Romada İran-ABŞ danışıqları başa çatıb - YENİLƏNİB

Romada İran-ABŞ danışıqları başa çatıb - YENİLƏNİB

Bu gün İtaliyanın paytaxtı Romada İran və ABŞ arasında danışıqların növbəti mərhələsi keçiriləcək.

“Qafqazinfo” “Reuters”ə istinadən xəbər verir ki, görüş Omanın xarici işlər naziri Badr al-Busaidinin vasitəçiliyi ilə baş tutacaq. 

Danışıqların əsas mövzusunu İranın nüvə proqramı ilə bağlı böhranın nizamlanmasıdır. 

İranın dövlət televiziyası isə ölkənin XİN rəhbəri Abbas Araqçının və onu müşayiət edən nümayəndə heyətinin danışıqlar üçün artıq Romada olduğunu açıqlayıb. 

ABŞ-ni isə danışıqlarda əvvəlki görüşdə olduğu kimi ölkə Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff təmsil edəcək. 

Xatırladaq ki, iki ölkə arasında danışıqların ilk raundu aprelin 12-də Omanda keçirilib. Bu danışıqlar 2022-ci ildən bu yana İran və ABŞ-nin rəsmi şəxsləri arasında ilk yüksəksəviyyəli təmas oldu.

***

“IRIB” telekanalının məlumatına görə, Romada İran və ABŞ arasında danışıqların ikinci raundu başlayıb. 

Görüş Oman səfirinin iqamətgahında keçirilir.

***

İran və ABŞ arasında danışıqların ikinci raundu başa çatıb.

İran Xarici İşlər Nazirliyinin sözçüsü məsləhətləşmələrin faydalı olduğunu və danışıqların konstruktiv atmosferdə keçdiyini bildirib.

Onun sözlərinə görə, İran və ABŞ yaxın günlərdə texniki səviyyədə məsləhətləşmələri davam etdirmək barədə razılığa gəliblər.

"Cebheinfo.az"