana nəql etdiyi təbii qazın qiymətinin artırılmasını nəzərdən keçirə bilər. Moskva, hətta Gürcüstandan Ermənistana gedən quru yollarını da bağlaya bilər. Bundan başqa, Rusiya Ermənistanda xüsusi əhəmiyyət daşıyan iqtisadi və enerji sektorlarına nəzarət edir. Bu xüsusda Moskvanın Ermənistan üzərində təsir imkanları kifayət qədər çoxdur. 

Digər tərəfdən, Ermənistanın hərbi elitasında və erməni ordusunda Rusiyanın kəşifiyyatına xidmət edən yüzlərlə zabit qulluq edir. Moskvanın nə zamansa həmin ünsürlərdən istifadə etməklə hərbi təxribat və hərbi üsyanlara təkan verməsi istisna deyil. Ən nəhayət, əgər mümkün olacaqsa, Nikol Paşinyana qarşı sui-qəsd cəhdinə əl atıla bilər. 

Onu da əlavə edim ki, bu gün Ermənistan hakimiyyəti Qərbin Rusiyaya qarşı sanksiyalarına məhəl qoymur. Bu gün Qərb ölkələrindən Ermənistana ixrac olunan mikroçiplər, eləcə də strateji raket silahlarının istehsalı üçün lazım olan radio elektronika cihazları müxtəlif məhsulların adı altında Rusiyaya ötürülür. Bunu Qərb çox yaxşı bilir. Sadəcə olaraq, Qərb müəyyən səbəblərə görə səsini çıxarmır. 

- Bəzi ekspertlər hesab edirlər ki, ABŞ, Fransa və Aİ Cənubi Qafqazda Ukraynadan sonra Rusiyaya qarşı ikinci cəbhə açmaq niyyəti güdür. Bu barədə nə düşünürsünüz?

-Əlbəttə, Qərbin belə bir planı var. Qərbdə hesab edirlər ki, Rusiyanın zəiflətmək və təsir imkanlarını məhdudlaşdırmaq üçün Cənubi Qafqazda ikinci bir cəbhənin açılmasına ehtiyac var. Onu da başa düşürlər ki, ikinci bir cəbhəni başqa regionda açmaq mümkün deyil. Çünki Cənubi Qafqazda hər zaman yeni münaqişə ocağının yaranmasına gətirib çıxaran şərait olub. Belə bir vəziyyətdə Qərb regionun ən zəif bəndi olan Ermənistandan dağıdıcı ünsür kimi istifadə etmək istəyir. Ermənistanın təcili sürətdə silahlandırmasının səbəblərindən biri məhz budur. 

Ortada başqa faktor da var. Bu gün Moskva, eləcə də rəsmi Pekin ABŞ-nin diqqətini Ukraynadan yayındırmaq, yəni Vaşinqtonun Ukraynaya hərbi və maliyyə yardımını məhdudlaşdırmaq üçün Qəzzada münaqişəni yenidən alovladırıb.

Beləliklə, həm Moskva, həm də Pekin ABŞ-ni iki cəbhə ilə məşğul olmağa vadar edib. Həqiqətən bu, ABŞ-ni çətin vəziyyətə alıb. 

Vaşinqton buna cavab olaraq Rusiyaya qarşı Cənubi Qafqazda ikinci bir cəbhənin açılmasını düşünür. Bu cəbhənin mərkəzi isə Ermənistan olacaq. Ona görə də Azərbaycan bu məsələyə həssas və diqqətli yanaşma tərzi sərgiləməlidir. Bu hadisənin baş verməsi hər halda real görünür. 

-Ermənistanın Rusiya ilə Qərb arasında geosiyasi mübarizə poliqonuna çevrilməsi Cənubi Qafqazda hansı siyasi proseslərə gətirib çıxaracaq?

-Əgər Ermənistan savaş meydanına çevrilərsə, bu, yaxın perspektivdə Ermənistanın bir dövlət kimi məhv olmasına gətirib çıxara bilər. Bu, təkcə Qərb-Rusiya qarşıdurması kontekstində baş verməyəcək. Rusiyanın Ermənistana hərbi müdaxilə niyyəti olacaqsa, Moskva region ölkələrinin, xüsusilə Azərbaycan və Türkiyənin mövqeyini nəzərə almalıdır. Moskva bu məsələni İran, Azərbaycan və Türkiyə ilə razılaşdırmalıdır. Rəsmi Bakı və Ankara bu prosesə mütləq hazır olmalıdır. Çünki Ermənistanın dövlət kimi məhv olması ehtimalı ortalığa çıxarsa, əlbəttə ki, Azərbaycanın da öz payını almaq haqqı olacaq.

