ABŞ-Çin iqtisadi savaşı nə vəd edir?

ABŞ-Çin iqtisadi savaşı nə vəd edir?

"ABŞ-nin Çin mallarına tətbiq etdiyi 145 faiz dəyərindəki idxal rüsumları Çinlə uzunmüddətli ticarət siyasəti baxımından qəti və daimi bir həll hesab olunmur. ABŞ Prezidenti Donald Tramp bu məsələ ilə bağlı hələ bütün imkanları açıq saxlayır və gələcəkdə Pekinin atacağı addımlara uyğun olaraq fərqli qərarlar verə bilər".

"Cebheinfo.az" xəbər verir ki, bunu ABŞ-nin maliyyə naziri Skott Bessent "Yahoo! Finance"-a müsahibəsində deyib.

“Heç kim bunun uzunmüddətli sabit bir yol olduğunu düşünmür. Amma Prezident Trampdır, mən onun danışıqlar strategiyasını açıqlaya bilmərəm. Bildiyim odur ki, o, bütün seçimləri açıq saxlayır”, - deyə Bessent bildirib.

Nazir həmçinin, Trampın hazırkı vəziyyətini 1980-ci illərdə ABŞ prezidenti olan Ronald Reyqanın vəziyyəti ilə müqayisə edib.Həmin dövrdə ABŞ-nin əsas iqtisadi rəqibi Yaponiya idi və Vaşinqton Tokiodan özünə sərfəli bir razılaşma əldə edə bilmişdi.

Bessentin sözlərinə görə, indiki vəziyyət ondan fərqlidir. Çünki o zaman Yaponiya və Avropa hərbi müttəfiq idilər, indi isə ABŞ-nin ən böyük iqtisadi rəqibi sayılan Çin eyni zamanda onun hərbi rəqibidir.

Bessent əlavə edib ki, ABŞ Pekinin iqtisadi siyasətini ədalətsiz hesab edir və ideal razılaşmanı belə təsvir edib:

“Yaxşı bir razılaşma belə görünə bilərdi. Çin iqtisadiyyatını daha çox daxili istehlaka yönəldərdi, sənayeni dəstəkləyən dövlət subsidiyalarını azaldardı. ABŞ isə istehsal sahəsini ölkəyə qaytarardı. Bu iki proses bir-birini tamamlayardı və hər iki tərəf üçün faydalı olardı”.

Onun sözlərinə görə, hələlik Çin bu yanaşmaya açıq görünmür. Lakin Bessent qarşılıqlı hörmət əsasında müəyyən razılaşmanın əldə olunmasının mümkün olduğunu düşünür.

Səbinə Uğur 
"Cebheinfo.az"