12 fransız diplomat ölkədən çıxarılır

Əlcəzair Fransadakı konsulluq əməkdaşının saxlanmasına cavab olaraq, 12 fransız diplomatının ölkəni tərk etməsi barədə qərar verib.
“Cebheinfo.az” xəbər verir ki, rəsmi açıqlamada bu addımın ölkənin suverenliyinə qarşı yönəlmiş hər hansı hücuma "sərt" cavab veriləcəyinin göstəricisi olduğu bildirilib. Fransanın xarici işlər naziri Jan-Noel Barro bu qərarı “ədalətsiz” adlandırdıqdan sonra Əlcəzair Xarici İşlər Nazirliyi mövzu ilə bağlı bəyanat yayıb.
Bəyanatda qərarın Fransada bir Əlcəzair konsulluğu əməkdaşının “diplomatik norma və ənənələrin açıq şəkildə pozulması” ilə, nümayişçi həbsinə cavab olaraq verildiyi qeyd olunub. Eyni zamanda, bəyanatda Fransanın daxili işlər naziri Bruno Retaillo sərt şəkildə tənqid olunub. O, "tamamilə şəxsi maraqlar uğrunda çirkli işlərə qarışmaqda, siyasi düşüncədən məhrum olmaqda və Əlcəzair-Fransa münasibətlərinin gələcək istiqamətinə cavabdehlik daşımaqda" ittiham edilib. Əlcəzair tərəfi saxlanılan konsulluq əməkdaşının diplomatik toxunulmazlığa malik olduğunu vurğulayaraq bildirib ki, Fransa hakimiyyəti ona qarşı “oğruya münasibət göstərilən kimi, alçaldıcı şəkildə” davranıb. Bəyanatda, həmçinin hadisənin iki ölkə prezidentlərinin telefon danışığı və Fransa xarici işlər nazirinin Əlcəzairə səfəri fonunda, münasibətlərin yumşalmağa başladığı bir dövrdə baş verdiyi qeyd olunub.
Əlcəzair xəbərdarlıq edib ki, Fransa daxili işlər nazirinin ölkənin suverenliyini pozan istənilən növbəti addımı qarşılıqlılıq prinsipinə əsaslanan “qəti və uyğun” cavabla qarşılanacaq. Qeyd edək ki, aprelin 11-də Fransada dissident “Amir DZ” kimi tanınan Əmir Buxorsun qaçırılması iddiası ilə əlaqədar olaraq, aralarında konsulluq əməkdaşının da olduğu üç Əlcəzair vətəndaşı saxlanılıb və Fransa ərazisində ağır cinayətlər törətmək ittihamı ilə həbs edilib. Aprelin 13-də Fransanın Əlcəzairdəki səfiri Stefan Romateti Xarici İşlər Nazirliyinə çağırılaraq ona etiraz notası təqdim olunub. Ertəsi gün, aprelin 14-də isə Əlcəzair Fransa konsulluğunun 12 əməkdaşının 48 saat ərzində ölkəni tərk etməsini istəyib.
Əfsanə Rəcəb
“Cebheinfo.az”