Yəni öz tarixi torpaqlarını geri qaytara bilər. Bu prosesin baş verməsi nə qədər az ehtimal olunsa da, potensial olaraq belə bir variant mövcuddur. Rusiyanın Ermənistanda öz geosiyasi varlığını asanlıqla əldən verəcəyini düşünənlər yanılırlar. Belə bir savaş yaşanacaqsa, Moskva konkret olaraq müəyyən təxribatlara əl atmaqla regionda hərbi əməliyyatlar həyata keçirəcək. 

- Ümumiyyətlə, Ermənistanın itirilməsi Moskva üçün nə deməkdir?

-Hazırda Ermənistan geosiyasi nöqteyi-nəzərdən Rusiya üçün o qədər də xüsusi əhəmiyyət kəsb etmir. Düzdür, Rusiya ilə Türkiyə arasında, eləcə də Azərbaycanla münasibətlərin gərgin dövrlərində Ermənistan Moskva üçün lazım olub.

Məhz buna görə də həmin dövrdə Moskva Ermənistanın Gümrü şəhərində öz hərbi bazasını yaradıb, Ermənistanın Türkiyə ilə sərhəd ərazilərində öz qoşunlarını yerləşdirib. Ancaq sonrakı dövrlərdə Rusiyanın Türkiyə və Azərbaycanla münasibətlərində gərginlik aradan qalxdı və normallaşma prosesi daha sürətləndi.

Bu gün Rusiya-Türkiyə, o cümlədən Rusiya-Azərbaycan münasibətləri yüksək səviyyədədir. Bu baxımdan Rusiya-Türkiyə münasibətləri fonunda Moskvanın baxışında Ermənistan daha önəmli ölkə kimi görünmür. Xüsusilə vurğulayıq ki, indiki zamanda Rusiyanın dövlət rəhbərliyi istənilən problemi Türkiyənin rəhbərliyi ilə qarşı-qarşıya oturaraq həll edə bilər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin ikitərəfli görüşlərdə bunu sübut edib. 

Ancaq Rusiyanın imperiya təfəkkürlü bir dövlət olduğunu da diqqətdən qaçırmaq olmaz. Bu səbəbdən Moskva hesab edir ki, təkcə Ermənistan deyil, həmçinin bütün Cənubi Qafqaz hər zaman Rusiyanın təsir dairəsində olmalıdır.

“Soyuq müharibə”dən sonrakı dövrdə də Moskva bu siyasətindən əl çəkmir. Moskva bütün postsovet məkanını - Belarus, Ukrayna və Moldova, Cənubi Qafqaz və Mərkəzi Asiyanı özünün təsir dairəsi hesab edir. Rusiyanın Ukraynada apardığı müharibə məhz bundan qaynaqlanır. 

Ermənistan nə qədər əhəmiyyətini itirsə də, Kreml bu ölkənin də Qərbin nəzarəti altına keçməsinə razı olmayacaq. Kremldəkilərə görə, Ermənistan Rusiyanın Cənubi Qafqazda son qalasıdır. Ermənistan əldən çıxarsa, bu, Rusiyanın Cənubi Qafqazı itirmək anlamına gələcək. 

-Sizcə, Ermənistanın əldən çıxacağı təqdirdə Moskva regionda Azərbaycanı özünün müttəfiqi kimi görəcək? Görəsən, Azərbaycanın buna cavabı nə olacaq?

-Rusiya qonşu dövlətdir və Azərbaycanla qonşu olmaqda maraqlıdır. Rusiya nüvə silahına malik olan dünyanın ən böyük ölkəsidir. Həmçinin Rusiya çox böyük potensial təhlükədir. Ona görə də Azərbaycan hər zaman Rusiya ilə normal münasibətlər qurmağa çalışıb.  Müttəfiqliyə gəlincə, hesab edirəm ki, Azərbaycanın yeganə hərbi-strateji müttəfiqi Türkiyədir. Strateji təhlükəsizlik məsələsində Azərbaycan Türkiyə ilə müttəfiqliyi möhkəmləndirmək, eləcə də türk dünyasına inteqrasiyanı təmin etmək daha önəmlidir . Azərbaycan çox doğru siyasi xətti tutub.

Qərbə və Rusiyaya istiqamət götürməklə hansısa güc mərkəzini özünə qarşı qoymaqdansa, eyni milli kimliyi daşıyan ölkələrdən ibarət böyük bir ittifaqın yaradılması daha məntiqli görünür. Bu baxımdan, Türk Dünyası konsepsiyasının baş tutması Avrasiyada türk ölkələrinin imkanlarını daha da artıracaq. Bütün sahələr, xüsusilə hərbi-təhlükəsizlik sahəsi üzrə türkdilli ölkələr arasında vahid və güclü sistemin yaradılması, yəni türk ölkələrinin bir çətir altında fəaliyyət göstərməsi yaxın gələcəkdə Türk Dövlətləri Təşkilatını qlobal dünyada geosiyasi prosesləri koordinasiya edəcək güc mərkəzinə çevirəcək. Buna görə də Azərbaycanın strateji müttəfiqləri Türkiyə və digər türk ölkələridir. 

