Mediator gördüklərindən danışdı - “Kişi təkbətək görüşdə mənə dedi ki, qadını…” - MÜSAHİBƏ

Mediator gördüklərindən danışdı - “Kişi təkbətək görüşdə mənə dedi ki, qadını…” - MÜSAHİBƏ

Azərbaycanda 2019-cu il martın 29-da “Mediasiya haqqında” Qanun qəbul edilib. Məhkəmə mediasiyasına dair müddəalar isə 2020-ci ilin iyulun 1-dən qüvvəyə minib.

Mediasiya mübahisələrin məhkəmədən kənar alternativ həll yollarından biridir. Tərəflər mediasiya sessiyaları vasitəsilə məhkəmələrə nisbətdə daha az xərc çəkib, mübahisələrini həll edə bilirlər.

Vəkil ilə mediatorun arasında ən böyük fərq mediatorun müstəqilliyi və neytral mövqedə dayanmasıdır. Mediator prosesdə heç bir tərəfi təmsil etmir. Buna görə də mediasiya sessiyalarında tərəflər və onların maraqlarının müdafiəsi baxımından hər iki tərəfin vəkilləri iştirak edə bilər. Xidmət pulludur.

Maraqlıdır, ölkə üçün hələ də gənc sayılan bu xidmət növü özünü doğruldurmu? Müraciətlər çoxdurmu? Xidmətdən əsasən kimlər faydalanır, bu, onlara necə təsir göstərir?

Cebhe.info-nun suallarını Bakı 2 saylı Mediasiya Təşkilatının mediatoru Türkər Əliyeva cavablandırıb.

- Türkər xanım, mediasiya özünü doğruldurmu?

- Xoş gördük. Bildirim ki, mediasiya xidməti 2 ildir ki, fəaliyyət göstərir. Amma 1 ildir ki, daha da fəaliyyətini genişləndirib. Artıq çoxluq bilir ki, mediasiya nə olan qurumdur və bu xidməti sevirlər. İddiaçı tərəf öncə gəlib təklif yazır. İddianın predmetləri olur. Təklifdə biz bunları görüb hərəkət edirik. Sessiyalar keçiririk. Məxfilik qorunur.

- Görüşlər neçə seans olur?

- Elə olur ki, problemi yarım saata həll edib yekunlaşdırırıq. Elə də olur ki, məsələ uzanır. Şəxs birinci olaraq mediasiya təşkilatına müraciət edir. Qeyd etdiyim kimi, insanlar ilk olaraq gəlib təklif yazırlar. 10 gün sonra Mediasiya Şurası tərəfindən mediator ayrılır. Sonra biz müraciət edən şəxsə zəng vururuq. Təklif yazan tərəfin müraciəti əsasında qarşı tərəflə danışıb onu sessiyaya dəvət edirik. İlkin media sessiyası zamanı danışıqlar aparılır. Məsələ barışıqla həll olacaqsa, tam mediasiya sessiyası təyin edirik. Amma görəndə ki, məsələ həll olunmur, bu zaman məhkəməyə müraciət edilməsi üçün müraciət edən şəxsə arayış veririk. Mənim arayışlarım çox az olub. Bir dəfə görüşdən sonra cütlüklərdə barışıq ola bilər. Məsələn, görürük ki, yoldaşı qadını sevir, boşanmaq istəmir. Amma məcbur boşanmalıdır, çünki acığa düşüb. Belə şeylər görəndə görüşü təxirə salıram. 10 gün vaxt verirəm və cütlükləri yenidən çağırıram. 1-2 dəfə görüşü təxirə salmaq hüququm var. Söhbətin içərəsində tək boşanmaqla bağlı məsələ dayanmır, bir çox şeylər olur. Məsələn, aliment var, uşaq anada, yoxsa atada qalacaqmı, ata uşağını neçə dəfə görəcək və s. Biz bu məslələlər üzrə də tərəfləri barışığa gətirə bilirik.

- Əgər cütlüklərdən biri mediasiya prosesində söz verdiyi vədlərə daha sonra real həyatda əməl etmirsə, yəni yalan danışır, aldadır, nəyəsə nail olmaq üçün prosesdən istifadə edir, öhdəlikdən boyun qaçırırsa, bu zaman vəziyyət necə dəyərləndirilir?

- Biz təkliflərin və cavabların hər birini qeydə alırıq. Sonra həmin şəxslər öz imzası ilə yazdıqlarını təsdiqləyir. Əgər cavabdeh şəxs yazdıqlarına əməl etməsə, icra proseslərinə üz tuturuq və həmin şəxs birbaşa məsluliyyət daşıyır. Məhkəməyə bildiririk ki, bu adam bu şeylərə riayət etmədi.

- Bilmək olar ixtisasınız nədir? Mediator olmaq üçün hüquqi bilgilər nə dərəcədə önəmlidir?

