İran Qarabağa SEPAH terrorçularını göndərib: “Rusiya indi də Tehranı qabağa buraxıb...”

İran Qarabağa SEPAH terrorçularını göndərib: “Rusiya indi də Tehranı qabağa buraxıb...”

İran vətəndaşı olan 14 terrorçunun Qarabağa göndərilməsi ilə bağlı yeni təfərrüatlar meydana çıxmaqdadır. 

Artıq terror-diversiya qrupunun üzvlərinin kimliyi və fəaliyyət məqsədinin detalları müəyyənləşib. Qeyd edək ki, onlar noyabrın 24-ü günorta saat 13-14 radələrində eyni avtomobildə sülhməramlıların postunu keçərək Xankəndiyə gəliblər və hazırda oradadılar. İranlılar postu 34-QA-444 seriya nömrəli “Mersedes-Benz” avtomobili ilə keçib. 14 nəfərdən 12-si İranın cənub-qərbindəki İze şəhərindəndir.

Qeyd edək ki, İzenin daxil olduğu Xuzistan vilayətinin əhalisi arasında ermənilər çoxluq təşkil edir və burada əsas işlək dillər arasında erməni dili də var. Ancaq bu, terroçuların hamısının milliyətçə erməni olduğu anlamına gəlmir. Son məlumatlara görə, qrupun üzvləri bölgədə çoxluq təşkil edən lorlar, bəxtiyarilər tayfasından da ola bilər. 

Ümumiyyətlə, İran terroru maliyyələşdirən və dəstəkləyən ölkədir. Terror-diversiya qrupları vasitəsilə başqa ölkələrdə təxribatlar və münaqişələr törətmək İran rejimi xarici siyasətin həyata keçirlməsinin əsas vasitələrindən biridir. İran hakimiyyəti bu üsuldan Livan, İraq, Suriya, Yəmən, Fələstində daima istifadə edib, eyni zamanda, Səudiyyə Ərəbistanı və İsrailə qarşı terror aktları təşkil edib. 

Həmçinin, son 30 ildə İran Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına və Qarabağdakı separatçılara fəal dəstək verib. 14 nəfərlik terror-diversiya qrupunun Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasına göndərilməsi də həmin siyasətin davamıdır. Bu, İranın Azərbaycana qarşı növbəti təxribat planları hazırlamasından xəbər verir. 

Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan Cebhe.info-ya açıqlamasında bildirib ki, İze şəhərində daha çox lor milliyyətinə mənsub əhali yaşayır. İze şəhərinin əhalisi isə romanlaşdırlıb: 

“Yəni şəhərdə qaraçılar sayca çoxluq təşkil edir. Qaraçılarla ermənilərin etnik baxımdan qohumluq əlaqəsinin olduğunu deyə bilmərəm. Amma həmin ərazidən Azərbaycan ərazisinə təlimatçıların göndərildiyi barədə məlumat var. İzedə İran xüsusi təyinatlı qüvvələrinin hərbi bazasının yerləşdiyinə dair məlumatlar da var. Bütün hallarda İranda xüsusi təyinatlarlılar Yəməndə husi qiyamçılarına, İraqda “Həşti-Şəəbi” adlanan 70 minlik şiələrdən ibarət ordu birləşməsinə, Livanda “Hizbullah”çılara və ya Suriyada Bəşər Əsədin dəstələrinə təlim keçir. Üstəlik, İran İslam İnqilabı Keşikçiləri Qvardiyası ABŞ-ın terrorçu təşkilat elan etdiyi hərbi birləşmədir. İranda təlimçilərin ən çox SEPAH-ı təmsil etdyini nəzərə alsaq, onların hamısı terrorçudur. Ona görə də həmin xüsusi təyinatlıların Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı birləşmələrinə təlim keçdiyini demək mümkündür. İran əvvəllər də işğalçı Ermənistana müxtəlif şəkildə dəstək verib. 

Məsələn, bu yaxınlarda xəbər yayıldı ki, ASALA terror təşkilatının keçmiş rəhbəri Monte Melkonyanla İran hakimiyyətinin əlaqələri üzə çıxıb. O, İran əslilli olub, Məhəmmədrza Şaha qarşı mübarizədə, Livandakı vətəndaş müharibəsində iştirak edib. Sonra Azərbaycan qarşı işğalçılıq müharibəsinə qoşulan Melkonyan Kəlbəcərin işğalı əməliyyatına rəhbərlik edib. Nəhayət, Monte Melkonyan 1993-cü ildə Ağdam rayonu ərazisində Azərbaycan Ordusu tərəfindən məhv edilib. Məlum olub ki, ASALA təmsilçisinin İran xüsusi xidmət orqanlarının nümayəndələri ilə görüşü keçirilib. Bu fakt sübut edir ki, İran hakimiyyət orqanları ASALA terrorçusu ilə əməkdaşlıq edib. Deməli, İran tərəfi Azərbaycan torpaqılarını işğal edən silahlı dəstələr və terror qruplaşmaları ilə təmasda olub. Hazırda Azərbaycan ərazisindəki Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarət zonasında qanunsuz erməni silahlı birləşmələri var. Onların bir hissəsi Ermənistan ordusunun qalıqlarıdır. Azərbaycan dövləti dəfələrlə bildirib ki, Ermənistan bununla 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanatın bəndlərini pozur”. 

