Azərbaycanlı uşaqların “TikTok”-da layk macərası: Psixoloq SOS dedi

ABŞ-nin Northwestern Universitetinin apardığı araşdırmaya görə, internet əsrində doğulan "alfa nəsli" uşaqların kosmetikaya marağı qorxulu həddə çatıb.
Mütəxəssislər ailələrə və kosmetika mağazalarına kosmetik məhsullarla video çəkmə yarışına qoşulan 7-18 yaşlı qızlarla bağlı xəbərdarlıq edir.
Bildirilir ki, bu, allergiya və ciddi dəri xəstəliklərinə səbəb ola bilər. Belə ki, sosial media trendlərinə qapılan və hər gün 6-15 fərqli dəriyə qulluq vasitəsi istifadə edən azyaşlı qızların sayında ciddi artım var.
Qeyd olunub ki, bu vəziyyət uşaqları ciddi sağlamlıq riskləri ilə üz-üzə qoyur. Tədqiqatçılar özlərini 13 yaşında kimi göstərərək “TikTok”-da hesablar açıblar. Bu hesablara təklif edilən 100 video araşdırılıb. Xüsusilə, məşhurların övladları da bu trendin yayılmasında rol oynayır.
Mütəxəssislər həm ailələri, həm də iri kosmetik mağaza şəbəkələrini məsuliyyətli davranmağa çağırırlar. Onlar uşaqlara yönəlmiş marketinq strategiyalarını qeyri-etik hesab edir. Qeyd edik ki, bu problem ölkəmizdə də var.
“TikTok”-da azyaşlı qızlar səhifə açaraq makiyaj videoları çəkirlər. Valideynlər isə buna ya mane ola bilmir, ya da özləri icazə verirlər. Onlar düşünürlər ki, bu videolarla uşaqlar sosial şəbəkədə karyera qurur.
Ümumiyyətlə, uşaqların kosmetik məhsullara marağının artması psixoloji baxımdan nə ilə əlaqədardır? Valideynlər bu vəziyyətdə necə davranmalıdırlar? Özünü yetkin kimi göstərmək ehtiyacı nədən qaynaqlanır və azyaşlı uşaqlarda psixoloji inkişaf baxımından hansı risklər ortaya çıxa bilər?
Valideynlər uşağın kosmetik məhsullara marağını doğru şəkildə necə yönləndirməlidir?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında psixoloq-pedaqoq Zeynəb Əyyubova bildirib ki, uşaqların kosmetikaya artan marağı, xüsusilə də 7-18 yaş arası qız uşaqlarında bu meyilin daha tez üzə çıxması psixoloji inkişafla sıx bağlıdır.
Psixoloq qeyd edib ki, bu dövrdə uşaqlarda şəxsiyyət formalaşır, özünü tapmaq, fərqli görünmək, cəlbedici olmaq kimi ehtiyaclar güclənir:
“Özünü yetkin kimi göstərmək uşaqlarda tez-tez rast gəlinən bir davranış formasıdır. Sosial mediada “bəyənilmək”, “qəbul olunmaq”, “trendlərə uyğun olmaq” kimi psixoloji ehtiyaclar da bu marağı alovlandırır. Uşaqlar, xüsusilə də yeniyetməlik yaşına yaxın olanlar daha çox müstəqillik istədikləri üçün bəzən görünüşləri ilə böyüklərə bənzəməyə çalışırlar.
Makiyaj bu cəhətdən onlara “böyüdüklərini sübut etmək” üçün bir vasitə kimi görünə bilər. Valideynlər ilk növbədə təşvişə düşmək əvəzinə bu marağın haradan qaynaqlandığını anlamalıdırlar. Qadağa, danlama və ya alçaltma kimi reaksiyalar uşaqlarda daha çox gizliliyə və üsyana səbəb ola bilər.
Əvəzində uşaqla açıq və səmimi dialoq qurmaq, onun hansı səbəbdən bu məhsullara maraq göstərdiyini anlamaq və bu mövzu ilə bağlı maarifləndirmək daha effektiv nəticə verə bilər. Məsələn, birgə dəriyə qulluqla bağlı düzgün mənbələrdən məlumat oxumaq, gigiyena və allergiya risklərindən danışmaq, yaşına uyğun təmizləyici və qoruyucu vasitələr seçmək uşaq üçün həm maraqlı, həm də maarifləndirici olacaq”.
Zeynəb Əyyubovanın sözlərinə görə, bu ehtiyacın kökündə əsasən şəxsiyyətin formalaşması dövründə olan qeyri-müəyyənlik hissi durur:
“Uşaq bir tərəfdən uşaq kimi davranmaq istəyir, digər tərəfdən isə cəmiyyət və sosial media ona “böyümək”, “mükəmməl görünmək”, “cəlbedici olmaq” mesajlarını ötürür. Bu da psixoloji təzyiq və bəzən özünü dəyərsiz hiss etməyə səbəb ola bilər.
Bu yaşda psixoloji yetkinlik tam formalaşmadığı üçün “özünü böyüklərə bənzətmək” bir növ özünü sübut etmək cəhdidir. Amma bu cəhdlər vaxtından əvvəl seksualizasiya, özgüvən problemi, sosial müqayisə nəticəsində depressiya və ya narahatlıq pozuntuları ilə nəticələnə bilər”.
Psixoloq bildirib ki, burada ən vacib addım uşağın marağına hörmətlə yanaşaraq ona yaşına uyğun sərhədləri izah etməkdir:
“Məsələn, “gözəllik yalnız makiyajla olmur” fikrini ona aşılayaraq sağlam dəriyə qulluq, təbii gözəllik, daxili dəyərlərin əhəmiyyəti kimi anlayışları gündəlik söhbətlərə daxil etmək faydalıdır. Bundan əlavə, sosial media istifadəsi valideyn nəzarətində olmalı, izlədiyi kontent və onun psixoloji təsiri vaxtaşırı müzakirə edilməlidir. Uşaq tənqid olunmadan dinlənməli və onun fikirləri dəyərli hesab edilməlidir”.
Əfsanə Rəcəb
“Cebheinfo.az”