Tehran üçün gözlənilməz gediş: İran rejiminin sütunu sındırılır 

Tehran üçün gözlənilməz gediş: İran rejiminin sütunu sındırılır 

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) beynəlxalq səviyyədə terror təşkilatı elan edilə bilər.

Avropa İttifaqı bu yöndə qərar çıxararsa, SEPAH dünyanın terrorla mübarizə koalisiyasının hədəfinə çevriləcək. Qeyd edək ki, ABŞ və İsraildən sonra Böyük Britaniya SEPAH-ı terror təşkilatı elan edib. Belçika, Niderland və Fransa parlamentlərində də analoji təklif irəli sürülüb. Yanvarın 18-də Avropa Parlamenti Avropa İttifaqını İslam İnqilab Keşikçiləri Korpusunu terror təşkilatları siyahısına daxil etməyə və ona qarşı sanksiyalar tətbiq etməyə çağırıb. Avropa İttifaqının bu qətnamənin tətbiqinə başlayacağı gözlənilir. Bu halda qərar bütün üzv ölkələr üçün məcburi olacaq.

Nəticədə, 27 ölkə SEPAH-ı terror təşkilatı elan edəcək. Yanvarın 23-də Avropa İttifaqının xarici siyasət və milli təhlükəsizlik məsələləri üzrə komissarı Jozef Borel İslam İnqilabı Keçikçiləri Korpusunun terror təşkilatı kimi tanına biləcəyini açıqlayıb. Borel bildirib ki, SEPAH-ın terror təşkilatı kimi tanınması üçün ilk növbədə üzv dövlətlərin məhkəmə qərarı tələb olunur.

Qeyd edək ki, Avropa İttifaqı İranın “inqilab keşikçiləri”ni “qara siyahı”ya salarsa, SEPAH-a qarşı beynəlxalq mübarizə koalisiyası formalaşacaq. 2018-ci ilin aprel ayında ABŞ hakimiyyətinin İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı elan edib, 2019-cu il yanvarın 3-də isə “Qüds” qolunun komandanı Qasim Süleymani Bağdad hava limanında keçirilən xüsusi hərbi əməliyyatla məhv edilib.

Ona görə də Avropa İttifaqı və Britaniya ABŞ-ın SEPAH-a qarşı tətbiq etdiyi sanksiyalarla yanaşı, hərbi əməliyyatlara da dəstək verə bilər. İrana və SEPAH-a münasibətdə indiyə qədər ABŞ və Avropa ölkələri arasında olan fikir ayrılığının aradan qalxması müşahidə olunur. Bu isə İran rejiminə qarşı mübarizədə ABŞ-ın və İsrailin mövqelərini gücləndircək. Yanvarın 23-də ABŞ Maliyyə Nazirlyinin İran İslam İnqilabı Keşikçiləri Korpusunun rəhbərliyinə tətbiq etdiyi sanksiyalar Avropa İttifaqı və Böyük Britaniya ilə razılaşdırılıb.

Eyni zamanda, rəsmi London da SEPAH-a sanksiyalar tətbiq edib. SEPAH-a qarşı bu münasibət yalnız ABŞ, Britaniya və Avropa İttifaqını deyil, digər tərəfdaş ölkələri də İranla əməkdaşlıqdan çəkindirə bilər. Çünki İran iqtisadiyyatının bank-maliyyə, kənd təsərrüfatı, energetika kimi aparıcı sektorlarına, müdafiə və milli təhlükəsizlik sisteminə, səhiyyə və əczaçılıq sahələrinə nəzarət SEPAH-ın əlindədir. Ona görə də İslam İnqilabı Keşikçilərinə qarşı Qərbin sərt tədbirləri İranla qeyd edilən sahələr üzrə əməkdaşlıq edən ölkələrin sanksiyalara məruz qalması ilə nəticələnə bilər.

Bu baxımdan, İran hakimiyyətinin hərbi, siyasi-ideoloji dayağını təşkil edən SEPAH-ın terror təşkilatı elan edilməsi onun mövqelərini zəiflədəcək. Lakin SEPAH-ın sıradan çıxarılması yalnız xaricdə deyil, daxildə də İran rejimi əleyhinə mübarizənin güclənməsi deməkdir.

Yaxın Şərq ölkələri üzrə ekspert Vüqar Zifəroğlu Cebhe.info-ya açıqlamasında bildirib ki, İslam İnqilabı Keşikçilərinin terror təşkilatı kimi tanınması İran rejiminin çökdürülməsinə hesablanıb.

