Dünya sürətlə “qocalır”: 2050-ci ilədək hər altı nəfərdən biri...

2021-ci ildə dünyada hər 10 nəfərdən biri qoca olacağı halda, 2053-cü ildə hər altı nəfərdən birinin 65 yaşdan yuxarı olacağı təxmin edilir.
Cebhe.info xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) “Yaşlanan dünyada heç kəsi geridə qoymamaq” şüarı ilə hazırladığı 2023-cü il Dünya Sosial Hesabatına əsasən, dünya əhalisi içərisində yaşlı insanların payı artır.
2021-ci ildə 761 milyon olan 65 yaşdan yuxarı əhalinin 2050-ci ildə iki dəfədən çox artaraq 1,6 milyarda çatacağı gözlənilir. Əgər bu proqnoz özünü doğrultsa, yaşlı insanlar dünya əhalisinin 16 faizindən çoxunu təşkil edəcək.
Dünya getdikdə "qocalır"
Yaşlı əhali sayılan 65 və daha yuxarı yaşda olan əhalinin 1950-ci ildə dünyada hər 20 nəfərdən 1-nə, 2021-ci ildə isə hər 10 nəfərdən 1-nə bərabər olduğu halda, 2050-ci ildə bu yaş qrupunun dünyada hər 6 nəfərdən 1-ni təşkil edəcəyi təxmin edilir.
2021-ci ildə Şimali Afrika və Qərbi Asiya regionlarında 65 və daha yuxarı yaşda olan 30 milyon insan var idi və 2050-ci ildə bu rəqəmin 98 milyona yüksələcəyi proqnozlaşdırılır.
Sub-Sahara Afrikasında yaşlı əhalinin 2021-ci ildəki 35 milyondan 2050-ci ildə 100 milyona yüksələcəyi gözlənilir. Bu bölgələrdə yaşlı əhalinin nisbətinin növbəti 30 ildə ən sürətli artımı yaşayacağı proqnozlaşdırılır.
Şərqi Asiya və Cənub-Şərqi Asiyada yaşlı əhalinin 2021-ci ildə 293 milyon olduğu, bu rəqəmin 2050-ci ildə artaraq 598 milyona çatacağı təxmin edilir.
Bu gün yaşlı əhalinin ən çox olduğu bölgələr arasında olan Avropa və Şimali Amerikada 65 yaşdan yuxarı insanların sayı 2021-ci ildə 208 milyon olaraq qeyd edilib. 2050-ci ilə qədər bu rəqəmin 303 milyona yüksələcəyi gözlənilir.
Ən "yaşlı" ölkə Yaponiyadır
Dünyanın ən yaşlı əhalisinin olduğu ölkənin 2021-ci ildə Yaponiya olduğu, Çinin Honq-Konq Xüsusi İnzibati Bölgəsi və Cənubi Koreyanın 2050-ci ildən əvvəl Yaponiyanı geridə qoyacağı düşünülür.
1980-ci ildə yaşlı əhalinin ən çox olduğu ölkələr 16,3 faizlə İsveç, 15,7 faiz Almaniya, 15,4 faiz Avstriya, 14,9 faiz İngiltərə, 14,8 faizlə Norveç, 14, 4 faizlə Belçika və Danimarka, 14 faizlə Fransa, 13,8 faizlə İsveçrə və Lüksemburq olub.
Bu reytinq 2021-ci ildə kəskin şəkildə dəyişib. Dünyanın ən yaşlı əhalisi olan Yaponiyada yaşlılar əhalinin 29,8 faizini təşkil edir.
Yaponiyanı 23,7 faizlə İtaliya, 22,9 faizlə Finlandiya, 22,6 faizlə Portuqaliya, 22,5 faizlə Yunanıstan, 22,4 faizlə Bolqarıstan və Puerto-Riko və 22,2 faizlə Almaniya, ardınca 22,1 faizlə Fransanın Hind okeanında xarici ərazisi Martinika və 22 faizlə Xorvatiya gəlir.
2050-ci ildə Şərqi Asiya ölkələrində yaşlı əhalinin nisbətinin əhəmiyyətli dərəcədə artacağı proqnozlaşdırılır.
Hesabata görə, 2050-ci ildə Honq-Konq əhalisinin 40,6 faizini yaşlı insanlar təşkil edəcək.
Honq-Konqdan sonra 39,4 faizlə Cənubi Koreya, 37,5 faizlə Yaponiya, 37,1 faizlə İtaliya, 36,6 faizlə İspaniya, 35,3 faizlə Tayvan və 34,8 faizlə Yunanıstan, 34,5 faizlə Portuqaliya, 34,2 faizlə Sinqapur və 33,6 faizlə Küveyt yer alır.
Nigar
Cebhe.info