Tramp Ermənistandakı diplomatik korpusu ixtisar edir

ABŞ Prezidenti Donald Trampın administrasiyası ölkə sərhədlərindən kənarda diplomatik təmsilçiliklərə əhəmiyyətli dəyişikliklər edilməsi ilə əlaqədar xaricdəki 30-a yaxın səfirlik və konsulluğun bağlanmasını nəzərdən keçirir.
“Cebheinfo.az” xəbər verir ki, “CNN” ABŞ Dövlət Departamentindəki daxili sənədlərə istinadən bu məlumatı əldə edib.
Sənəddə həmçinin, ABŞ-nin terrorla mübarizə səylərində əsas rol oynayan iki ölkədə-Somali və İraqdakı ABŞ diplomatik nümayəndəliklərinin sayının azaldılması və digər diplomatik missiyaların ölçüsünün dəyişdirilməsi tövsiyə edilir.
Təklif edilən dəyişikliklər ABŞ diplomatik korpusunun İlon Mask tərəfindən dəstəklənən Hökumətin Səmərəliliyi Departamenti tərəfindən təşviq edilən daha geniş şəkildə yenidən təşkili fonunda baş verib.
Dövlət katibi Marko Rubionun diplomatik təmsilçiliklərin bağlanması və ixtisarına dair təklifləri imzalayıb-imzalamadığı məlum deyil.
Sənəddə 10 səfirlik və 17 konsulluğun bağlanması tövsiyə olunur. Onların bir çoxu Avropa və Afrikada yerləşir. Lakin Asiya və Karib hövzəsində də var.
Bunlara Malta, Lüksemburq, Lesoto, Konqo Respublikası, Mərkəzi Afrika Respublikası və Cənubi Sudandakı səfirliklər daxildir.Siyahıya həmçinin Fransada beş, Almaniyada iki, Bosniya və Herseqovinada iki, Böyük Britaniyada, Cənubi Afrikada və Cənubi Koreyada bir konsulluq daxil edilib.
Sənəddə bağlanan səfirliklərin vəzifələrinin qonşu ölkələrdəki forpostlar tərəfindən həyata keçirilməsi təklif edilir.
Qeyd edək ki, Tramp adminstrasiyasının bu qərarı dövlət büdcəsi xərclərinə qənaət məqsədi daşıyır. Bu baxımdan, diplomatik korpusun sayının azaldılması nəzərdə tutulub. Hazırda dünyada ABŞ-nin ən böyük səfirliyi İraqda yerləşir.
Bağdaddakı diplomatik heyətin sayı 6 min nəfər təşkil edir. Trampın İraqdakı səfrlik əməkdaşlarını ixtisar etməsindən sonra bu ölkədəki diplomatik korpusun sayı ən azı yarıya qədər azaldıla bilər.
ABŞ-nin dünyada ikinci ən böyük səfirliyi isə Ermənistanda yerləşir. İrəvandakı diplomatik korpusda fəaliyyət göstərən amerikalıların sayı 3 min nəfərdir. Onların 1 500 nəfərini dəniz piyadalarından ibarət təhlükəsilik qüvvələri və kəşfiyyatçılar təşkil edir.
Ermənistanın Baş naziri Nikol Paşinyanın şəxsi mühafizəsinin də dəniz piyadaları tərəfindən qorunduğuna dair məlumatlar var. Tramp adminstrasiyasının xaricdəki səfirliklərin və konsulluqların sayını azaldığı bir vaxtda Ermənistandakı diplomatik heyətin sayına toxunmayacağı inandırıcı görünmür.
Əgər İraq kimi strateji əhəmiyyət kəsb edən ölkədə rəsmi Vaşinqton diplomatik korpusun sayını azalmağı qərara alıbsa, deməli bu, Ermənistanda daha çox gözləniləndir. Çünki Bayden adminstrasiyasından fərqli olaraq, Donald Tramp Cənubi Qafqaz siyasətində Ermənistanı əsas forpost kimi görmür.
Emənistan kimi kiçik və ABŞ üçün strateji əhəmiyyət kəsb etməyən ölkədə 3 min nəfər diplomat saxlamaq dövlət büdcəsinə əlavə xərcdir.
Ona görə də dövlət gəlirlərinin təmin edilməsinin bir vasitəsi kimi büdcəyə qənaətə önəm verən prezident Trampın Ermənistandakı səfirlik əməkdaşlarının da sayını kəskin ixtisar edəcəyi gözləniləndir.
Müşfiq Abdulla
“Cebheinfo.az”