Nazirin dediyi yaşıl ixtisas nədir?
“COP29 kimi böyük və mötəbər tədbirin qısa zaman ərzində uğurla təşkili təqdirəlayiqdir.
Xüsusilə ətraf mühit və maliyyələşmə kimi əsas mövzular haqqında gözləntilər var.
“Cebheinfo.az” xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində elm və təhsil naziri Emin Əmrullayev deyib. O bildirib ki, COP29 çərçivəsində iqlim savadlılığının qiymətləndirilməsi istiqamətində Azərbaycanın təşəbbüsü müzakirə olunacaq:
“Azərbaycanın bu təşəbbüsü dəstəklənəcək və növbəti illərdə həm Azərbaycanda, həm də digər ölkələrdə yaşıl təhsillə bağlı daha çox iş görüləcək. Yaşıl ixtisasların və yaşıl bacarıqların inkişafı bizim prioritet istiqamətlərimizdəndir.
Yaşıl bacarıqlar bütün ixtisasların daxilində iqlim dəyişikliklərinin ətraf mühit çirklənmələrinin qarşısını almaq üçün səriştələrin formalaşdırılması kimi başa düşülməlidir.
Düşünürəm ki, istiqamətimiz yeni ixtisaslarla yanaşı, mövcud ixtisasların məzmununa bu yaşıl komponentin gətirilməsi olmalıdır”.
Təhsil eksperti Rizvan Fikrətoğlu “Cebheinfo.az”-a açıqlamasında deyib ki, yaşıl ixtislar dedikdə, çox zaman yeni fənn başa düşülür, lakin belə deyil:
“Demək olar ki, hər fənnin tərkibində yaşıl ixtisas var. Məsələn, təbiətşunaslıq ixtisasında yaşıl ixtisasdan, riyaziyyat fənnində rəqəmsallaşdırmadan söhbət gedir. Fizika fənni də təbiətdə olan məsələri əhatə edə bilir.
Burdan belə qənaətə gəlmək olar ki, hər fəndə az da olsa, yaşıl ixtisaslardan bəhs olunur və bir çox tədris olunan fənn yaşıl ixtisas və bacarıqların inkişafını əhatə edir”.
O qeyd edib ki, ali məktəblərdə yaşıl ixtisaslar daha geniş şekildə tədris olunur:
“Ali məktəblərdə ekologiya mühəndisliyi, geologiya və Geodeziya mühəndisliyi tədris olunur. O ixtisaslardan kənarda olan fənlərdə isə yaşıl ixtisaslar daha qısa və konkret şəkildə tədris edilir”.
Həsən Məmmədov
“Cebheinfo.az”