Bakının tıxac problemi: Çarə varmı?

Bakının tıxac problemi: Çarə varmı?

"Bakı şəhəri yaşanılmaz olub, tıxaclar, ictimai nəqliyyatın bərbad olması, bütün bunlar nəticədir, nə qədər ki, hökumət səbəblərdən deyil də, nəticədən danışmağa davam etsə, heç nə dəyişməyəcək". 

"Cebheinfo.az" xəbər verir ki, bu fikirləri iqtisadçı-ekspert Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, ölkənin bütün iqtisadi, elmi, ictimai, mədəni fürsətləri Bakıya toplanıb, regionlarda iş yerləri ilə bağlı problemlər olduqca, ictimai və mədəni həyat “boz” rəngdə qaldıqca, nəticə dəyişməyəcək:

“Hökumətin kreativ qərarlar almaqla, mürəkkəb sistem qurmaqla araları yoxdur. Məhz tıxacları yaradan çoxsaylı səsbəblərdən biri də məktəb və universitetlərin işinin doğru qurulmamasıdır. 2023/2024-cü tədris ilinin əvvəlinə olan məlumata görə, Azərbaycanda 4 422 ümumi təhsil müəssisəsi (orta məktəb) var, bu məktəblərdə 1 milyon 704 min 217 şagird təhsil alır. Məktəblərin cəmi 8,8 %-i və ya 389-u Bakıda fəaliyyət göstərsə də, paytaxtda oxuyan şagirdlərin sayı 542 min 919 olub və ümumi şağirdlərin 31,8 %-ni təşkil edib.

Yəni məktəblərin cəmi 8,8 %-i Bakıda olsa da, ölkə üzrə oxuyan uşaqların 32 %-ə yaxını Bakıda təhsil alır. Bakı məktəblərində təhsil verən müəllim sayı 30 mindən çoxdur.Hazırda şagirdlərin neçə faizinin 1-ci və 2-ci növbədə oxuduqları ilə bağlı ayrıca statistika tapa bilmədim. Amma dəqiqdir ki, şagirdlərin böyük əksəriyyəti 1-ci növbədə təhsil alır. Beləliklə, hər gün səhər saat 07:15-08:00 arası 400 minə yaxın şagird, 30 min müəllim (rəqəmlər təqribidir, amma reallığa yaxındır) 389 dövlət, 28 özəl məktəblərə tələsirlər". 

Ekspert qeyd edir ki, bu insanların hətta yarısı belə avtomobillə məktəblərə gəlsələr, bu o deməkdir ki, səhər saat 07:15-08:00 arası 200-250 min avtomobil yollara çıxır, uşaqları məktəbə aparır: 

"Yaxşı, bunu həll etmək beləmi çətindir?! Anladıq, hökumət dövlət hesabına “SchoolBus” ("Məktəbli avtobusu") təşkil edə bilmir-istəmir, amma tədris saatını, ona uyğun da iş saatlarını ki, tənzimləyə bilər. 400 minə yaxın şagird və müəllimin 100 mini saat 08:00-də, 150 mini 09:00-da, 150 mini isə 10:00-da dərsə gəlsə, valideynlər üçün də iş yerlərində 8 saatlıq iş rejimi saxlamaqla əsnək iş rejimi tədbiq olunsa pismi olar?! 

İş saatları 08:00, 09:00, 10:00 başlaya bilər, 8 saatlıq iş rejimi qalmaqla ona nail olacağıq ki, axşam saatlarında da hamı birdən işdən dönməyəcək, çalışan insanlar 17:00-19:00 arası işdən çıxacaqlar ki, bu da axşam tıxaclarının, ictimai nəqliyyatın yükünün azalmasına səbəb olacaq.

Bu yanaşma universitetlərdə də tədbiq oluna bilər. 2024-cü ilin məlumatına görə, Azərbaycanda bakalavr və magistrlərin hazırlanmasını həyata keçirən dövlət və qeyri-dövlət ali təhsil müəssisəsində, eləcə də elmi təşkilatda və tibb müəssisələrində təhsil alanların sayı 231,4 min nəfər olub.

Bunların böyük əksəriyyəti Bakı şəhərində təhsil alırlar. Yəni əlavə vəsait, xərc tələb etməyən həll yolları tapmaq olar ki, şəhər bir az nəfəs alsın.
İctimai nəqliyyatın idarəetməsini təkmilləşdirməklə, tədris və iş saatlarını tənzimləməklə problemi bir xeyli azaltmaq mümkündür".

Nigar Abdullayeva
"Cebheinfo.az"