Xocalıda kütləvi məzarlıq aşkarlandı - FOTOLAR

İşğaldan azad olunan Xocalıda üçüncü dəfə kütləvi məzarlıq aşkarlanıb.
"Cebheinfo.az" xəbər verir ki, kütləvi məzarlıqda aşkarlanan insan skeletlərinin qalıqlarının 7 nəfərə aid olduğu bildirilir.
Xatırladaq ki, Xocalıda ötən ilin fevralında iki dəfə kütləvi məzarlıq aşkarlanıb.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov jurnalistlərə açıqlamasında bildirib ki, aprel ayında aparılan qazıntılar zamanı iki kütləvi məzarlıq aşkarlanıb.
Onlardan biri Şuşa şəhərinin yaxınlığında, Şuşa-Xankəndi yolu ilə Şuşa - Laçın yolunun birləşməsində aşkar edilib.
E.Səmədov bildirib ki, qalıqların ən azı 5 nəfərə aid olduğu ehtimal edilir:
“Əsgəran-Xocalı yolunun üstündə aşkarlanan bu məzarlıqda ən azı 7 itkin şəhidə aid meyit qalıqları aşkarlanıb. Yol tikintisi aparıldığı üçün qalıqlar oradan götürülüb. Mütəxəssislərin rəyinə görə, qalıqlar mülki şəxslərə aiddir. Onlar qeyri-ənənəvi yolla dəfn olunublar”.
E. Səmədovun sözlərinə görə, meyit qalıqlarının üzərində zorakılıq faktları aşkar görünür, meyitlərin kəllə, ayaq, əl sümüklərində küt alətlərlə vurulmuş zədə izləri var:
“Aşkar görünür ki, mülki şəxslərə qarşı zorakılıq hadisələri baş verib. Ekspert rəylərinə görə, onlardan çoxu qadınlardır”.
O qeyd edib ki, bu günə olan məlumata görə, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində 3990 nəfər itkin düşmüş şəxs qeydiyyata alınıb:
“Son illərdə aparılan axtarış-qazıntı və eyniləşdirmə prosesləri nəticəsində 170 vətəndaşımızın taleyinə aydınlıq gətirilib. Bu gün burada Ermənistanın törətdiyi yeni cinayət faktı ilə üz-üzəyik. Uzun illər Ermənistan tərəfi Xocalı soyqırımı ilə bağlı özünəməxsus yanaşma nümayiş etdirib. Onlar yalandan deyirdilər ki, mülki əhali Xocalını tərk edərkən onlara dəhliz açılıb. Bu gün burada tapılan kütləvi məzarlıq göstərir ki, heç bir humanitar dəhlizdən söz gedə bilməz”. (qafqazindo)
Qeyd edək ki, kütləvi məzarlıq aşkarlanması xəbərini ilk dəfə "Cebheinfo.az" 30 apreldə yayıb.
Həmin fotoları təqdim edirik:
"Cebheinfo.az"