Vüqar Zifəroğlu hətta SEPAH-a qarşı antiterror əməliyyatlarının keçiriləcəyini istisna etməyib.

“SEPAH sıradan bir təşkilat deyil. Çünki İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı elan etmək İrandakı mövcud sistemin dayağını terrorçu elan etməkdir. Yəni bu, İran rejiminin özünün terroru himayə edən bir sistem olmasını beynəlxalq müstəviyə gətirmək deməkdir. İslam İnqilabı Keşikçiləri Korpusu İranın ən böyük qoşunudur. Eyni zamanda, SEPAH ölkənin bütün sahələrinə ən böyük təsir imkanlarına malik bir strukturdur.

SEPAH yalnız İranın daxilində deyil, xaricində də kifayət qədər təsir və təzyiq imkanlarına malikdir. “İnqilab keşikçiləri”nin dəniz qoşunları Fars körfəzində hərəkətə nəzarəti təmin etmək vəzifəsi verilmiş ilk qoşun növüdür. Eyni zamanda, SEPAH-ın müxtəlif qolları var ki, onlar xüsusi xidmət orqanlarını və digər strukturları əhatə edir. Hətta SEPAH-ın öz media quruluşları var. İranda sonuncu prezident seçkilərindən sonra mühafizəkarlar ilk dəfə yeni kadr siyasəti həyata keçirməyə başladılar. İdarəetmə sisteminə SEPAH-ın şinelindən çıxmış, bir çox hallarda hərbi rütbəli şəxslər təyin olundu. Yarımhərbi könüllü milis təşkilatı olan “Bəsic”, “Qüds” korpusu da daxil olmaqla SEPAH mövcud rejimin siyasi-ideoloji və hərbi dayağını təşkil edən böyük bir strukturdur. Belə bir qurumun terror təşkilatı elan edilməsi ilə bağlı Qərbin açıq şəkildə, birmənalı mövqe ortaya qoyması İran hakimiyyətinin dayaqlarını laxlatmaq məqsədi daşıyır və rejimin özünün terroru dəstəklədiyini beynəlxalq müstəvidə təqdim etmək mənasını ifadə edir”.

Ekspert qeyd edib ki, Qərbin bu məsələdə birgə yanaşma nümayiş etdirməsi İranın xaricində, xüsusilə də Yaxın Şərqdə SEPAH-a qarşı hərbi əməliyyatların keçirilməsinə hüquqi müstəvidə zəmin yaradacaq:

“İlk növbədə, SEPAH-a qarşı İraqda, Suriyada, Livanda əməliyyatların keçirilməsi üçün beynəlxalq hüquqi əsas yaranacaq. Böyük ehtimal ki, belə antiterror əməliyyatları olacaq”.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian isə Avropa İttifaqını bu məsələ ilə bağlı təhdid edib. Nazir bildirib ki, Avropa İttifaqı İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı kimi tanıyarsa, İran Nüvə Silahlarının Yayılmamasına dair Müqavilədən çıxa bilər.

Vüqar Zifəroğlu hesab edir ki, İranın sözügedən sazişdən çıxması Qərbin manevr imkanlarını artırmış olar:

“Bu, əlavə olaraq Qərbin İrana təzyiq imkanlarının artmasına gətirib çıxara bilər. İranın belə addımlar atması əslində, qeyri-adekvatdır. İrana qarşı beynəlxalq müstəvidə daha geniş sahələrdə və daha sərt təzyiq alətlərinin işə salınmasına səbəb olacaq. Ona görə də düşünmürəm ki, beynəlxalq razılaşmalardan çıxmaq İrana hansısa divident qazandıra bilər. Bunun əksi baş verə bilər.

2015-ci il Vyana razılaşmasından çıxdıqdan sonra İran iqtisadiyyatına böyük zərbə dəydi. Hazırda faktiki olaraq, İran iqtisadiyyatı deyilən bir anlayış yoxdur. İrandakı etiraz aksiyalarının səbəbi yalnız insan haqları, qadın azadlığı və milli hüquqlarla bağlı problemlər deyil. Bu, həm də İrandakı sosial-iqtisadi böhranla bağlıdır. Maye qaz çatışmazlığı ilə bağlı İranda yaranmış gərginlik bunu bir daha göstərdi. Ona görə də rəsmi Tehranın Nüvə Silahının Yayılmamasına dair Müqavilədən çıxsa, İran üçün daha pis nəticələr doğura bilər”.

Müşfiq Abdulla
Cebhe.info