İranın Azərbaycan boyda "dərdi"

İranın Azərbaycan boyda "dərdi"

Azərbaycan ilk dəfə açıq şəkildə İran İslam Respublikasını terrorçu dövlət adlandırdı.

Xeyli vaxtdır İranın hərbi-siyasi və dini rəhbərliyinin Azərbaycana qarşı təhdid və təxribat xarakterli bəyanatlarına, molla rejiminin müxtəlif formalarda ölkəmizin ərazi bütövlüyünə və təhlükəsizliyinə qarşı təhdidlərinə, o cümlədən Ermənistanla can qardaşlığına şahidi oluruq.

Bununla yanaşı, İran İnqilab Keşikçiləri Korpusuna (SEPAH) yaxın sosial şəbəkələrdə və media qurumlarında Azərbaycanın siyasi müstəqilliyini təhdid edən videomaterialların yayılması artıq mütəmadi hala çevrilib.

Qeyd edək ki, son zamanlar İslam Respublikasının yüksək rütbəli hərbi rəsmiləri Azərbaycanın erməni işğalından azad edilən sərhəd ərazilərinin yaxınlığında yerləşən hərbi bazalara səfərlər edir və burada onların müşahidəsi altında döyüş hazırlığı ilə bağlı təlimlər həyata keçirilir. Eyni zamanda İranın Qərbi Azərbaycan əyalətinin Poldəşt şəhərində kifayət qədər silah-sursat və canlı qüvvə toplanılıb.İranın Azərbaycanla sərhəd ərazilərinə səfərdə olan İranın quru qoşunlarının komandanı, general Kiomart Heydəri hərbçilərin qarşısında çıxışı zamanı açıq şəkildə Azərbaycanı təhdid edib.

O, guya İsrail hərbçilərinin Azərbaycan ərazilərində fəaliyyət göstərdiklərini və İrana qarşı hücuma hazırlaşdıqlarını bildirib. Heç bir fakt, dəlil gətirməyən, əsassız ittihamlar irəli sürən molla rejimin ünsürü Heydəri Ermənistanın sərhəd ərazilərinin toxunulumazlığını İran üçün "qırmızı xətt" olduğunu bir daha təkrar edib. Hətta, özünü tərbiyəsiz küçə uşağı kimi aparan İran generalı Azərbaycanda İŞİD-çilərin olduğunu da iddia edib.

44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun erməni işğalçılarını darmadağın etməsini və qələbə çalmasını həzm edə bilməyən, uğurlarına qısqanclıqla yanaşan İranın siyasətçiləri, din xadimləri və hərbçiləri tez-tez belə gülünc, istehza doğuran ittihamlar səslədiriblər. Nə qədər ki, abrımıza sığınıb sussaq da, xoş münasibət göstərsək də, yenə də əxlaqsız siyasi hərəkətlərini və davranışlarını davam etdirirlər.

Səfirliyimizə məqsədyönlü şəkildə hücum təşkil etdilər, susduq. Sərhədlərimizin yaxınlığında təxribat xarakterli hərbi təlimlər həyata keçirdilər, susduq. Amma Heydərinin ölkəmizə qarşı yalan və iftira dolu bəyanatından sonra Azərbaycan rəhbərliyi artıq hərəkətə keçməyə qərara gəldi.Şükürlər olsun ki, Azərbaycan Müdafiə Nazirliyi təqdirəlayiq bəyanatı ilə özünü tərbiyəsiz küçə uşağı kimi aparan Kiomart Heydərinin layiqli cavabını verdi.

Nazirliyin bəyanatında İran generalının Azərbaycana qarşı ittihamlarının əsassız və haqsız olduğu bildirilib, ən əsası da İslam Respublikasının Ermənistanın müsəlman ölkənin ərazilərində 30 illik işğalına və təcavüzünə riyakar münasibəti kəskin tənqid edilib.

“Kiomart Heydəriyə xatırlatmaq istərdik ki, Ermənistan 30 il ərzində Azərbaycan ərazilərini işğal altında saxlamışdır. Bu hərbi təcavüz nəticəsində Azərbaycan-İran dövlət sərhədinin 137 kilometrlik hissəsi də işğal edilmişdi. Lakin, İran tərəfi bir dəfə də olsun Ermənistana münasibətdə ittihamedici açıqlama verməmişdir. Əksinə bu dövr ərzində İran-Ermənistan qardaşlığı daha da güclənmişdir. Bu gün də heç kimə sirr deyil ki, Ermənistanın dünyada iki əsas müttəfiqi varsa, onlardan biri Fransa, ikinci isə İrandır", - MN bəyan edib.

Ən maraqlası budur ki, Müdafiə Nazirliyinin bəyanatında açıq şəkildə İranın terrorçu dövlət adlandırılıb.

