Danışıqlar dalana dirənib: Ermənistan sülh istəyir, yoxsa müharibə?

Danışıqlar dalana dirənib: Ermənistan sülh istəyir, yoxsa müharibə?

"Biz Ermənistanı sərhədlərin delimitasiyasına başlamağa dəvət etdik. Çünki təxminən 30 il ərzində Ermənistanla dövlət sərhədimiz, o cümlədən Azərbaycanın 20 faiz ərazisini təşkil edən digər rayonları işğal altında olub. Buna görə sərhədlərin delimitasiyası zərurəti aydındır".

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Litva Prezidenti Gitanas Nauseda ilə görüşlərindən sonra mətbuata bəyanatında bildirib.

Prezident xatırladıb ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə aprelin 6-da Brüsseldə keçirilmiş görüş zamanı aprelin sonuna qədər hər iki tərəfin işçi qrupun yaratması barədə razılıq əldə olunub:

“Azərbaycan işçi qrupunu vaxtında yaratmışdır və nümayəndə heyətini ezam etməyə hazır idi. Bu, erməni tərəfi ilə razılaşdırılmışdır. Yeri gəlmişkən, sərhədlə bağlı ilk görüşün keçirilməsini təklif edən Ermənistanın Xarici İşlər Nazirliyi olmuşdur. Azərbaycan həmin təklifi qəbul etmişdir və biz nümayəndə heyətini göndərməyə hazır idik. Lakin, sonuncu gün - aprelin 29-da Ermənistan artıq razılaşdırılmış görüşü ləğv etdi. Bu, çox məyusedici məsələdir. Daha məyusedici isə, yenə də Ermənistanın ilkin təklifindən irəli gələrək, 7-11 may tarixlərində sərhəddə yeni görüşün keçirilməsi təklifimizdən də Ermənistanın imtina etməsi oldu. Beləliklə, indiyədək, biz Ermənistandan hər hansı yeni tarixləri gözləyirik ki, işə başlayaq. Çünki bu cür məsuliyyətsiz mövqe, əlbəttə ki, narahatlıq doğurur”.

Maraqlıdır, Ermənistan sülhə razılaşmasa, Azərbaycan üçüncü müharibəyə başlaya bilər?

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə Cebhe.info-ya açıqlamasında bildirib ki, Ermənistanın danışıqlardan çəkilərək, təklif olunan şərtləri qəbul etməməsi və əlavə şərtlər irəli sürməsi danışıqların dalana dirənməsinə səbəb ola bilər:

“Ermənistan fərqində olmalıdır ki, əgər danışıqlar yolu ilə problem həll olunmayacaqsa, Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi uğuru növbəti dəfə təkrarlaya bilər. Əslində bunu 3-cü Qarabağ müharibəsi də adlandırmazdım. Çünki bu, Azərbaycanın öz suveren ərazisinin daha kiçik bir məkanında antiterror əməliyyatı həyata keçirmə prosesi ola bilər. Bu da ki, Azərbaycanın təbii haqqıdır.

İnidiki şəraitdə Ermənistan həmin ərazilərdə sülhməramlı adı ilə yerləşən rus hərbçilərinin mövcudluğundan növbəti dəfə həvəsə gəlib. Ermənilər rusların orada olduğu müddət ərzində Azərbaycanın antiterror əməliyyatı keçirməyəcəyini düşünürlər”.

Partiya sədri xatırladıb ki, biz əsgərlərimizin Fərrux dağının yaxınlığındakı yüksəkliyi götürdüyünü görmüşük:

“Hesab edirəm ki, bu proses davamlı ola bilər. Təbii ki, rus hərbçiləri də orada daimi deyillər və gedəcəklər.Ermənistan rəhbərliyi başa düşməlidir ki, Azərbaycan öz ərazilərini tam olaraq nəzarətinə götürəcək və ərazisində heç bir quruma status verilməsindən söhbət belə gedə bilməz. Əgər proseslər bu şəkildə davam edərsə, Azərbaycan bundan əvvəl olduğu kimi yenə də öz gücünə problemi həll edəcək”.

Elmir
Cebhe.info