Zəngəzur Milli Parkı: Azərbaycanın ilk milli parkında 20 ildə nələr dəyişib?

Zəngəzur Milli Parkı: Azərbaycanın ilk milli parkında 20 ildə nələr dəyişib?

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 16 iyun 2003-cü il tarixli Sərəncamı ilə yaradılan, ölkəmizin ilk milli parkı olan Həsən Əliyev adına Zəngəzur Milli Parkının yaradılmasından 20 il ötür.

Ötən 20 il ərzində sözügedən Milli Parkda bioloji müxtəlifliyin qorunması istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilib.

Zəngəzur Milli Parkının yaradılmasında məqsəd ərazidə ayrı-ayrı komponentlərin mühafizəsi, ərazinin özünəməxsus iqlim, relyef və digər fiziki-coğrafi xüsusiyyətlərə malik olması, burada müxtəlif növ heyvanların, o cümlədən, endemik növlərin qorunub saxlanması ilə yanaşı, ərazi üçün səciyyəvi olan fauna növlərini qoruyub saxlamaq, ekoloji monitorinqi həyata keçirmək, əhalini ekoloji maarifləndirmək, turizm üçün əlverişli şərait yaratmaqdan ibarətdir. Zəngəzur Milli Parkının ərazisinin çox hissəsi dağlıqdır.

Azərbaycanda ilk milli park kimi Zəngəzur Milli Parkının yaradılması ölkədə ətraf mühitin mühafizəsi, bioloji müxtəlifliyin mühafizəsi və cəmiyyətdə ekoloji şüurun inkişafında olduqca mühüm hadisə kimi qiymətləndirilir.

ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin rəhbəri Elşad Əsgərov Cebhe.info-ya açıqlamasında bildirib ki, Naxçıvan Muxtar Respublikasında meşə ilə örtülü sahə az olsa da, biomüxtəliflik cəhətdən çox unikal bir ərazidir.
Bölgənin unikallığı Azərbaycanın digər ərazilərində rast gəlinməyən növlərə orada rast gəlinməsidir:

“Bu ərazidə həm bitki, həm də heyvanat aləmi çox zəngindir. Ərazidə çoxlu sürünən heyvan növlərinə rast gəlinir. Quşlar baxımından da çox zəngindir, məsələn qartalkimilər, leşyeyən iri quşlar yaşayırlar. Saqqalı kərkəz Azərbaycanın “Qırmızı kitabı”na salınsa da, Naxçıvanda tez-tez rast gəlinir.

ümumiyyətlə Naxçıvan Muxtar Respublikası, xüsusilə də akademik Həsən Əliyev adına Zəngəzur Mili Parkı zəngin fauna aləmi ilə fərqlənir”.

Bu Milli Parkda vaşaq, ayı, qamışlıq pişiyi, çöl pişiyi, canavar, çaqqal, tülkü, daşlıq dələsi, porsuq digər yırtıcı məməlilər var:

“Azərbaycan ərazisində ancaq Naxçıvanda qeydə alınan muflonların sayı 150-200 baş idi. Görülən tədbirlərdən sonra sayları bərpa olunaraq min başa qədər çatıb. Bezoar keçilərinin də sayı çox azalmışdı. Hazırda Naxçıvanda 2 min 500-ə qədər bezoar keçisi var”.

Həmsöhbətimiz xatırladıb ki, Zəngəzur Milli Parkı Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə yaradılıb:

“Milli parkın ərazisində “Qırmızı kitab” növləri olan bəbir, Xəzər uları, muflon, bezoar keçisi və s. heyvan növlərinə rast gəlinir. Məsələn, bəbirin ən stabil populyasiyası Naxçıvandadır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, IDEA İctimai Birliyi və ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) bəbirlərin populyasiyasının bərpası ilə bağlı keçirdikləri birgə layihə çərçivəsində Naxçıvanda, Zəngəzur Milli Parkında quraşdırılmış foto-video tələlər vasitəsilə bəbir populyasiyasının müşahidəsi aparılır.

İndiyə kimi kameralar qarşısında doqquz bəbir anadan olub, böyüyüb və digər ərazilərə yayılıb. Hətta elələri var ki, Türkiyəyə - Qara dəniz sahillərinə gedib çıxıb. Doqquz bəbirin dünyaya gəlməsi Qafqaz region üçün əlamətdar hadisədir. Çünki bəbir Qafqazda nəsli kəsilmiş hesab olunurdu. Əvvəllər həmin heyvanlar İrandan gələr, az müddət qalar, ya qayıdıb gedər və ya digər ölkələrə keçərdilər. Onun əsas qidasını təşkil edən bezoar populyasiyası bərpa olunandan sonra bəbirlər Naxçıvanda qalmağa və bala verməyə başladı”.

Cebhe.info