Kəşfiyyata qadağa qoyuldu
ABŞ-nin Şimali Koreyadakı nüvə obyektləri ilə bağlı kəşfiyyat məlumatlarının ictimaiyyətlə paylaşılması səbəbilə Cənubi Koreya ilə kəşfiyyat paylaşımını məhdudlaşdırdığı bildirilib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə 'Yonhap" agentliyi hərbi mənbələrə istinadən yazıb. Vaşinqtonun Cənubi Koreya ilə kəşfiyyat paylaşımına qoyduğu məhdudiyyət bu ayın əvvəlindən tətbiq olunmağa başlayıb və Şimali Koreyanın texnoloji imkanlarını da əhatə edir.
Cənubi Koreya ordusundan yüksək rütbəli bir hərbi rəsmisinin də məlumat paylaşımındakı məhdudiyyəti təsdiqlədiyi və səbəbin ABŞ tərəfindən təqdim edilən kəşfiyyat məlumatlarının ictimaiyyətlə bölüşülməsi olduğu bildirilib.
Xəbərdə qeyd olunub ki, Şimali Koreyanın raket sınaqları və hərbi fəaliyyətlərinə dair kritik məlumat mübadiləsi tam şəkildə davam edir və Cənubi Koreyanın müdafiə hazırlığına mənfi təsir göstərməyib.
Kəşfiyyat məhdudiyyətləri ilə bağlı iddialar Cənubi Koreyanın birləşmə naziri Çunq Donq-Yonqun ötən ay parlamentdə Şimali Koreyanın Kusonq bölgəsində uranın zənginləşdirilməsi obyektinin olduğunu açıqlamasından sonra gündəmə gəlib.
Nigar Hacılı
"Cebheinfo.az"


