Emin Hüseynov: "Ağdam, Füzuli və Xocavəndin 40 %-i minalardan təmizlənib"

Emin Hüseynov: "Ağdam, Füzuli və Xocavəndin 40 %-i minalardan təmizlənib"

Hazırda Ağdam, Füzuli və Xocavənd rayonlarında minalardan təmizlənmiş sahə orta hesabla 40% təşkil edir.

"Report"un Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynov aprelin 17-də Şuşada keçirilən “Postmünaqişə dövründə mədəni irsin qorunması və dirçəldilməsi” mövzusunda I İslam Dünyası Mədəniyyət Forumunda deyib.

Onun sözlərinə görə, Ağdam rayonunda bu təmizlənmə təxminən 50 faiz, Füzuli rayonunda 60 faiz təşkil edir:

"Xocavənddə isə ərazinin yalnız kiçik bir hissəsi minalardan təmizlənib. Ancaq təmizlənmə mərhələsi tarixi və mədəni obyektlərimizin yerləşdiyi Xocavəndə də gəlib çatacaq".

E.Hüseynov bildirib ki, Ağdam, Füzuli və Xocavənddə mədəni və tarixi abidələrin bərpası və dirçəldilməsi işləri aparılır: 

"Bu ərazilərdə yenidənqurma prosesi baxımından beş mərhələli prosesi izləyirik. Əvvəlcə hər şey baş plan və layihələndirmə ilə başlayır. Biz bütün əsas mərkəzlər üçün baş planlar hazırlamışıq".

"Cebheinfo.az"