Müdafiə nazirləri Bişkekdə toplaşdı

Müdafiə nazirləri Bişkekdə toplaşdı

28 may 2025-ci il tarixində Bişkekdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin müdafiə nazirləri bir araya gəlib. 

"Cebheinfo.az" xəbər verir ki, Qırğızıstan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, görüş zamanı 2026–2030-cu illəri əhatə edən yeni hərbi əməkdaşlıq planı təsdiqlənib. 

Bəyanatda bildirilib ki, iclas çərçivəsində təşkilatın kollektiv qüvvələrinin fəaliyyəti də gündəmdə olub. Bildirilib ki, KTMT qüvvələri müasir dövrün hərbi təhdid və çağırışlarına qarşı birlikdə cavab verməyə hazırdır. 

Qırğızıstanın müdafiə naziri Ruslan Mukambetov deyib: “Bu görüş bir daha göstərdi ki, KTMT ölkələri olaraq kollektiv təhlükəsizliyin möhkəmləndirilməsi və hərbi əməkdaşlığın inkişafı məsələlərində ortaq baxışa sahibik. İdarəetmə sistemlərinin təkmilləşdirilməsi və birgə hazırlıq məsələlərində də səylərimizi davam etdirəcəyik”. 

İclasda Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistanın müdafiə nazirləri, həmçinin KTMT-nin baş katibi, Katiblik və Birləşmiş Qərargahın nümayəndələri iştirak ediblər. Qeyd edək ki, bu gün prezident Sadır Japarovun da iclas iştirakçıları ilə görüşəcəyi gözlənilir.

Səbinə Uğur 
"Cebheinfo.az"