"Özüm də dərmanı tapmaqda çətinlik çəkirəm" - Tanınmış farmakoloq 

"Özüm də dərmanı tapmaqda çətinlik çəkirəm" - Tanınmış farmakoloq 

Ötən gün Rusiya Səhiyyə Nazirliyi ölkədə 100-ə yaxın dərman preparatının çatışmadığını bəyan edib.  

Bu, nazirliyin 2022-2023-cü illərdə dərman çatışmazlığı riskini müəyyən etmək üçün apardığı yoxlamalar nəticəsində müəyyənləşib. Səhiyyə Nazirliyinin mətbuat xidməti siyahıya 97 adda dərman vasitəsinin daxil edildiyini bildirib. Çatışmayan dərmanlar arasında "immunoqlobulin", "retinol", "hidrogen peroksid", "parasetamol", dərmanları, difteriya, göy öskürək və tetanozun qarşısını alan peyvənd, o cümlədə yod və başqa vasitələr var. 

Qeyd edək ki, Azərbaycanda da apteklərdə bir sıra dərmanların tapılmasında çətinlik yaşanır. Xüsusilə, əhali infeksion xəstəliklərin müalicəsində istifadə edilən bir sıra dərman növlərini tapmaqda çətinlik çəkir. Məsələ hətta parlament səviyyəsində də müzakirə olunub.

Farmakoloq Aydın Əliyev mövzu ilə bağlı Cebhe.info-ya açıqlamasında bildirib ki, ölkədə dərman çatışmazlığı var: 

"Apteklər ayrı-ayrı firmalara məxsusdur. Buna görə də birində dərmanı tapdıqda, digərində tapmaq olmur. Ölkədə dərman çatışmazlığı, dərman qıtlığı var və bu birmənalıdır. Mənim özümə də "filan dərmanı tapa bilmədik" deyə müraciət edənlər olur. Hətta mənim özüm də bəzən hansısa dərmanı tapa bilmirəm”.

Farmakoloq bildirib ki, bunun da bir səbəbi ölkəmizdə dərman zavodlarımızın olmamasıdır: 

“Bu zavodlar işə düşməlidir, çünki bizim xaricdən dərman asılılığımız var. Dərman qiymətlərinin də buna görə artdığını görürük. Bu, əslində sahibkarların etdiyi işdir, qarışmaq istəmirəm. Amma fakt budur ki, həm qıtlıq var, həm qiymət artımı". 

Naibə 
Cebhe.info