“Xatirələr” kafesində 25 illik konyakı içib dava saldı: Həbs olundu

Bakıda kafedə dava-dalaş salan şəxs həbs edilib.
"Cebheinfo.az" xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə aprelin 28-i gecə saatlarında Binəqədi rayonu Məsud Davudoğlu küçəsində yerləşən “Xatirələr” kafesində baş verib.
35 yaşlı Cavad Kərimov sərxoş vəziyyətdə kafedə ictimai asayişi pozub. O, əsaslı səbəb olmadan məkanı dağıtmağa, özünü yerə çırpmağa başlayıb, ətrafdakı şəxslərin çağırışlarına baxmayaraq, sakitləşməyib. Oradakı 25 illik konyakı içdiyini bildirən Cavad nalayiq ifadələr işlədərək hərəkətlərinə davam edib.
Kafeyə dəvət edilən polisin köməyi ilə o saxlanılıb. Lakin əməllərinə davam edib, özünü polis maşınından atmağa cəhd göstərib, başını divara çırpıb. Polis şöbəsinin müvəqqəti saxlanma yerinə aparılan C. Kərimov səhər saat 10 radələrində ayılıb.
Saxlanılan şəxs barəsində Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsində protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə Cavad Kərimov 30 sutka inzibati həbs olunub.
"Cebheinfo.az"