Ekspert bildirib ki, silahlı birləşmələr saxlamaqla ermənilər Azərbaycana inteqrasiya oluna bilməz: 

“Əgər Azərbaycan mülki erməni əhalini qovmaq istəsə idi, müharibəni 44 günə yekunlaşdırmaz və davam etdirərdi. Lakin həmin ərazidəki qanunsuz erməni silahlı birləşmələri təlim keçirsə, bu, onların Azərbayacan qarşı istifadə olunacağını göstərir. Burada Rusiyanın deyil, İranın adının hallanması da diqqəti cəlb edir. Əvvəllər Rusiyanın qanunsuz erməni silahlı birləşmələrinə təlim keçdiyinə dair xəbər yayılmışdı. Azərbaycan da bu faktları Rusiyaya təqdim edərək xəbərdarlıq etdi. İndi Rusiya Azərbaycanla münasibətləri qoruyub saxlamaq üçün erməni silahlı birləşmələrinin təlimatlandırılmasında İranı qabağa buraxıb. Çünki İranın Azərbaycana qarşı kini, nifrəti artıb. Bu kin əvvəl də var idi. Ancaq son zamanlar Azərbaycan Prezidentinin ardıcıl verdiyi bəyanatlar İran hakimiyyətində siyasi qıcığa səbəb olub. 

İran Azərbaycan cəmiyyətinin Güney Azərbaycan türklərinin tapdanan haqlarını müdafiə etməsini, onlara qarşı həyata keçirilən milli-mədəni soyqırıma etrazını həzm edə bilmir. Bunu Azərbaycanın İranın daxili işlərinə qarışması adlandırır. Amma bunun qarşılığında İran Azərbaycan ərazisinə terror-diversiya qrupu göndərir. Məqsəd erməniləri silahlandırıb, onlara təlim keçib Azərbaycana qarşı pozuculuq fəaliyyəti həyata keçirməkdir. Yəni Tehran hakimiyyəti bu hərəkətini guya Azərbaycanın İranın daxili işlərinə qarışmasına cavab kimi göstərməyə çalışır. Amma Güney Azərbaycan türklərinin milli haqları təmin olunmayana qədər bu tələblər davam edəcək. Terror-diversiya qrupunun Azərbaycan ərazisinə göndərilməsi isə təxribatdır, pozuculuq fəaliyyətidir və İranın ölkəmizdə qarşıqlıq yaratmağa yönəltmiş məntiqsiz davranışıdır”. 

Həmsöhbətimiz qeyd edib ki, əgər həmin terrorçular və qanunsuz silahlı birləşmlər Azərbaycana qarşı silahlı təxribat törətsə, Azərbaycanın da antiterror əməliyyatı keçirib onları zərərsizləşdirmək hüququ var: 

“Çünki Azərbaycan ərazisinə keçən dəstə terror-diversiya qrupudur”. 

Sədrəddin Soltaın sözlərinə görə, İran Azərbaycanda sabitliyi pozmaq üçün həmişə pozuculuq fəaliyyəti törədib. Ona görə də Qarabağa göndərilən qrupun Azərbaycana qarşı terror aktları törətmək cəhdləri gözləniləndir. Bu isə İranın Azərbaycana qarşı daha təhlükəli planlarını işə saldığını göstərir: 

“İran əvvəllər Azərbaycana qarşı siyasi-ideoloji vasitələrdən istifadə etməklə mübarizə aparırdı. İndi isə İran terrorçuluq fəaliyyəti ilə məşğul olmağa başlayıb. Bu təxribatlar tikinti-quruculuq işlərinin aparıldığı, müxtəlif ölkələrin iqtisadi və kənd təsərrüfatı layihələrini həyata keçirdiyi bölgədə baş verir. Bununla da İran bu ərazini riskli bölgə kimi təqdim etməyə çalışır. Yəni İranın məqsədi həm də işğaldan azad edilmiş ərazilərə xarici investisiyaların axınının qarşısını almaq və Azərbaycana iqtisadi cəhətdən ziyan vurmaqdır”. 

Müşfiq Abdulla 
Cebhe.info