Deputatdan şok açıqlama: “Yeraltı sərvətlər xalqın deyil”

Ukraynanın Ali Radasının deputatı, hakim “Xalqın xidmətçisi” partiyasından olan Georgi Mazuraşu deyib ki, ölkədəki yeraltı sərvətlər xalqın deyil və o, əhalinin ABŞ ilə imzalanacaq razılaşmaya görə niyə narahat olduğunu başa düşmür.
"Cebheinfo.az" xəbər verir ki, Mazuraşu bu mövzu barədə həm öz seçiciləri, həm də Prezidenti Volodimir Zelenskinin seçiciləri ilə tez-tez müzakirə etdiyini deyib.
“İnsanlar tez-tez deyir ki, bu yeraltı sərvətlər xalqındır. Mən isə cavab verirəm ki, Konstitusiyada bu sərvətlərin xalqın mülkiyyəti olduğu yazılmayıb, söhbət mülkiyyət hüququndan yox, tamam fərqli bir anlayışdan gedir. Seçicilərlə belə danışırıq, ölkənin müxtəlif bölgələrində faydalı qazıntılar var. Axı biz o qazıntıları orada yerləşdirmişik ki, deyək bizimdir? Mən Çernovtsidə yaşayıram, başqa bir vilayətdəki sərvətə niyə iddia etməliyəm?”, – deyə o, “Superpozisiya” adlı ukraynalı "YouTube" kanalına müsahibəsində deyib.
O əlavə edib ki, əgər Ukraynanın kifayət qədər gücü, resursu və imkanı olsaydı, ölkə bu qazıntıları satmağa və ABŞ ilə razılaşma imzalamağa ehtiyac duymazdı:
“Əgər bu məsələ sizi doğrudan da bu qədər narahat edirsə, silah götürün, cəbhəyə gedin, şərqi, cənubu qoruyun”.
Qeyd edək ki, aprelin 17-si axşam saatlarında Ukrayna və ABŞ faydalı qazıntılarla bağlı gələcək razılaşma çərçivəsində birgə memorandum imzalayıblar.
Bu sənəddə hər iki tərəfin iqtisadi əməkdaşlıq və investisiya fondu yaradılması ilə bağlı yekun sazişi imzalamağa hazır olduğu göstərilir.
Razılaşmanın detalları və fondun necə işləyəcəyi ayrıca sənəddə təsbit olunacaq. Ukraynanın iqtisadiyyat nazirinin müavini, ölkənin ticarət nümayəndəsi Taras Kaçka bildirib ki, layihədə ABŞ-a hər hansı bir borcdan bəhs olunmur, amma göstərilən yardımın kompensasiya olunması üçün mexanizm nəzərdə tutulur.
Xatırladaq ki, bu razılaşma əslində fevralın 28-də imzalanmalı idi, lakin Zelenski ilə Tramp arasında Ağ Evdə yaşanan gərginlik səbəbindən təxirə düşmüşdü.
Martın 27-də Kiyev ABŞ-dən sənədin yeni və daha sərt versiyasını aldığını açıqlamışdı. Bundan sonra danışıqlar yenidən başlayıb.
Tramp isə açıq şəkildə xəbərdarlıq edib, əgər Zelenski bu razılaşmadan yayınmağa çalışsa, ciddi mənfi nəticələrlə üzləşəcək.
Səbinə Uğur
"Cebheinfo.az"