Müşahidə missiyasının pərdəarxası planı: Əsas hədəf Azərbaycan...

Müşahidə missiyasının pərdəarxası planı: Əsas hədəf Azərbaycan...

Avropa İttifaqı Ermənistandakı müşahidə missiyasını genişləndirə bilər.

Bu barədə Avropa İttifaqının yüksək çinli diplomatı Ermənistan mediasına açıqlamasında deyib.

Diplomat bildirib ki, sərhəddə müşahidəçilərin artırılmasını guya Azərbaycanın Respublikasından Ermənistanın suverenliyinə və ərazi bütövlüyünə təhdidlərə cavab məqsədi daşıması ilə izah edib.

Aİ-nın nümayəndəsinin sözlərinə görə, bu qurum Ermənistanın dayanıqlığını gücləndirməyi, o cümlədən təhlükəsizlik sahəsində ona dəstək göstərilməsni müzakirə edir.

Qeyd edək ki, noyabrın 11-də “Azadlıq” radiosunun Ermənistan xidməti də bununla bağlı başqa bir xəbər yayıb.

“Brüssel hazırda Ermənistanda Azərbaycanla sərhəddə müşahidə missiyasının genişləndirilməsi üzərində işləyir və bu təklifi çox yaxın vaxtlarda Ermənistan hakimiyyətinə təqdim edəcək”, - deyə həmin məlumatda bildirilir.

Xatırladaq ki, Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan 2024-cü il dövlət büdcəsi layihəsinin noyabrın 3-də parlamentdə keçirilən müzakirəsi zamanı Aİ-nin missiyasının statusunun müəyyənləşdirilməsində irəliləyiş qeydə alındığını deyib.

O bildirib ki, yaxın vaxtlarda Aİ müşahidəçilərinin toxunulmazlığı və imtiyazları haqqında saziş imzalanmalıdır. 

“Avropa İttifaqının müşahidə missiyasının gücləndirilməsi və genişləndirilməsi İrəvanın gündəliyindədir”, - deyə xarici işlər nazirinin müavini bildirib. 

2023-cü il yanvar ayının sonunda Avropa İttifaqı Ermənistanda mülki missiyanın yaradılmasını təsdiqləyib. Brüsselin fikrincə, bu, sərhəd bölgələrində sabitliyə, etimadın möhkəmlənməsinə və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına töhfə verəcək. 

Fevralın sonunda Aİ-nin 100 nəfərlik müşahidəçi qurupu Ermənistana gəlib. Missiya iki illik mandata malikdir. İndi isə Avropa ittifaqı Ermənistandakı müşahidə missiyasını genişləndirmək qərarına gəlib. Bu baxımdan, missiyanın mandatının da uzadılacağı istisna edilmir. 

Avropa İttifaqı isə bu addımını guya Azərbaycanın Ermənistana qarşı hücum təhlükəsinin olması ilə əsaslandırmağa çalışır. Brüssel iddia edir ki, Ermənistanın ərazi bütövlüyünə və suverenliyinə qarşı təhlükə yaranıb. Bu vəziyyətdə müşahidə missiyasının sayının artırılması Ermənistanın müdafiəsinə yönəlmiş dəstək məqsədi daşıyır. 

Halbuki, bu məlumatların heç biri rəsmən təsdiqini tapmayıb. Azərbaycan dəfələrlə Ermənistanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. Rəsmi Bakı sülh sazişinin imzalanması üçün Ermənistana 5 prinsipdən ibarət sülh sazişi layihəsi də təqdim edib.

Ancaq görünür, Nikol Paşinyan hakimiyyətinin Avropa İttifaqının mülki missiyasını Azərbaycanla sərhəddə gətirmək siyasəti Brüsselin siyasi maraqlarına cavab verir.

Avropa İttifaqında Azərbaycana yönəlik tənqidi ritorikanın artması Ermənistanın birmənalı şəkildə müdafiə edilməsi də bununla bağlıdır. Mülki Missiyanın mövcudluğu və sayının genişləndirilməsi Avropa İttifaqına Ermənistan üzərindən Cənubi Qafqazda geosiyasi mövqelərini möhkəmlətmək imkanı yaradır. 

