Rəsmi İrəvandan anklav və eksklav kəndlər barədə açıqlama

Ermənistan hökuməti anklavlar və eksklavlar, həmçinin sərhəddəki mübahisəli ərazilər barədə açıqlama verib.
"Cebhe.info" Modern.az-a istinadən xəbər verir ki, “Sputnik Ermənistan”ın sorğusuna cavabında rəsmi İrəvan bildirib ki, belə ərazilərin delimitasiyası və demarkasiyasına hüquqi qüvvəyə malik sənədlər baxılmalıdır.
Hökumət Ermənistanın baş naziri Nikol Paşinyanın martın 12-də verdiyi bəyanata da istinad edərək, rəsmi İrəvanın beynəlxalq səviyyədə tanınmış ərazisindən kənarda heç bir əraziyə iddiası olmadığını xatırladıb.
Bununla belə, Ermənistan da “öz suveren ərazilərini təslim edə bilməz” deyilib.
Nazirlər Kabineti izah edib ki, mübahisəli ərazilərdə Ermənistan ərazisinin haradan başladığını müəyyən etmək lazımdır və bu, hüquqi qüvvəyə malik sənədlər əsasında olmalıdır. Burada xatırladılıb ki, de-yure Ermənistan ərazisi Ermənistan Respublikasının, de-yure Azərbaycan ərazisi isə müvafiq olaraq Azərbaycanın idarəsi və nəzarəti altında olmalıdır.
“Ermənistan bütün sərhəd boyu, eləcə də Tavuş bölgəsinə bitişik ən problemli ərazilərdə eyni düsturdan istifadə edərək belə qərarlar qəbul etməyə hazırdır”, - deyə hökumət bildirib.
Xatırladaq ki, martın 12-də Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuat konfransında bildirmişdi ki, İrəvan Ermənistanın hüdudlarından kənara çıxan yollarını əvəz etmək üçün yeni yol hissələri tikməyi planlaşdırır. O, xüsusilə, İrəvan-Tbilisi yolunun Tavuş rayonunun Əskipara kəndi yaxınlığındakı hissəsini göstərib. Ümumilikdə, baş nazirin sözlərinə görə, SSRİ-nin dağılması zamanı Alma-Ata Bəyannaməsinə və Praqa Bəyannaməsinə uyğun olaraq müəyyən edilmiş sərhədlər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması üçün əsas götürülür.
"Cebhe.info"