İstanbulda 1 May aksiyaları zamanı qarşıdurma: Saxlanılanlar var

Türkiyənin İstanbul şəhərində 1 May Beynəlxalq Əmək Günü münasibətilə keçirilən tədbirlər çərçivəsində bəzi yerlərdə icazəsiz aksiya keçirmək istəyənlərlə polis əməkdaşları arasında qarşıdurma baş verib, saxlanılanlar var.
Oxu.Az bu barədə "Haber Global"a istinadən xəbər verir.
Bildirilir ki, Beşiktaş və Şişli rayonlarında 1 May mitinqi üçün Taksim meydanına doğru qanunsuz yürüş etməyə cəhd göstərən qruplara polis müdaxilə edib.
Hadisə zamanı nümayişçilər müxtəlif şüarlar səsləndirərək polis tərəfindən qabaqlayıcı tədbir kimi qurulan baryerləri aşmağa cəhd ediblər. Polis qüvvələri yürüşə icazə verməyərək aksiya iştirakçılarını ərazidən uzaqlaşmağa çağırıb.
Digər tərəfdən, Mecidiyeköy ərazisində toplanan bir qrup da Taksimə doğru hərəkət etməyə çalışıb və baryerləri keçmək istəyib.
Hər iki rayonda xəbərdarlıqlara baxmayaraq ərazidən getməkdən imtina edən şəxslər polis tərəfindən saxlanılıblar.
"Cebheinfo.az"