Trampın nümayəndəsi danışıqların detallarını açıqladı

ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkof “Fox News”-a bildirib ki, Rusiya Prezidenti Vladimir Putin müharibəyə son qoymaq üçün danışıqlardan sonra Ukrayna ilə daimi sülh sazişinə açıqdı.
“Cebheinfo.az” xəbər verir ki, Uitkof sülh müqaviləsinin “qara”sının çəkildiyini, Putinin iki əsas məsləhətçisi Yuri Uşakovun və Kirill Dmitriyevin bu vacib görüşə cəlb olunduğunu deyib.
“Putinin istəyi burada daimi sülhün bərqərar olmasına nail olmaqdır. Beləliklə, atəşkəslə yanaşı, bu suala da cavab aldıq”, - deyən Uitkof əlavə edib: “Bu nəticəyə gəlmək üçün bizə bir qədər vaxt lazım oldu”.
“Hesab edirəm ki, biz bütövlükdə dünya üçün çox vacib olacaq bir şeyin astanasında ola bilərik”, - deyə amerikalı diplomat bildirib.
ABŞ-nin xüsusi nümayəndəsi Rusiya ilə ABŞ arasında işgüzar sövdələşmələrin də danışıqların tərkib hissəsi olduğunu qeyd edib:
“Düşünürəm ki, çox cəlbedici kommersiya imkanları vasitəsilə Rusiya-Amerika münasibətlərini dəyişmək imkanı var ki, bu da regionda real sabitliyi təmin edəcək”.
Xatırladaq ki, aprelin 11-də Uitkof Sankt-Peterburqda Putinlə görüşüb. Bu, Trampın Ağ Evə qayıtmasından sonra onların üçüncü görüşü olub.
Müşfiq Abdulla
“Cebheinfo.az”