Nazir Vaşinqtona niyə getmədi? - İmtina səbəbləri

“İndiki dövrdə ABŞ-ın Azərbaycanla bağlı münasibəti regiondakı geosiyasi maraqlarının kontekstindən irəli gəlir”.
Bu sözləri politoloq Elşən Manafov Cebhe.info-ya açıqlamasında ABŞ Konqressində Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı keçirilən dinləmələrdə Azərbaycana qarşı səsləndirilən ittihamların arxasında duran qərəzi şərh edərkən bildirib.
O bildirib ki, Qərbin Cənubi Qafqazla bağlı hədəflərindən biri Rusiyanı regiondan sıxışdırıb çıxarmaqdır:
“Azərbaycanın coğrafiya cəhətdən İrana və Rusiyaya yaxın olması, o cümlədən yerləşdiyi regionun geostrateji əhəmiyyəti Vaşinqtonun diqqət mərkəzindədir.
Eyni zamanda Qərbdə çox yaxşı bilirlər ki, Azərbaycan Şimal-Cənub və Qərb-Şərq nəqliyyat qovşaqlarının üzərində yerləşir. Bu gün də beynəlxalq güclər arasında geosiyasi mübarizənin əsas amillərindən biri beynəlxalq dəhlizlər uğranda aparılan mübarizədir.
Bildirim ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın Ermənistan üzərində qələbəsi regionda yeni geosiyasi reallıqlara gətirib çıxarıb. Halbuki Qərb bu reallıqları qəbul etmək istəmir.
Qərb Ermənistanda Paşinyan hakimiyyəti vasitəsilə regiondakı geosiyasi reallıqları dəyişməyə çalışır. Doğrusu, Qərb bu məsələdə israrlıdır. Əlbəttə ki, ABŞ və Avropa İttifaqının Azərbaycan və Ermənistanla bağlı addımlarında əsas hədəf Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılmasına yönəlib. Bu mənada Cənubi Qafqazın bütövlükdə Qərbin təsir dairəsi altına düşməsinə yeganə əngəl yaradan ölkə məhz Azərbaycandır.
Ermənistandan fərqli olaraq, Azərbaycan kifayət qədər müstəqil siyasət yürüdür. Ölkəmizin xarici siyasəti çoxvektorlu və balanslı strategiya üzərində əsaslanıb. Bu strategiya Azərbaycanın dövlət və milli maraqlarına hesablanıb. Bununla bərabər, Azərbaycan Cənubi Qafqazda daimi sülh və təhlükəsizliyin bərqərar olunması uğrunda mübarizə aparır.
Əlbəttə ki, Azərbaycan regional sabitliyin və təhlükəsizliyin “3+3” formatı çərçivəsində Rusiya, Gürcüstan, Türkiyə və İranla birgə əməkdaşlıq fonunda təmin edilməsində maraqlıdır. Ölkəmizin rəhbərliyi bunun bağlı mövqeyini bir çox toplantılarda bəyan edib.
Maraqlıdır ki, bu formatın fəal üzvü olan ölkələr kənar güc mərkəzlərin Cənubi Qafqazda proseslərə müdaxiləsinə qarşıdırlar. Azərbaycan Prezidenti İlham Əliyevin bu barədə çıxışını xatırlamaq lazımdır. Dövlət rəhbərimiz bəyan edib ki, Cənubi Qafqaza aid olmayan güc mərkəzlərin regiondakı proseslərdən kənar durduğu təqdirdə regionda sülh və təhlükəsizlik daha intensiv şəkildə təmin olunacaq”.
Politoloq vurğulayıb ki, həm Brüssel, həm də Vaşinqton Azərbaycanı öz milli maraqlarına zidd olan şərtləri qəbul etdirməyə çalışırlar:
“Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanla münasibətlərin normallaşması üçün irəli sürüdüyü üç məlum prinsipdən ikisi rəsmi Bakının maraqlarına cavab vermir.
Əlbəttə ki, bu məsələdə Ermənistan hakimiyyətinin Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası və demarkasiyasına yönələn xəritəni nəzərdə tuturam. Ermənistan, həmçinin öz ərazisindən dəhliz də vermək istəmir.
Vaşinqtonda hesab edirlər ki, Azərbaycanın qərb əraziləri ilə Naxçıvanı birləşdirən Zəngəzur dəhlizi birbaşa Ermənistanın yurisdiksiyası altında olmalıdır. Yəni bu dəhlizin təhlükəsizliyini Ermənistanın qoşunları təmin etməlidir.
Xatırladım ki, Ermənistanın sərhəd ərazilərinin təhlükəsizliyini rus qoşunları təmin edir. Əlbəttə ki, dəhlizin də rus hərbçilərinin nəzarətinə verilməsi ABŞ-ın geosiyasi maraqları ilə ziddiyyət təşkil edəcək. Vaşinqton həqiqətən bu vəziyyəti dəyişdirmək istəyir.
Vaşinqton Ermənistanın suveren hüquqlarını qabardıb bəyan edir ki, İrəvanın öz ərazisindən keçən dəhlizə nəzarəti onun hüququdur. Digər mühüm amilə gəlincə, Azərbaycan 30 il ərzində Ermənistanın işğalına qarşı ona görə mübarizə aparmayıb ki, sonda Azərbaycanın qərb bölgələri ilə Naxçıvanı birləşdirən kommunikasiya xəttləri Ermənistanın nəzarəti altında olsun.
Buna nəinki Azərbaycan, hətta Türkiyə və Rusiya da razı olmayacaq. Zəngəzur dəhlizinin Rusiya üçün əhəmiyyəti budur ki, Moskva bu dəhliz vasitəsilə Ermənsitandakı hərbi bazalarını silah-sursatla təmin edəcək. Dəhliz, həmçinin Rusiyanın Ermənistanda geosiyasi cəhətdən daha da möhkəmlənməsinə şərait yarada bilər”.
Elşən Manafov vurğulayıb ki, Qərb Cənubi Qafqazı hərbi qarşıdurma meydanına çevirmək niyyətindədir:
“Ermənistan hakimiyyəti hazırda ABŞ-ın maraqlarına uyğun siyasət aparır. Eyni zamanda Avropa İttifaqı və Fransanın da Ermənistanda maraqları var.
Biz Fransa tərəfindən Ermənistanın silahlandırılmasını, eləcə də Qərb kapitalının bu ölkəyə daşınmasını görürük. Burada əsas məqsəd Ermənistanı Rusiyanın təsir dairəsindən çıxartmaq, ən əsası da Cənubi Qafqazı geosiyasi güc mərkəzləri arasında hərbi qarşıdurma meydanına çevirməkdir.
Paşinyan hakimiyyətinin qarşısına qoyulan missiya bundan ibarətdir. Azərbaycanın xarici və regional siyasəti Qərbin geosiyasi maraqları ilə ziddiyyət təşkil etdiyinə görə, ABŞ və Avropa İttifaqı rəsmi Bakı ilə təhdid və hədə-qorxu dilində danışmağa başlayıblar. Ancaq Qərbin ölkəmizə qarşı addımları heç bir səmərə verməyəcəkdir. Çünki Azərbaycan hərbi-siyasi və iqtisadi-siyasi cəhətdən regionun lider dövlətidir.
Regionda heç bir layihə Azərbaycanla razılıq əldə edilmədən həyata keçirmək qeyri-mümkündür. Nəzərə almaq lazımdır ki, Azərbaycanın Rusiya və Türkiyə kimi tərəfdaşları var”.
Yunis Abdullayev
Cebhe.info