Turizmdən ən çox pul qazanan ölkələr – SİYAHI

Turizmdən ən çox pul qazanan ölkələr – SİYAHI

BMT-nin ümumdünya Turizm Təşkilatı (BMüTT) 2022-ci il üçün turistlərin sayı, ümumi gəliri və adambaşına düşən turist gəlirləri baxımından ölkələr üzrə məlumatları yeniləyib.

Cebhe.info xəbər verir ki, BMüTT-nin 2022-ci il üzrə hesabatına görə, ötən il turizmin ən çox inkişaf etdiyi ölkələrdən biri Türkiyədir və turist sayında 4-cü, ümumi turizm gəlirində isə 7-ci yerdə qərarlaşıb. Adambaşına düşən turist gəliri 670 dollardan 820 dollara yüksəlib.

Dünya turizmi üçün rekord il olan 2019-cu ildən və sonrakı pandemiya ilə ən çətin günlərin yaşandığı 2020 və 2021-ci illərdən sonra Türkiyə ən sürətlə bərpa olunan ölkələrdən biri olub.

2019-cu ilə nisbətən həm ümumi gəlirdə, həm də adambaşına düşən gəlirdə əhəmiyyətli artım göstərən Türkiyə adambaşına düşən gəlirdə, hətta dünyanın ən çox turistə ev sahibliyi edən ölkəsi Fransanı da geridə qoyub.

BMüTT-nin məlumatına görə, səyahət edənlərin ümumi sayı 969 milyon, ümumi gəlir isə 1 trilyon 73 milyard dollar olaraq açıqlanıb.

Dünyada adambaşına düşən orta turizm gəliri 1106 dollar olub. Dünya turizmi 2019-cu ildə 1 trilyon 458 milyard dollar olan ümumi gəlirin 26,9 faiz, 1 milyard 464 milyon turist sayından isə 33,8 faiz geriləyib.

BMüTT-nin hesabatlarını tərtib edən Antalya Şəhər Şurasının Turizm İşçi Qrupunun sədri Rəcəb Yavuz, dünya turizminin 2019-cu ilə nisbətən 2022-ci ildə turist sayı və ümumi gəlirdən çox geri qaldığı halda, Türkiyənin 2019-cu ilə nisbətən yaxşı uğur əldə etdiyini açıqlayıb.

Yavuz qeyd edib ki, hesabatlara görə, Türkiyə 2022-ci ildə 50 milyon 450 min turist sayı ilə dünyada Fransa, İspaniya və ABŞ-dan sonra 4-cü, cəmi 41,4 milyard dollar gəlirlə isə dünyada 7-ci olub.

Türkiyə turizm gəlirlərinə görə ilk 10-luqdadır

Yavuz 2019-cu illə müqayisə edərək, “Türkiyə 2019-cu ildə 51,19 milyon turistlə dünyada 6-cı olarkən, 2022-ci ildə Çin və İtaliyanı geridə qoyaraq 4-cü yerə yüksəldi və turist sayındakı payı 3 faizdən 5 faizə qədər artıb.

2019-cu ildə 34,3 milyard dollar gəlirlə 12-ci yeri tutarkən, Çin, Almaniya, Yaponiya, Avstraliya və Tayland kimi ölkələri geridə qoyaraq, 2022-ci ildə dünyanın ən çox turizm gəliri olan 10 ölkəsi arasında 7-ci yerdə qərarlaşıb".

Türkiyənin 2022-ci ildə çox cüzi bir azalma ilə 2019-cu ilin turist sayına az qala çatdığına diqqət çəkən Yavuz, adambaşına düşən gəlir artımını ən əhəmiyyətli inkişaflardan biri olaraq qeyd edib.

2019-cu ildə Türkiyənin adambaşına düşən turist gəlirinin orta hesabla 670 dollar olduğunu bildirən Yavuz, "2022-ci ildə bu gəlir 150 dollar artaraq 820 dollara çadıb. Türkiyə, adambaşına düşən turist gəliri 752 dollar olan və turist sayında dünya birincisi olan Fransanı geridə qoyub".

Dünyanın ən yaxşı 10 turizmi

2022-ci ilin yekun məlumatlarına görə, Yavuz dünyada ən çox turist qəbul edən 10 ölkəni belə sıralayıb:

“Fransa 79,40 milyon, İspaniya 71,66 milyon, ABŞ 50,87 milyon, Türkiyə 50,45 milyon, İtaliya 49,81 milyon, Meksika 38,33 milyon, Böyük Britaniya 30,74 milyon, Almaniya 28,46 milyon, Yunanıstan 27,84 milyon, Avstriya 26,21 milyon”.

2022-ci ildə turizm gəlirlərinə görə dünyada ən çox gəlir əldə edən 10 ölkə bunlardır:

ABŞ 135,2 milyard dollar, İspaniya 72,9 milyard dollar, Böyük Britaniya 68,2 milyard dollar, Birləşmiş Ərəb Əmirlikləri 60,7 milyard dollar, Fransa 59, 7 milyard dollar dollar, İtaliya 46,6 milyard dollar, Türkiyə 41,4 milyard dollar, Almaniya 31,5 milyard dollar, Meksika 28,1 milyard dollar, Kanada 24,3 milyard dollardır.

Adambaşına düşən gəlirə görə dünyada ən çox turisti qəbul edən ölkələr arasında sıralama isə belədir:

ABŞ 2 min 658 dollar, Böyük Britaniya 2 min 217 dollar, Almaniya 1108 dollar, İspaniya 1017 dollar, İtaliya 936 dollar, Türkiyə 820 dollar, Fransa 752 dollar, Avstriya 732 dollar, Meksika 731 dollar, Yunanıstan 669 dollardır.

​Nigar
Cebhe.info