Universitetdən sonra iş tapmaq problemi: “Körpülərin altında drel, “svarka” aparatı ilə duran müəllimlər...”

Ali məktəb məzunlarının işlə təminatı ilə bağlı problem son illər daha da artır.
Reallıqdır ki, ali təhsil müəssisələrinin məzunlarının əksəriyyəti iş tapmaqda çətinliklə üzləşir, gənc kadrların çox az bir qismi isə öz ixtisasına uyğun işlə təmin oluna bilir. Yəni bu gün məzunların işlə təminatında bitirdiyi ali təhsil ocağının heç bir rolu yoxdur. Məhz bunun nəticəsidir ki, gənclərin bir çoxu nəinki ixtisasına uyğun iş tapa bilmir, hətta tamamilə başqa bir sahədə çalışdığına görə diplom demək olar ki, onun üçün heç bir əhəmiyyət daşımır.
Bugünlərdə elm və təhsil naziri Emin Əmrullayev çıxışında bildirib ki, təhsil sahəsində məzun olub işə qəbul olma faizi 50 -dən bir az yuxarıdır:
“Təbii ki, yeni məzun olan gəncin iş tapması bir qədər zaman alır".
Nazirin sözlərinə görə, ən böyük ehtiyaclardan biri tələbələrin təhsil aldığı müddətdə aidiyyəti təcrübə proqramlarına cəlb olunmasıdır:
"Hər bir universitetin özünəməxsus işəgötürənlərlə iş strategiyası olmalıdır. Böyük ehtimal daha çox insan əmək bazarına daxil olur. Özəl və ya dövlət sektorunda işə götürənlərlə ali təhsil müəssisələri arasında tələbə təcrübə proqramlarının sayını bugünkündən dəfələrlə artırmağa ehtiyac var”.
Nazir deyib ki, tələbələrin iş axtarması sanki qaranlıq otaqda qara pişik axtarmağa bənzəyir:
"Çünki bilmirlər harada nəyi axtarırlar. Bu mənada işəgötürənlər həmin karyera mərkəzləri ilə daha yaxından işləsələr, biz də Elm və Təhsil Nazirliyi olaraq ona hər cür şərait yaratmağa hazırıq”.
Görünən odur ki, bu gün ali məktəb məzunlarının işsiz olduğunu ETN-də görür. Ancaq işsizlik problemindən çıxış yolu kimi konkret təkliflər hələ də yoxdur.
Bu istiqamətdə ETN-in universtetlərlə işbirliyinin olması, o cümlədən təyinat sisteminin tətbiqi mövcud bu problemi aradan qaldırıla bilər?
Təhsil üzrə ekspert Nadir İsrafilov Cebhe.info-ya bildirdi ki, işsizlik bazar iqtisadiyyatı ilə bağlı olan məsələdir və belə fikirlər də var ki, bazar iqtisadiyyatının bir sıra qanunlarını, prinsiplərini elmə, təhsilə şamil etmək doğru deyil:
“Yəni özünü doğrultmur. Burada ilk olaraq prinsip götürülüb ki, ali təhsil hamı üçün əlçatan olmalıdır. Biz ali təhsillilərin sayına görə dünyanın aparıcı ölkələri ilə rəqabət aparırıq. Bu yaxşıdır, ancaq o demək deyil ki, universitetlərin planını doldurmaq xatirinə 150-200 balla qəbul həyata keçirib “ali təhsilli işsizlər ordusu” yaradaq. Söhbət yalnız bakalavr pilləsindən getmir, burada magistrlər də var. Onlar 4 ildən əlavə 2 il də oxuyub və iş tapa bilmirlər. İş tapmaq indi 50 faiz təşkil edirsə, gələcəkdə bu rəqəm 40-30 faizə enə bilər. Bu sahədə nə isə edilməlidir. İndi belə bir tendensiya var ki, adətən problemləri qaldırırıq. Ancaq problemi qaldırmaq işin bir tərəfidir və bu problemin üstünə getmək lazımdır”.
Çıxış yolu nədir? Ekspert mövcud problemdən çıxış yolu kimi deyir ki, sovet dövründəki tələb-təklif prinsipini xatırladıb:
“Hansı ixtisas üzrə bizə kadr lazım idisə, proqnozlaşdırılırdı və bu istiqamətdə də ali məktəblər kadr hazırlayırdı. Sovet dönəmində tələb-təklifə uyğun kadrlar təyinatla yerlərə göndərilirdi. Hansısa ali məktəbi bitirən şəxsin işsiz qalması qeyri-mümkün idi. Belə hallara təsadüf olunmurdu. Çünki təhsil prioritet sahə sayılırdı. Hər kəs öz vətəndaşlıq borcunu yerinə yetirib təyinat yerində 5 il müddətinə çalışırdı. Ailə vəziyyəti ilə bağlı istisnalar olurdu ki, onlara “azad təyinat” verirdilər. Bu azad təyinat əsasında növbə tətbiq olunurdu və növbəsi çatanda işlə təmin olunurdu. İndi təyinat məsələsi yoxdur. Universitetlər konveyer kimi kadrlar buraxırlar.
