AzVP-nin baxışı: Sülh prosesini pozan qüvvələrə ciddi zərbə

AzVP-nin baxışı: Sülh prosesini pozan qüvvələrə ciddi zərbə

“Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda keçirilən XII Qlobal Bakı Forumunda beynəlxalq münasibətlərdə yeni yanaşmalara dair önəmli mesajlar səsləndirilib. 

Forumda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyevin söylədiyi fikirlər yeni dünya düzəninin qurulması prosesinin əsas istiqamətləri barədə dünya ictimaiyyətinə praktiki tezislər təqdim olundu.

Ümumiyyətlə, bəşəriyyətin inkişafı yolunda baş verən hadisələr bütün dövlətlərin ictimai-siyasi, iqtisadi həyatına güclü təsir edir və bu cür problemlərin birlikdə araşdırılıb müzakirə edilməsi zərurəti yaranır. 

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi bu tədbirlərdə adətən çoxqütblü dünyada əməkdaşlığın genişləndirilməsi üçün çoxlu imkanlar təklif edilir, həlli çətin olan bütün problemlərə yeni baxış ortaya qoyulur. 

Dövlətlər və xalqlar arasında yadlaşmanın aradan qaldırılması, plüralizmin genişlənməsi və təbliği, icmalar arasında körpülərin qurulmasında dinlərarası və millətlərarası dialoqların rolunun artırılması diqqət mərkəzində olur. 

Azərbaycanın dövlət başçısı öz nitqində siyasi riyakarlığı və etinasızlığı, birtərəfli mənafeni güdən yarımçıq yanaşmaları ciddi tənqid edib. Hətta bu zaman “dünya hegemonu” rolunda çıxış etməyə can atan Amerika Birləşmiş Ştatlarının da etibarsız fəaliyyətini faktlarla qeyd edib: 

“Siz, yəqin, şərhlərimdən təsəvvür edirsiniz ki, hazırda Amerikada nə baş verirsə, ona çox böyük maraq göstəririk. Nəyə görə? Səbəb çox sadədir. Çünki cənab Antoni Blinkenin Azərbaycana aid siyasəti, əslində, 30 il qurduğumuz ABŞ-Azərbaycan münasibətlərini heçə endirdi. Hər zaman ABŞ-ın çox etibarlı, yaxın tərəfdaşı olmuşuq.

Onlara lazım olanda onlarla idik. Onlara İraqda lazım olanda, qoşunla onlarla idik. Onlara Əfqanıstanda lazım olanda, 2001-ci ildə Əfqanıstanda əməliyyatlara qoşulan ilk qeyri-NATO ölkələrindən idik və oradan sonuncu çıxdıq. Lakin biz çıxandan sonra onlar bizə sanksiya tətbiq etdilər”.

Xüsusilə, Azərbaycan öz ərazisini təcavüzkar Ermənistanın işğalından qurtarandan sonra Cənubi Qafqazda dayanıqlı sülhü təmin etmək üçün göstərilən cəhdlərə ABŞ, Fransa və regiona aidiyyəti olmayan bir neçə ölkənin mane olması ciddi suallar doğurur.

Bu ölkələr nə istəyirlər?! Həmin ölkələr ərazi, əhali, iqtisadi və hərbi güc sarıdan Azərbaycandan güclü olmalarına baxmayaraq Azərbaycanın onlara münasibəti fonunda nankorluq edirlər. Ölkəmizin xarici siyasətinin başlıca tezisi “qarşılıqlı faydalı əməkdaşlıq” prinsipidir. Birtərəflilik, mənafe dominantlığı bu prinsipə ziddir. 

Üstəlik, Azərbaycan sürətli inkişafı ilə elə səviyyəyə çatıb ki, onunla “yuxarıdan aşağıya” danışmaq mümkün deyil. Çünki dünyada baş verən proseslər fonunda bu gün Azərbaycan uğur nümunəsi rolunda çıxış edir.

Ölkəmiz geosiyasi strateji əhəmiyyəti, enerji sahəsində malik olduğu mühüm təbii ehtiyatlar ilə regionda həm iqtisadi, həm də ümumi gücün mənbəyidir. Bu amillər onun yeni dünya düzəninin qurulmasında oynadığı rolu ehtiva edir. 

Təsadüfi deyil ki, bəzi qüvvələrin mürtəce səylərinə baxmayaraq, Azərbaycanın təkidli səyləri nəticəsində Ermənistanla sülh müqaviləsinin bağlanması yolunda ciddi nəticələr əldə edilib. Bu isə Cənubi Qafqazda aranı qarışdırmaq istəyənlərə güclü əks zərbədir. 

Azad Vətən Partiyasının (AzVP) İnformasiya və Təhlil Mərkəzi
"Cebheinfo.az