Əslində, bu prosesdə əsas hədəf Azərbaycan deyil. Avropa İttifaqının Ermənistanda qeyd edilən fəaliyyəti Rusiyanın Cənubi Qafqazdan sıxışdırılmasına hesablanıb. Bu, ABŞ-ın da maraqlarına cavab verir. Ona görə də perspektivdə Ermənistan üzərindən Rusiya-Qərb qarşıdurmasının artacağı proqnozlaşdırılır. 

Bu vəziyyətdən faydalanmağa çalışan Fransa, ABŞ, İran da Rusiyanı regionda əvəz etmək iddiasını ortaya qoyur. 

Xarici işlər naziri Sergey Lavrov “Rusiya Ermənistandan yox olmayacaq” - deməklə Moskvanın Ermənistandakı mövqelərini qorumaq niyyəti ilə bağlı həm regional iddiaçı olmaq istəyən ölkələrə, həm də Nikol Paşinyan hakimiyyətinə mesajını çatdırıb.

Rəsmi İrəvan isə Rusiyanın moderatorluq etdiyi Müstəqil Dövlətlər Birliyi, Kollektiv Təhlükəsilik Müqaviləsi Təşkilatı, Avrasiya İqtisadi Birliyi kimi təşkilatlardan uzaqlaşmaqla Paşinyanın dediyi kimi “yumşaq uzaqlaşma” yolunu tutub. Yəni Paşinyan Avropa İttifaqının missiyasını Ermənistana cəlb etməklə, eyni zamanda Fransa, İtaliya, ABŞ-la hərbi əməkdaşlıq qurmaqla Rusiya ilə təhlükəsizlik sahəsində strateji müttəfiqliyə son qoymağı düşünür.

Rəsmi İrəvan hesab edir ki, Avropa İttifaqını Ermənistanın təhlükəsizlik sisteminin yeni təminatçısına çevirməklə Azərbaycana və Türkiyəyə qarşı daha güclü müttəfiq tapmış olar. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Ermənistandakı sərhədlərinə Avropa İttifaqı missiyasının yerləşdirilməsi də sözügedən məqsədə xidmət edir. Lakin Ermənistanın Rusiya ilə ikitərəfli hərbi müqavilələrdən çıxması heç də asan olmayacaq.

Xüsusilə də Nikol Paşinyan üçün 102 saylı Rusiya hərbi bazasının Ermənistandan çıxarılmasının prosedurları aydın deyil. Çünki müqaviləyə görə, Rusiya hərbi bazası yalnız 2044-cü ildə Ermənistan ərazisini tərk edə bilər. Əgər müqavilənin müddəti başa çatmağa 6 ay qalmış Ermənistan tərəfi hərbi bazanın çıxarılmasına dair Rusiyaya rəsmi məlumat verməsə, o halda sazişin vaxtı 5 il müddətinə uzadılır.

Bu baxımdan, Ermənistan 2044-cü ilə qədər gözləməlidir. Nikol Paşinyan hökuməti isə Avropa İttifaqının missiyasını regiona cəlb etməklə bu “kart”dan Azərbaycana qarşı təzyiq aləti kimi faydalanmağa çalışır.

Məqsəd Qərbin təzyiqi ilə 100 min erməninin Qarabağa köçürülməsinə nail olmaq, onların hüquqlarının və təhlükəsizliyinin təmin edilməsi adı altında Avropa missiyanın Azərbaycan ərazisinə yerləşdirilməsini həyata keçirmək və separatçı rejimi bərpa etməkdir. 

Bununla da Ermənistan Azərbaycana qarşı ərazi iddiasını yenidən ortaya qoymaq istəyir. Paşinyan Azərbaycanla sülh müqaviləsinin Qranada bəyanatında qəbul edilmiş üç prinsip əsasında imzalanmasını təklif etməklə Qarabağa olan ərazi iddiasını legitimləşdirmək niyyəti güdür.

Avropa İttifaqı, o cümlədən Fransa və Almaniyanın bu prosesə dəstək verməkdə məqsədi Qarabağdakı Rusiya sülhməramlı qüvvələrini Avropanın müşahidə missiyası ilə əvəz etməkdir.

Yəni Ermənistan üzərindən Moskvaya qarşı başlanmış demarş prosesini Azərbaycan ərazisinə keçirməklə Rusiyanın bütün regiondan çıxarılmasına nail olmaqdır.

Müşfiq Abdulla
Cebhe.info