Əsas odur ki, onların planı dolsun. Bu gün gedib körpülərin altına baxırsan, hərənin əlində bir drel, svarka aparatı durublar, soruşanda deyir ki, müəlliməm. Ona görə də bu problemin həlli ilə bağlı nəsə etmək lazımdır. Bu gün təkcə müəllimlərin sayı tələbatdan 3 dəfədən çoxdur. Biz kurs götürmüşük ki, yetişməkdə olan gənc nəsli də yerləşdirmək lazımdır. Ona görə də savadlı, təcrübəli, yaşlı müəllimləri 65 yaşı çatan kimi təqaüdə göndəririk ki, gəncləri yerləşdirək. Bu da düzgün mövqe deyil. Neçə ilin təcrübəli müəllimini işdən çıxarasan ki, təcrübəsiz gənc keçid balını toplayıb. Keçid balını toplamaq, peşəkar müəllim olmaq deməkdir? Ona görə də mən burada perspektiv görmürəm. Əksinə, bu məsələ ildən-ilə daha da kəskinləşəcək və işsizlərin sayı daha da artacaq. Ona görə konkret radikal tədbir həyata keçirilməlidir”.
Ekspertin sözlərinə görə, bu tədbir də o halda baş verə bilər ki, tələb-təklif əsasında ali məktəblərə qəbul həyata keçirilsin:
“Hansısa ali məktəbin planını doldurmaq yox, təhlil aparmalıyıq. Məsələn, bizim neçə ali məktəbin pedoqoji sahədə kadr hazırladığına diqqət yetirməliyik. Müstəqilliyin ilk illərində bir qədər boşluq oldu və 70-ə qədər ali məktəb yaradıldı. Təkcə 30 universitet müəllim hazırlığı ilə məşğul oldu. Hətta maddi-texniki bazası, lazımi pedoqoji kadrı olmadan müəllim “istehsal etməyə” başladılar. İndi biz sertifikasiya keçirib deyirik ki, müəllim “şaftalı” sözünü yaza, yaxud kvadratın sahəsini hesablaya bilmir. Bir vaxtlar Bakıda Müəllimləri Təkmilləşdirmə İnstitutu vardı. Sonralar bu Təkmilləşdirmə İnstitutu da müəllimləri təkmilləşdirmək əvəzinə, Müəllimlər İnstitutu oldu ki, onun da 12 filialı yarandı. Bu filiallar da nəzarətdən kənarda qaldı. Sonra da korrupsiya və s. amillərlə bağlı həmin filiallar bağlandı. İndi “şaftalı” sözünü bilməyənlər onların buraxdığı kadrlardır. Nazir də bunları dilə gətirib.
Ona görə də bu kimi məsələlərə son qoyulmalıdır. Müəyyən təhlil aparılmalıdır, bizim nə qədər pedoqoji kadrımız var, nə qədər lazımdır. Buna uyğun olaraq tələb-təklif prinsipi həyata keçirilməlidir. Tələbata uyğun kadr istehsal olunmalıdır. Həmin kadrlarla bağlı təyinat məsələsi həyata keçirilməlidir. Bu məsələ müzakirəyə çıxarılmalıdır. Məsələn, bu sertifikasiyadan nə qədər müəllim peşəyə yararsız hesab edilib? Nazir də bildirib ki, biz müəllimləri işdən azad etməyəcəyik, ancaq dərs də verməyəcəyik. Əgər 3 minə qədər ibtidai sinif müəlliminə dərs verilməyəcəksə, harada yerləşdiriləcəklər? Hesab edirəm ki, biz daha ciddi problemlərlə üzləşə bilərik. Ona görə də universitetlərin plan doldurması hesabına yox, tələb-təklif prinsipi əsasında, tələbata uyğun plan yerlərinin müəyyənləşdirilməsi, təyinatla müəllimlərin işə göndərilməsi həyata keçirilməlidir. Yəni ildən-ilə işsizlər ordusunun sayını artırmaqla heç nəyə nail olmarıq”.
Nigar Abdullayeva
Cebhe.info