Fransa-Ermənistan tandeminin fiaskosu:Azərbaycan bu dəfə də qalibdir

Fransa-Ermənistan tandeminin fiaskosu:Azərbaycan bu dəfə də qalibdir

Fransa BMT Təhlükəsizlik Şurasında qaldırdığı Laçın-Xankəndi yolundakı vəziyyətilə bağlı Qətnamə qəbulu prosesini dayandırdığını bəyan edib.

Qeyd edək ki, 2022-ci ilin sentybar hadisələrindən sonra Ermənistanın müraciəti əsasında BMT TŞ-nın gündəliyində “Ermənistanın BMT yanında Daimi nümayəndəsinin məktubu” adlı bənd daxil edilmişdi. Müzakirələrindən dərhal sonra Fransa BMT TŞ-nın daimi üzvü və hazırda TŞ-nın sədri kimi Laçın-Xankəndi yolundakı vəziyyəti humanitar fəlakət kimi təqdim edən ermənipərəst mətn hazırlanmışdı.

Prosesi bilavasitə Fransa Prezident Administrasiyası və Makronun xarici siyasət məsələləri üzrə müşavirləri aparırdı. Fransa BMT TŞ-nə ermənipərəst Bəyanatı çıxarmaqla daha sonra onu Qətnamə kimi qəbul etdirmək niyyəti güdürdü. BMT TŞ-nın sədri olan Fransa bu 10 gün ərzində Laçın yolundakı vəziyyətlə bağlı bəyanatı keçirə bilmədi.

Azərbaycanın ciddi diplomatik səyləri ilə Bəyanatdan əvvəlcə “Dağlıq Qarabağ” sözü çıxarılıb. Daha sonra sənəddə qeyd edilib ki, humanitar yardım yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət əsasında mümkün ola bilər. Rəsmi Bakı öz tərəfdaşlarının köməyi ilə Bəyanatın mətnini o qədər yumşalda bilib ki, 6-7 redaksiya dəyişikliyindən sonra sənəd Azərbaycanpərəst Bəyanata çevrilib. Bundan sonra rəsmi Paris sənəddən ümumiyyətlə imtina edib. Fransa rəsmən məktubla müraciət edərək prosesi dayandırdığını bəyan edib. Böyük Britaniya, BƏƏ, Rusiya və Albaniya Fransanın təşəbbüsünün əleyhinə çıxıb. Fransa bu cəhdin iflasa uğramasından o qədər qəzəblənib ki, BMT-dəki daimi nümayəndəsini geri çağrımaq istəyir.

Bu hadisə Ermənistan-Fransa siyasi tandeminin Azərbaycana qarşı mübarizədə fiaskosu hesab edilir.

Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə Cebhe.info-ya açıqlamasında bildirib ki, Fransa BMT-də nüfuzunu itirəcəyini görüb bəyanatdan imtina edib.

"Fransa BMT-də Azərbaycan əleyinə qətnamənin qəbul olunmasına çalışsa da, bu, üzv dövlətlər tərəfindən bəyannamə kimi qarşılandı. Qətnamə layihəsinin hazırlanmasında Fransa diplomatlarının və Prezident Makronun xüsusi rolu var. Amma Fransa bu sənədi geri götürdü. Bu, Azərbaycanın diplomatik qələbəsidir. Cənubi Qafqazda yeni geosiyasi reaallıq formalaşıb. Azərbaycan bu reallığı diqtə edir. Bu prosesdə Azərbaycan Türkiyə ilə koordinasiyalı şəkildə çalışır. ümumiyyətlə, Ermənistana belə reveransların edilməsi Fransanı çətin vəziyyətə salır. Ermənistanın yeganə çıxış yolu Azərbaycanla və Türkiyə ilə əlaqələri normallaşdırmaqdır. Bunu Fransa da başa düşüb. Görünür, Azərbaycan və Türkiyə diplomatiyası Fransa ilə danışıqlar aparıb və qətnamənin BMT Təhlükəsizlik Şurasında qəbul olunmayacağına rəsmi Parisi inandıra bilib”.

O bildirib ki, ən azı Türkiyə və Böyük Britaniya bu sənədə veto qoyacaqdı:

“ABŞ da veto hüququndan istifadə edə bilər. Çox güman ki, Fransa öz nüfuzuna böyük zərbə dəyəcəyini görüb geri çəkildi. Fransa Azərbaycanla əlaqələrini erməni lobbisinin maraqlarına qurban verdi. Fransanın bu təşəbbüsləri Ermənistanı iqtisadi blokadada saxlayır. Hətta bu qətnamə qəbul edilsə belə, Azərbaycana təsiri ola bilməzdi. Fransa vasitəçilik etmək istəyirsə, sülhə dəstək verməlidir. Əgər rəsmi Paris geri çəkilibsə, deməli, Azərbaycanla münasibətlərinə korrektələr etməli olacaq".

Müşfiq Abdulla
Cebhe.info