Yaxın Şərqi qarışdıran İran əli: Qəzza Türkiyəyə qaytarıla bilər

Oktyabrın 7-dən bəri İsrail ilə HƏMAS arasında müharibə davam edir.
HƏMAS və “İslami Cihad”-ın silahlı dəstələrinin İsrailin Qəzza zolağına yaxın olan Askelod, Şdelod və bəzi şəhərlərinə müxtəlif yollar vasitəsilə sızması, bir sıra hərbi obyektləri sıradan çıxarması və mülki sakinlərə atəş açmasına cavab olaraq Təl-Əviv rəsmən müharibə elan edib. HƏMAS-ın İsrailin şəhərlərini raket atəşinə tutuması, buna qarşılıqlı cavab verən İsrail Hərbi Hava Qüvvələrinin Qəzza zolağında hərbi və mülki obyektləri bombalaması nəticəsində hər iki tərəfdə xeyli insan tələf olub və yaralanıb. Həlak olanlar arasında uşaqlar, körpələr və qadınlar üstünlük təşkil edir. Bu müharibənin nə zamana qədər davam edəcəyini indidən proqnozlaşdırmaq qeyri-mümkündür.
ümumiyyətlə, 1947-ci ildən bu günə qədər Fələstinin bir çox əraziləri kimi Qəzza zolağı da qeyri-stabil bölgə olaraq qalır. Son 75 il ərzində Qəzza zolağı intensiv münaqişə meydanı hesab olunur. Bu dövr ərzində bölgə ilk növbədə İsrail-Misir, İsrail-FƏTH, daha sonra İsrail-HƏMAS, hətta FƏTH-HƏMAS silahlı qarşıdurma və ya müharibəsinin şahidi olub.
Tarixə baxış
1980-ci illərin sonlarından bəri Qəzza zolağında radikal sünni məzhəbli HƏMAS və “İslami Cihad” hökmranlıq edir. Hər ikisi mərkəzi Fələstin hökumətinə tabe deyil. FƏTH hakimiyyətindən fərqli olaraq HƏMAS və “İslami Cihad” İsrail ilə sülh danışıqlarının aparılmasına heç vaxt müsbət yanaşmayıb, əksinə İsrail dövlətinin məhv olunmasını özünün mübarizəsində başlıca ideologiyaya çevirib.
Bu da zaman-zaman HƏMAS-ın İsraildə terror aktları törətməsinə və İsrail ordusunun Qəzzaya müdaxiləsinə səbəb olub. Hazırda İsrail ilə HƏMAS arasında əvvəlki hərbi toqquşmalara nisbətən daha ciddi və ağır müharibə gedir. Artıq İsrail Quru Qoşunları Qəzza zolağına müdaxilə üçün hazırlıq vəziyyətinə gətirilib. Bu müharibəyə “Hizbullah” və Suriyanın da qoşulacağı, habelə bütöv bir regiona sıçraması ehtimalı var.
Yaxın Şərqin tarixindəki hadisələri nəzərdən keçirərkən Qəzzada münaqişənin davam edəcəyi və bu bölgədə heç vaxt sabitliyin olmayacağı qənaətinə gəlmək olar. Amma yenə də Qəzzada sülh və sabitliyin təmini istiqamətində müəyyən tədbirlər görülə bilər. HƏMAS və “İslami-Cihad” tərkisilah olunmalıdır. HƏMAS və “İslami Cihad”-a İran İslam Respublikası tərəfindən hərbi-siyasi, ideoloji və maliyyə dəstəyi verilir. İran Yaxın Şərqdə xüsusi nüfuza malikdir, İraq, Suriya, Livan, Yəmən və Bəhreyndə təsir imkanı var. Şiələrdən ibarət olan “Həşdi-Şabi”, “Hizbullah”, Ənsurullah hərəkatı, “Fatimiyyun” və “Zeynəbiyyun” adı altında fəaliyyət göstərən silahlı birləşmələr kimi HƏMAS və “İslami Cihad” da SEPAH tərəfindən himayə olunur.
İranın maraqlarına xidmət
Şübhəsiz ki, HƏMAS və “İslami Cihad”-ın İsrailə qarşı hücum planı məhz SEPAH tərəfindən tərtib olunub. HƏMAS liderləri və İranın dini rəhbərlərinin son açıqlamaları bunu açıq-aşkar sübut edir. Sosial mediada yayılan məlumatlara görə, Malaziyada xüsusi bir düşərgədə SEPAH HƏMAS-ı hücuma hazırlayıb. İsraillə müharibədə HƏMAS və “İslami Cihad” məhz SEPAH-ın tapşırıqları əsasında hərəkət edir. Bu da Fələstin xalqının yox, Tehranın Yaxın Şərqdəki maraqlarına xidmət edir. Qəzzada müsəlman uşaqların və qadınların həlak olması İranın hərbi-siyasi və dini rəhbərliyi üçün maraqlı deyil.
