MB-dən yeni qərar: Yerli bankları "çərçivə"də saxlayacaq?

“Mərkəzi Bank qərar verdi, heç nə dəyişmədi. Bəs real iqtisadiyyatda vəziyyət necə olacaq? Bu sualın cavabı aydındır. Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqladı. Uçot dərəcəsi 7,25 % səviyyəsində sabit saxlanıldı. Faiz dəhlizinin aşağı həddi: 6,25 %, yuxarı həddi: 8,25 %-dir. Bu qərar nə deməkdir? Mərkəzi Bank inflyasiyanı nəzarətdə saxlamaq, iqtisadi sabitliyi qorumaq və real sektora təsiri ölçmək üçün ehtiyatlı siyasətini davam etdirir”.
“Cebhinfo.az” xəbər verir ki, bu fikirləri iqtisadçı-eskpert Razi Abbasbəyli deyib.
Ekspert qeyd edir ki, qlobal iqtisadi vəziyyət, daxili bazar göstəriciləri və manatın sabitliyi nəzərə alınıb:
“Azərbaycan Mərkəzi Bankında (AMB) hesab edirlər ki, əsas faiz dərəcəsini, yəni uçot dərəcəsini 7,25 % səviyyəsində saxlamaq indilikdə daha düzgündür. Bu o deməkdir ki, Mərkəzi Bank öz siyasətində dəyişiklik etmir və əvvəlki qaydada davam edir. Faiz dəhlizi də dəyişməyib:
Aşağı hədd - 6,25 %, yuxarı hədd - 8,25 %. Bu faiz dəhlizi banklar üçün bir növ “çərçivədir”. Yəni banklar Mərkəzi Bankla pul alıb - vermə əməliyyatlarını bu aralıqda həyata keçirirlər. Bu aralıq nə qədər geniş olsa, pulun qiyməti də bir o qədər dəyişkən ola bilər. Niyə belə qərar verilib? Mərkəzi Bankda düşünürlər ki, bu qərarı verəndə bunları nəzərə alıblar.
İnflyasiya, yəni qiymətlərin artması. Onların hədəfi ildə 4 % ətrafındadır (±2 % fərqlə, yəni 2-6 % arası normal sayılır).Dünya iqtisadiyyatı və bazarlar. Çünki dünya bazarında baş verən hadisələr bizə də təsir edir. Hadisələrin hansı müstəvidə davam edəcəyi, ticarət savaşlarının hansı fazada enerjidaşıyıcılarının qiymətinə təsiri də müşahidə altında saxlanacaq.
Ölkə iqtisadiyyatı. İş yerləri, istehsal, idxal. Yeni iş yerləri açılacaqmı, istehsal hansı səviyyədə olacaq, ixrac göstəriciləri və nəhayət manatın məzənnəsi hansı səviyyədə olacaq? Bu amillər də MB-nin bu gün verdiyi qərarın əsaslandırma bazasıdır. Eyni zamanda MB-də pul siyasətinin real iqtisadiyyata necə təsir etdiyi, yəni faizləri dəyişmək insanlara, şirkətlərə və bazara necə təsir edir, bunu da ölçüblər.
Görünən odur ki, hələlik durğunluq və inzibati maliyyə idarəetməsi davam edəcək. Bu da iqtisadı inkişafı zəiflədəcək. Yəni MB-nun qərarı yerli bankları yenə də "çərçivə"də saxlayacaq. Manatın kursu dəyişməyəcək. Lakin real iqtisadiyyatda yeni iş yerləri yaranmayacaq. Çünki xarici investitisiya qoyuluşları azalıb.Büdcədən investisiya yatırımları da Şərqi Zəngəzurda və Qarabağda yenidənqurma, abadlıq və infrastrukturun bərpasına yönəlib.
Yəni dönərli investitisiya deyil. İdxal göstəriciləri hər gün yüksəlir. Bu da manata təzyiqi artırır. İxracat isə yalnız neft və qaz üzərində formalaşıb. Bütün bunlar MB-nin hazırda panika yaratmamaq, mümkün olduğu qədər davam etməyə çalışması deməkdir. Görək MB-nin iyunun 11-də verəcəyi növbəti qərar necə olacaq? Reallıqlar nəzərə alınacaq, yoxsa eyni qaydada dava ediləcək?”
Nigar
“Cebheinfo.az”