Tələbələrə nəqliyyatda güzəşt ediləcək?

Tələbələrə nəqliyyatda güzəşt ediləcək?

Bir çox ölkələrdə tələbələr üçün vahid kart sistemi mövcuddur.

Tələbələr bu kart sayəsində ictimai nəqliyyat da daxil olmaqla, bir sıra xidmət sahələrindən ya pulsuz, ya da güzəştlə istifadə edə bilirlər. Məsələn, Türkiyədə həm öz vətəndaşları, həm xarici tələbələr üçün bələdiyyələr tərəfindən kartlar verilir və bir sıra güzəştlər nəzərdə tutulur. Ölkəmizdə də tələbələr üçün vahid kart yaradılması müzakirə olunur. Vahid kart tələbələr üçün xüsusi imtiyazlar da yaradacaq. 

Belə ki, ötən günlərdə Davamlı İnkişaf Mərkəzində Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə “VISA” beynəlxalq ödəmə texnologiyaları şirkəti tərəfindən ali təhsil müəssisələrinin rəhbər heyəti üçün universitetlərdə vahid tələbə kartının yaradılması layihəsinin təqdimatı keçirilib.  

Fonddan bildirilib ki, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov cari ilin martında Bakıda keçirilən “Visa Cashless Forum 2024 - Rəqəmsal Azərbaycan” tədbirində “VISA” ilə əməkdaşlıq razılaşması imzalandığını deyib. O, bu əməkdaşlığın məqsədinin ölkə üzrə ali təhsil müəssisələrinin təhsilalanlarının sosial-maddi rifahının yaxşılaşdırılması istiqamətində bir sıra layihələrin həyata keçirilməsi olduğunu bildirib. “VISA”nın Azərbaycan üzrə regional meneceri Nurlan Hacıyev şirkətin Azərbaycandakı fəaliyyətlərindən danışıb. O, mart ayında rəsmi olaraq Fondla əməkdaşlıqlarını elan etdiklərini və bundan sonra maraqlı layihələr həyata keçirəcəklərini deyib. Daha sonra “VISA”nın Rəqəmsal təcrübə və təhsil fəaliyyətləri üzrə meneceri Anton Kuçma təqdimatla çıxış edib. O, tələbələr arasında aparılan araşdırmanın nəticələrini tədbir iştirakçıları ilə bölüşüb. 

Anton Kuçma yeni yaradılacaq tələbə kartlarının təhsilalanların dərsdənkənar fəaliyyətləri zamanı faydalana biləcəyi xüsusi imtiyazlara sahib olacağını qeyd edib. 

Maraqlıdır, tələbələrə ictimai nəqliyyatda da güzəştlər ola bilərmi? 

"Cebhe.info"-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib ki, Təhsilin İnkişaf Fondu yarandığı gündən bu günə qədər bir sıra təhsil layihələrini dəstəkləyib: 

"Xüsusən, qızların təhsil məsələsinə, onların maliyyələşdirilməsinə, həmçinin, ali təhsil müəssisələrində təhsil alan tələbələrin xarici dil ilə bağlı bilgilərinin artırılmasına, burada texnofestlərin keçirilməsinə dair böyük işləri olub. Viza beynəlxalq ödəmə texnologiyaları ilə bərabər, tələbələrə kartların verilməsi olduqca müsbət haldır. Bu, dünyanın inkişaf etmiş ölkələrində olan təcrübədir. Bu, tələbələrə həmçinin vahid kart istifadə etmək imkanı verəcək". 

Onun sözlərinə görə, ictimai nəqliyyatda, dükanlarda və bütün sahələrdə bu kartlardan istifadə ediləcək: 

"Bu kart tələbələr üçün xüsusi endirimlərin edilməsinə imkan verəcək. Vahid kartdan istifadə tələbələrin bütün xidmət sahələrində endirimdən istifadəsinə gətirib çıxaracaq. Bu təcrübədən yararlanmaq çox müsbət addımdır. Həmçinin bu, 190 minə yaxın tələbə arasında vahid platformadan istifadəyə şərait yaranacaq". 

Naibə 
"Cebhe.info"