Sözsüz ki, Azərbaycanın Rusiya və Avroatlantik məkanla münasibətləri qarşılıqlı maraqlarının təminatı çərçivəsində davam edəcək. Amma Azərbaycanın əsas və prinsipal hədəfi vahid türk dünyası konsepsiyasını reallaşdırmaqdır. 

- İrəvanın Fransa ilə hərbi-təhlükəsizlik sahəsində münasibətləri gücləndirməsi Kremldə ciddi narahatlıq yaradıb. Amma maraqlıdır ki, Rusiyanın siyasi və strateji müttəfiqi Tehran İrəvanın son davranışlarına səssiz qalır. Bildiyimiz kimi, Rusiya və İran Yaxın Şərqdə Qərbə qarşı birgə cəbhə yaradıb. Hər ikisi Cənubi Qafqazda da bu istiqamətdə addım atmağa hazır olduğunu bəyan edib. Lakin Tehran Ermənistanın NATO-nun ən güclü üzv ölkələrdən biri olan Fransa ilə yaxınlaşmasına səssiz qalır. Hesab etmək olarmı ki, Tehran regionda öz maraqlarını təmin etməkdən ötrü Fransa ilə Ermənistanda gizli şəkildə əməkdaşlıq etmək istəyir?

-Bəli, bu, inandırıcı görünür. Bir çoxları Fransanı Avroatlantik məkanının sadiq ölkəsi kimi qələmə verməklə böyük səhv edirlər. Digər Qərb ölkələrindən fərqli olaraq Fransa hər zaman İranla münasibətləri normal saxlayıb.

Doğrudur, rəsmi Paris İranla bağlı üzdə bir siyasət yürüdür, arxa səhnədə isə başqa bir siyasət. Amma unutmayaq ki, İranda mövcud siyasi sistemi yaradan məhz Fransa olub. Ola bilər ki, yaxın gələcəkdə Paris Tehranı Rusiyaya qarşı da qoymağa çalışacaq. 

Tehran Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılma prosesini diqqətlə izləyir. Bu prosesin intensivləşəcəyi təqdirdə Tehran məmnuniyyətlə Ermənistanda möhkəmlənməyə çalışacaq. Xüsusilə qeyd edim ki, son zamanlar həm İran, həm Ermənistan mətbuatında dərc olunan məlumatlarda qeyd olunur ki, dövlət rəsmiləri arasında ikitərəfli hərbi əməkdaşlığın inkişafı ilə bağlı məsələlər müzakirə olunmaqdadır. Doğrudur, Tehran hələ bu istiqamətdə siyasətini büruzə vermir, amma bunu reallaşdırmaq niyyətindədir. 

ABŞ və Avropa İttifaqı Ermənistanın hərbi cəhətdən İranla yaxınlaşmasının əlehinədir. Amma Fransa onlardan fərqli olaraq tam başqa mövqe yürüdür. Bu səbəbdən Fransa və İranın Ermənistanda gizli əməkdaşlığı mümkün görünür.

Bu yaxınlarda Fransa və Ermənistanın müdafiə nazirləri arasında imzalanan hərbi əməkdaşlıq anlaşmasına görə, Fransa Ermənistanı müasir müdafiə və hücum xarakterli silah-sursatla silahlandıracaq. Lakin ortaya bir sual çıxır. Görəsən, rəsmi Paris hansı ölkənin ərazisi üzərindən Ermənistana bu silahları daşıyacaq? Bəllidir ki, hərbi ləvazimatların Qara dəniz üzərindən daşınmasına Türkiyə imkan verməyəcək. Gürcüstan üzərindən də daşınması mümkün görünmür. Çünki rəsmi Tiflis vaxtilə belə bir səhv edib və Azərbaycan bunun təkrarlanmaması üçün Gürcüstan rəhbərliyinə xəbərdarlıq edib. Belə bir vəziyyətdə Gürcüstan Azərbaycanı narazı salacaq addım atmaz. 

Fransanın istehsal etdiyi silah-sursat və hərbi ləvazimatlar yalnız İran üzərindən Ermənistana daşına bilər. Tehranın buna imkan verməsi mümkün görünür. Tehranın Ermənistanın Fransa ilə yaxınlaşmasına səssiz qalması bu səbəbdən irəli gəlir. 

Yunis Abdullayev 
“Cebhe.info”