Rusiyanı qarışdıran əl: “Azərbaycanda mümkün olmayacaq”

“Əgər Şimali Qafqazda dini fundamentalizm fonunda xoşagəlməz proseslər baş verərsə, bu, Rusiya üçün çox ciddi təhlükə olacaq. Müəyyən siyasi dairələr öz hədəflərinə çatmaq üçün bundan faydalana bilər”.
Bu sözləri politoloq Rəşad Bayramov Cebhe.info-ya açıqlamasında Dağıstanın paytaxtı Mahaçqalada baş verən hadisənin mahiyyətini şərh edərkən bildirib.
Qeyd edək ki, dünən axşam bir qrup radikal dindar Mahaçqala Hava Limanına hücum edərəcək orada iğtişaş yaradıblar. Onlar hava limanına enən İsrailə məxsus təyyarəyə və İsrail vətəndaşı olan şəxslərə təxribatyönlü hücuma cəhd ediblər. Lakin təxribatın qarşısı vaxtında hüquq-mühafizə oqranları tərəfindən qarşısı alındı.
Maraqlısı budur ki, Dağıstanda ilk dəfə belə hadisə yaşanır. Son on beş və ya iyirmi ildə Şimali Qafqazın təhlükəsizlik baxımından həssas bölgə və burada aşırı dini qruplaşmaların mövcudluğunu nəzərə alsaq, yaxında zamanda bölgədə dini fundamentalizm fonunda çaxnaşmaların baş verəcəyinə şahidi ola bilərik.
Mahaçqala Hava Limanında bir qrup dindarın iğtişaşın spontan hadisə və ya Rusiyanın xüsusi xidmət orqanları tərəfindən təşkil olunmuş siyasi oyun olması ilə bağlı suala cavablandıran R.Bayramov bunu heç bir dəqiq məlumat olmadan sübut etməyin qeyri-mümkün olduğunu bildirib:
“Əsas məsələ bu hadisənin necə baş verdiyi deyil, bunun kimlərin maraqlarına xidmət etməsidir. Bu hadisə spontan olsa belə, bunun fonunda baş verəcək növbəti hadisələrdən müəyyən ölkələrin xüsusi xidmət orqanları faydalana bilər. Yəni onlar bu kimi hadisələri öz maraqları çərçivəsində yönləndirməyə çalışacaqlar.
Mahaçqala Hava Limanında baş verənlər hər hansı dini qruplaşmanın iğtişaşı kimi xarakterizə edilsə də, nəticə etibarı ilə növbəti mərhələdə bundan istifadə etməyə can atan qüvvələr ortaya çıxacaq. Həmin qüvvələr öz maraqlarını həyata keçirmək baxımından təxribat xarakterli hadisələr törədəcək və bundan maksimum şəkildə yararlanacaqlar”.
Politoloq Şimali Qafqazın digər bölgələri, xüsusilə Çeçenistanda və İnquşetiyada bunabənzər hadisələrin baş vermə ehtimalını da istisna etməyib:
“Təbii ki, Dağıstanda baş vermiş hadisəyə Çeçenistan və İnquşetiyada da şahidi ola bilərik. Bu kimi hadisələrin istənilən bir ölkədə baş vermək ehtimalı yüksəkdir. İsrail ilə HƏMAS arasında hərbi qarşıdurmanın davam edəcəyi təqdirdə bir sıra ölkələrdə təxribat xarakterli hadisələr davamlı olaraq baş verəcək. Elə hadisə var ki, sırf insan baxışı və etirazı zəmində baş verir. Hadisə də var ki, ayrı-ayrı qruplaşmalar tərəfindən bilərəkdən törədilir.
Xüsusilə, Rusiyadakı müsəlman toplumun ayaqlanması, onların bu və ya digər şəkildə aksiyalar keçirməsi istər-istəməz bu ölkənin daxilində təhlükəli proseslərə, hətta müsəlman-xristian qarşıdurmasına gətirib çıxara bilər. Rusiyanın Şimali Qafqaz və digər bölgələrində bu kimi hadisələr davamlı müşahidə olunacağı halda Moskvanın əleyhinə fəaliyyət göstərən ayrı-ayrı xüsusi xidmət orqanları bundan mütləq şəkildə faydalanacaqlar”.
Politoloq vurğulayıb ki, Dağıstan, Çeçenistan və İnquşetiyada dini fundamentalizmin güclənməsi Şimali Qafqazı yenidən savaş meydanına çevirə bilər:
“Əgər dini radikalizmin təsir dalğasının artması yönündə proseslər şiddətlənərsə, müəyyən dairələr Rusiyanın daxilində çaxnaşma və qarşıdurma yaratmaq üçün bundan məharətlə istifadə edəcəklər. Əgər söhbət konkret Rusiyadakı hazırki vəziyyətdən gedirsə, Moskvanın bir nömrəli vəzifəsi ölkə daxilində kənardan idarə olunacaq hadisələrin qarşısını almaq olmalıdır.
Rusiya faktiki olaraq müharibə vəziyyətində olan və qlobal dünyadan təcrid edilən bir ölkəyə çevrilib. Bu, Rusiya üçün yaxşı heç nə vəd etmir. Onu da əlavə edim ki, Rusiyanın həm xüsusi xidmət orqanları, həm də kəşfiyyat qurumları bölgədə mövcud təhdidlərin qarşısını almaqda çətinlik çəkirlər”.
Dağıstanda beş vermiş son hadisə, eləcə də yaxın zamanda bu kimi hadisələrin təkrarlanacağı halda bunun Azərbaycan ictimaiyyətinə təsir edib-etməyəcəyinə gəlincə, Rəşad Bayramov bunun qeyri-mümkün olduğunu bildirib:
“Çox yaxşı bilirik ki, Azərbaycanda uzun illər ərzində İranın xüsusi xidmət orqanlarına çalışan ayrı-ayrı dini qruplaşmalar fəaliyyət göstərib. Onlar daxildə vəziyyəti gərginləşdirmək üçün müxtəlif təxribatlara əl atıblar.
Lakin onların bütün cəhdlərinin qarşısı qətiyyətlə alınıb. Eyni zamanda, Azərbaycan toplumu bəzi ölkələrdən fərqli olaraq multikultural və tolerant bir cəmiyyətdir. Bu baxımdan ətrafımızda baş verən hadisələrin ölkəmizə təsir edəcəyini mümkün hesab etmirəm”.
Yunis Abdullayev
Cebhe.info