- Bakalavr təhsilim filologiyadır. Amma psixologiya üzrə kursa getmişəm. Düşünürəm ki, bu sahədə özünü doğrultmaq üçün insan psixologiyasını bilmək çox önəmlidir. Mediator kimi fəaliyyətimin olmağı üçün bir ay mediasiya təlimlərinə getmişəm. Mediator olmaq üçün hüquq üzrə ixtisasın olması önəmli deyil. Bu şərtlərdə də qeyd edilib. İstənilən peşə sahibi mediator ola bilər. Bildirim ki, mən mediator olmağı çox sevdim. Əslində bilməzdim ki, bu sənəti bu qədər sevəcəyəm. Çünki insanları başa düşmək, anlamaq önəmli şeydir. Bəzən elə problemlərdən danışırlar ki, mən onları dinləyəndə dəli oluram. Ancaq hesab edirəm ki, məsələni həll etmək lazımdır.

- Mediasiya xidmətinin qiyməti necə müəyyən edilir?

- Fərqli qiymətlər olur. Boşanmada 60 manatdır. Kommersiya işində 50 minlik işə 210 manat xidmət haqqı olaraq təşkilata pul ödənilir. Ən az məbləğ 60 manat təşkil edir.

- Mediasiya xidməti özünü doğruldurmu?

- Bəli, insanlar bir-birini daha çox başa düşürlər.

- Müraciətlər nə üzrə daha çox olur?

- Ən çox bizə kommersiya məsələləri ilə bağlı müraciətlər olur. Şirkətlərin bir-biri ilə intriqası, davası olur. Boşanmalar çox olur. Boşanmaq istəyən şəxslər bizim yanımıza düşmən kimi gəlirlər. Təkbətək görüşlər keçirirəm. Daha sonra birgə görüşlər təşkil edirəm. Bilirsiniz ki, statistikamızda ötən ilə nisbətən bu il boşanmalar dəhşətli dərəcədə artıb. Boşanmaların barışıq sazişinin imzalanması bizim çün, Mediasiya Şurası üçün böyük uğurudur.

- Təxmini nə qədər barışığa nail olmusunuz?

- 30 faiz barışığa nail olmuşam.

- Mediasiyada barışığa gəlməyən tərəflərin əsasları nə olub?

- Borcu ödəməmək. Bəzən olub ki, borcu ödəmək çətin olur. Bəzi şirkətlər var ki, güzəştə getmir, bəziləri var güzəştə gedir.

- Maraqlıdır, ailələr daha çox hansı problemlərlə qarşılaşırlar?

- Ancaq maddiyata görə boşanırlar. Ata ailəsinə baxmır, kiminləsə münasibət qurur, xəyanət edir, övladlarına baxmır. Bu səbəbdən boşanmalar dəhşətli dərəcədə artıb. 6 il evli olan cütlük mənə müraciət etmişdi. Qadın barışmaq istəyirdi, amma kişi yox. Kişi ilə təkbətək görüşdə sual verdim ki, niyə barışmırsınız? Dedi ki, sevmirəm, sevgim bitib. Bu, mənə çox pis təsir elədi. Sevgi bitibsə, insan necə yaşaya bilər?

- Ən çox hansı tərəf güzəştə getmir?

- Kişilər. "Alimenti ödəmirəm", "vermirəm", "istəmirəm" kimi bəhanlər gətirirlər.

- Sevgisi bitən ailələr çoxdurmu?

- Bəli, elə ailələr çoxdur. Düşünürəm ki, bir kişidə əgər sevgi bitibsə, qadın onu buraxmalıdır.

- Xəyanət məsələlərindən də danışdınız...

- Elə məsələlər var ki, orada kişi gedib e, yoxdur kişi. Əgər münasibətdə xəyanət varsa, başqasını sevirsə, kişini boş-boşuna saxlamağın mənası yoxdur. Ona görə qadınlar da bununla razılaşırlar.

- Əvvələr boşanmamaq üçün üçün prinsipə düşən qadınlar çox olurdu. Sizə belə cütlüklərdən müraciəti daxil olur?

- İndi elə deyil. Boşanan qadınlar daha prinsipə düşmür. Qabağa baxırlar. Düşünürlər ki, mən uşaqla nə edəcəyəm?

- Mülk üstündə davalar haqqında nələri deyə bilərsiniz?

- Mülklərini boşandıqdan sonra bölmək üçün müraciət edən tərəflər olur. Bu sahədə də barışıq sazişi imzalanır. Qeyd edim ki, boşanmayaraq bir evdə qala-qala aliment tələb edən ailələr də çoxdur. Qadın var ki, yoldaşı ilə çox mehribandır, amma bildirir ki, uşağına baxmır. Kişi deyir ki, bizdə hər şey yaxşıdır, məndən niyə aliment tələb edir?

- Sonda nələri qeyd etmək istəyərdiniz?

- Bildirim ki, məhkəmə daha çətindir və rüsumları daha böyükdür. Hər kəs öncə mediasiyaya üz tutmalıdır. Çünki mediasiya insanlar üçün psixoloji cəhətdən də çox xeyirlidir. Məhkəməyə gedib illərlə probleminin həll olunmamağındansa, bizim xidmətdən yararlansınlar. Bəzən illərlə həllini tapmayan məsələlər bir gündə həll olur.

Aylin
Cebhe.info