Kit Kelloq: “Ukrayna NATO-ya üzv olmayacaq”

“Ukraynanın NATO-ya qoşulması məsələsi gündəmdə deyil və bu barədə müzakirə aparılmır”.
"Cebheinfo.az" xəbər verir ki, bunun ABŞ Prezidentinin Ukrayna və Rusiya məsələləri üzrə xüsusi nümayəndəsi Kit Kelloq "Fox News" telekanalına müsahibəsində deyib.
“Biz bu barədə kifayət qədər açıq şəkildə bildirmişik. NATO məsələsi müzakirə olunmur. Ukrayna NATO-nun bir hissəsi olmayacaq. Bu, yeni fikir deyil. Biz bunu hələ 2008-ci ildən deyirik. Ovaxt ABŞ-nin Rusiyadakı səfiri Uilyam Berns, dövlət katibi Kondoliza Raysa bu məqsədin reallaşmasının mümkün olmadığını demişdi”, - deyə Kelloq əlavə edib.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp da bəyan etmişdi ki, Ukrayna Prezidenti Volodimir Zelenski NATO-ya üzv olmaq istəsə də, bu heç vaxt baş verməyəcək.
"Bloomberg"-in məlumatına görə, bu həftə Vaşinqton Parisdəki müttəfiqlərinə Ukrayna münaqişəsinin həlli ilə bağlı yeni təkliflər paketi təqdim edib.
Bu təkliflərə Ukraynanın NATO üzvlüyü məsələsindən tam imtina, Rusiyaya qarşı tətbiq olunan bəzi sanksiyaların yumşaldılması və Rusiya tərəfindən ələ keçirilmiş ərazilərin Moskvanın nəzarətində qalması da daxildir.
Bu planların müzakirəsi gələn həftə Londonda davam edəcək.
Səbinə Uğur
"Cebheinfo.az"