Valideyn narazıdır: “Uşaq indi 1 il gözləməlidir ki, təkrar qeydiyyata düşsün?”

Valideyn narazıdır: “Uşaq indi 1 il gözləməlidir ki, təkrar qeydiyyata düşsün?”

Bu gün valideynlərin qarşılaşdığı əsas problemlərdən biri övladlarının yaşadıqları ərazidə məktəbə yerləşdirilməsi ilə bağlıdır. 

Belə ki, məktəblərin sayının azlığı ilə bağlı valideynlər uşaqlarını yaşadıqları ərazidə yerləşən məktəbə deyil, digər rayon ərazisində fəaliyyət göstərən məktəbə yerləşdirməli olurlar. Bu isə həm şagirdlər, həm də valideynlər üçün çətinliklər yaradır. Valideynlər isə bu sahədə yaranmış problemlərin həlli yollarından biri kimi yerdəyişmə sisteminə üstünlük verirlər.

Ancaq yerdəyişmə ilə bağlı da problemə üzləşən valideynlər var. Cebhe.info-ya müraciət edən valideynlərdən biri, Ehtiram Mehtiyev qızı Fəcra Mehtizadənin məktəbəhazırlıq qrupunda yerdəyişmə ilə bağlı problem yaşadığını deyir: 

“Qızım Fəcra Mehtizadənin 5 yaşı var və sentyabr ayında məktəbəqədər hazırlıqla bağlı müraciət əsasında Qubadlı rayonu Qaralar kənd orta məktəbində qeydiyyata alınıb. Yaşadığımız ünvan Bakı şəhəri Sabunçu rayonu 90 nömrəli məktəbə yaxın olduğu üçün biz yerdəyişmə etmək istədik. Məktəbin direktor müavini bizə bildirdi ki, yerdəyişmə etmək üçün artıq gecdir, qeydiyyata saldığınız məktəbdən çıxarıb buraya gətirmək üçün gərək ərizə yazasınız. 

Biz də təhsil şöbəsinə prosedur qaydaya uyğun olaraq ərizə yazıb bildirdik ki,  övladımızı digər məktəbdə məktəbəhazırlıq qrupuna qeydiyyata alınmasını istəyirik. Ancaq bu yaxınlarda məktəbə müraciət etdim və bildirdilər ki, artıq yerdəyişmə bitib. Hazırda da qızım qeydiyyatda olduğu məktəbə gedirdi və bu gün mənə zəng ediblər ki, uşaq burada qeydiyyatdan çıxarılıb. Mən təkrar 90 nömrəli məktəbə müraciət etdim ki, belə bir vəziyyət yaranıb. Məktəbdən bildirdilər ki, burada qeydiyyat dayanıb.

Qeydiyyat da bu il olmayacaq, gələn ilə qaldı. Bəs bu uşağın təhsili necə olacaq? Mən 2-3 gün ərzində Elm və Təhsil Nazirliyinə dəfələrlə zəng etsəm də, cavab verilməyib. “Qaynar xətt” isə aktiv deyil. Bu gün Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə əlaqə saxladım. Oradan bildirdilər ki, Qaralar kənd orta məktəbinə baxmırıq, həmin məktəb başqa regiona daxildir. Niyə vətəndaşların müraciətlərinə etinasız yanaşırlar, başa düşmürəm. Ən azından alternativ yol göstərməlidirlər. Uşaq indi 1 il gözləməlidir ki, təkrar qeydiyyata düşsün? Uşaq da da istedadlıdır, 5 yaşı olmasına baxmayaraq ingilis dilində səlis danışa bilir. Hətta bildirmişəm ki, istənilən liseydə bu uşağı asanlıqla qəbul edərlər.

Sadəcə yaşadığımız yerə yaxın olduğu üçün mən bu məktəbdə təhsil almasını istəyirəm. İldə bir dəfə qeydiyyat açırlar, tələsik qeydiyyata alırlar. Bəlkə bir vətəndaş xaricdədir, yaxud uşağı xəstədir. Bununla bağlı istisna hal olmalıdır. Dünyada təhsilə yüksək diqqət yetirilir. Avropa ölkələrinin sərmayə ayırdığı sahələrdən biri təhsildir. Bizə isə məktəbəqədər hazırlıq bir problemə çevrilib. Bu sahədə qeydiyyatla bağlı alternativ bir variant olmalıdır. Mənim yaşadığım ərazidə 2-3 məktəb olduğu halda niyə övladımı kənardakı məktəbə yerləşdirməliyəm?”

Qeyd edək ki, avqustun 9-da saat 11:00-dan 2023-2024-cü tədris ili üzrə məktəbəhazırlıq qruplarına qəbul üçün qeydiyyata start verilib və 14 sentyabr saat 18:00-da yekunlaşıb. Elm və Təhsil Nazirliyinin məlumatına görə, 23 oktyabr saat 15:00-dan 2-11-ci sinif şagirdlərinin elektron yerdəyişməsi prosesinə start veriləcək.

Şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçiriləcək. Eyni zamanda müxtəlif səbəblərdən 10-cu siniflərə qeydiyyat üçün gecikən şagirdlər 23 – 31 oktyabr tarixləri arasında ümumi təhsil müəssisələrinə qəbul üçün müraciət edə bilərlər. 10-cu siniflərə şagirdlərin qəbulu da şagird yerdəyişməsi elektron sistemi (www.sy.edu.az) vasitəsilə aparılacaq. 

Məktəbəhazırlıq qrupları və 1-ci siniflərin yerdəyişməsinə başlanılacağı tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək. 

Nigar Abdullayeva 
Cebhe.info