“Bu ittihamın məhz terrorizmi dəstəkləyən və adı dünyanın müxtəlif ölkələrində terror əməllərinin törədilməsində keçən dövlətin yüksək rütbəli hərbçisi tərəfindən irəli sürülməsi istehza və gülünc doğurur".

Bəyanatda İranın terrorçu və müxtəlif ölkələrdə terroru himayə edən dövlət kimi qələmə verilməsi çox düzgün və təqdirəlayiq addımdır. Bəli, İslam Respublikası, həqiqətən bir terror dövlətidir. İslam Respublikasının müxtəlif regionlarla bağlı xarici siyasətində bunu aydın görmək olar.

Son 20-30 il ərzində Livanda "Hizbullah", İraqda “Həşdi-Şabi” hərbi birləşmələri, Yəməndə husilər, o cümlədən Suriyada əfqan və pakistanlı şiələrdən ibarət “Fatimiyyun” və “Zeynebiyyun” silahlı dəstələri, habelə müxtəlif adlar altında fəaliyyət göstərən silahlı birləşmələr məhz İslam Respublikası tərəfindən himayə olunur.

Molla rejimindən ideoloji, maliyyə və hərbi dəstək alan bu terrorçu şəbəkələr Tehranın göstərişi ilə Yaxın Şərqdə terror aktları törədirlər, qanlı toqquşmalar və çaxnaşmalar yaradırlar. Vətəndaş müharibəsi nəticəsində İraq, Suriya və Yəmənin qan gölünə çevrilməsində İranın rolu danılmazdır. Yəməndə husilərə, İraqda “Həşdi-Şabi” silahlı dəstələrinə hərbi ləvazimatlar və silah-sursat ötürən məhz İrandır. Eyni zamanda İslam Respublikası, hətta Əfqanistan və Pakistanda da təhlükəsizliyə təhdiddir. Çünki bu iki ölkədə molla rejiminin dini-məzhəb və siyasi təbliğatını aparan kifayət qədər şəbəkələr fəaliyyət göstərir.

İslam Respublikası Azərbaycanı da bu siyahıda görmək istəyir. Azərbaycandan qaçıb İrana sığınan radikal dindarlardan ibarət “Hüseyniyyun” təşkilatının yaradılması bunu açıq sübut edir. Azərbaycanın özündə belə İran mollarının himayə etdiyi dini şəbəkələr var. Bu şəbəkələrin məramı ölkəmizin müstəqilliyinə və suverenliyinə təhlükə törətmək, ölkəmizdə İslam inqilabı ideyasını təbliğ etmək, məzhəb zəmində çaxnaşmalar və qanlı toqquşmalar törətmək, hüquqi və dünyəvi dövlət sistemini dəyişdirməkdir.

Azərbaycanın Yəmənin və Suriyanın gününə qalması İranın hərbi-siyasi və dini rəhbərliyinin hər zaman arzusunda olub. Hər zaman çalışıblar ki, Azərbaycanda özlərinə bağlı hərbi qruplaşmalar və silahlı dəstələr olsun. Amma bu arzu, baş tutan deyil.

Azərbaycan nə İraq, nə Suriya, nə də Yəməndir. Azərbaycanda çox möhkəm təhlükəsizlik sistemi formalaşıb, ölkənin milli təhlükəsizliyinə nəzarət edə bilən hüquq-mühafizə orqanları var, ölkənin ərazi bütövlüyünü qorumaq iqtidarında olan silahlı qüvvələr var, ən önəmlisi də xalq birliyi və həmrəyliyi var. İslam Respublikasının təhdidlərinə və təhlükələrinə qarşı Azərbaycan, nəinki Türkiyə və Pakistanla, hətta İsraillə də strateji tərəfdaşlığı gücləndirməyə hazırdır. Zərurət yaranarsa, Azərbaycan bu istiqamətdə də addım atacaq.

Onu da nəzərə almaq lazımdır ki, Azərbaycanın ərazi bütövlüyünə qarşı hər hansı hərbi təxribat İran üçün faciəli sonluqla bitər. Çünki Tehran qarşısında ilk növbədə Türkiyə və Pakistanı görəcək. Eyni zamanda İsrail, ABŞ və NATO-nun İrana hücum etməsi üçün fürsərt yaranacaq. Həmçinin Azərbaycana qarşı hücum İranda 10 milyonlarla yerli Azərbaycan türkünün üsyanına gətirib çıxara bilər.

Bir sözlə, əli xalqın qanına batmış, başqalarının taleyini zülmətə çevirən ölkə öz torpağının azadlığı, haqq və ədalət uğrunda mübarizə aparan ölkəyə qarşı əssasız və saxta ittihamlar irəli sürə bilməz.

İrandakı rejimin "qarnının ağrısı" təkcə Zəngəzur dəhlizi deyil, həmçinin Azərbaycanı İraqın və Suriyanın gününə çevirə bilməməsidir. Onların bu arzuları ürəklərində qalacaq.

Yunis Abdullayev
Cebhe.info