Buna görə də başqalarının tapşırıqları əsasında hərəkət edən, radikal dindarlığa üstünlük verən və Fələstin dövlətinin bütövləşməsinə imkan verməyən HƏMAS və “İslami Cihad” mütləq tərkisilah olunmalıdır. Bu kimi radikal dini cərəyanlar məqsədyönlü şəkildə bölgədə sülh və sabitliyin təmin olunmasına imkan verməyəcək. Əlbəttə, İsrail Silahlı Qüvvələri Qəzzaya daxil olub həm HƏMAS, həm də “İslami Cihad” silahlı qruplaşmasını tamamilə məhv edə bilər.
Amma bu, bölgədə xeyli sayda insan təlafatına və ciddi humanitar böhrana gətirib çıxaracaq. Ona görə də bu sərfəli yol hesab oluna bilməz. Yalnız Türkiyə, Misir, İordaniya və Səudiyyə Ərəbistan başda olmaqla bəzi Körfəz ölkələri arasında aparılan intensiv danışıqlar və ən əsası da həmin ölkələrin ciddi təzyiqləri nəticəsində HƏMAS və “İslam Cihad” –ın tərkisilah olunması mümkündür.
Qəzza Türkiyə və Misirin idarəçiliyinə verilə bilər
HƏMAS və “İslami Cihad”-ın tərkisilah olunmasından sonra Fələstin dövlətçiliyi və Ramallahın Qəzza zolağı üzərində suverenliyi bərpa olunana qədər Qəzza Misir və ya Türkiyənin idarəçiliyinə verilə bilər. Çünki hər iki ölkə bu bölgədə istənilən qarşıdurmanın qarşısını almaq, o cümlədən hərbi-siyasi və iqtisadi prosesləri nizamlamaq qətiyyətindədir.
Həm Misir, həm də Türkiyə Qəzza zolağında sülhü, sabitliyi və əmin-amanlığı təmin edə bilərlər. Amma bu məsələ İsrail və Fələstin hakimiyyəti ilə koordinasiya şəkildə həll edilməlidir.
Qəzzada BMT-nin idarəçiliyinin qurulması
Bu problemlər öz həllini tapdıqdan sonra Qəzzada BMT-nin sülhməramlı qüvvələrinin yerləşdirilməsinə ehtiyac olacaq. Beynəlxalq sülhməramlı qüvvələr Türkiyə, Misir və İsraillə təmas çərçivəsində bu bölgədə sülhü təmin edə bilərlər. Bununla bərabər, əgər zərurət yaranarsa, Qəzzanı öz idarəçiliyinə alması üçün BMT-yə xüsusi status da verilə bilər. Qəzza zolağının sabit bir bölgəyə çevrilməsi istiqamətində BMT məqbul addımlar ata bilər.
İsrail və Fələstin yekun anlaşmaya gəlməlidir
İsrail-Fələstin münaqişəsinin həlli ilə bağlı BMT tərəfindən uzun müddət irəli sürülən “İkili Dövlət Plan”nın həyata keçməsi üçün bu mühüm addımlar atıla bilər. İlk olaraq, həm İsrail, həm də Fələstin bir-birinin ərazi bütövlüyünü qeyd-şərtsiz tanımalıdır. İkincisi, BMT-nin müəyyən qətnamələrinə əsasən İsrail Fələstinə qarşı işğalçılıq siyasətinə son qoymalı və İsrail ordusu Fələstinin işğal altında olan əraziləri – Şərqi Qüds və Vest Bankdan geri çəkilməli, həmçinin Təl-Əviv Fələstinin qanuni ərazilərində qeyri-qanuni məskunlaşmanı dayandırmalıdır. üçüncüsü, Şərqi Qüds Fələstinin bir parçası kimi tanınmalıdır.
Dördüncüsü, İsraildə radikal yahudi millətçilərinin və dindarlarının Fələstin dövlətçiliyinə və ərəblərlə birgəyaşayışa qarşı təbliğatlarına son qoyulmalıdır. Eyni zamanda Fələstində də anti-İsrail kampaniyasına yol verilməməlidir. Beşincisi, həm yahudi, həm ərəb xalqının rifahı üçün İsrail ilə Fələstin arasında iqtisadi və nəqliyyat kommunikasiyalar açılmalıdır. Bütün bunların həyata keçirilməsinə münasib şəraitin yaradıldığı halda “İkili Dövlət Planı”nın baş tutması mümkün olacaq. Sonda onu da vurğulayaq ki, yahudilər və ərəblər bir atanın övladlarıdır. İudizim və İslam dinində çox oxşarlıqlar var.
Yunis Abdullayev
Cebhe.info