Sabiq prezident polis bölməsinə çağırılıb - SƏBƏB

Sabiq prezident polis bölməsinə çağırılıb - SƏBƏB

Moldovanın sabiq prezidenti, Sosialistlər Partiyasının lideri İqor Dodon bu il 9 may - faşizm üzərində Qələbə Günündə Kişinyovda keçirilən ənənəvi yürüşdə “Georgi lenti”ni taxdığına görə polisə çağırılıb. 

"Cebheinfo.az" xəbər verir ki, Dodon polisdən dindirmə üçün rəsmi çağırış alıb:

“Mayın 9-da Qələbə marşında iştirak etdim və üzərimdə “Georgi lenti”ni taxmışdım. Mən dəfələrlə demişəm, bir daha təkrar edirəm, bu lentdən imtina etməyə hazırlaşmıram. Sadəcə ona görə ki, Maya Sandu və onun partiyası belə istəyir. Onlar özlərini müharibədə uduzan sayırlar. Amma biz, qaliblərin nəvələri nə kimdənsə, nə də nədənsə qorxuruq”, - deyə Dodon bildirib.

Sabiq prezident əlavə edib ki, daha əvvəl də eyni səbəblə cərimələnmişdi, lakin bu qərarı məhkəməyə verərək qazanıb.

Hazırda Moldova polisi yürüş zamanı lent taxdığı müəyyən edilən 53 nəfəri cərimələməyə hazırlaşır.

Bu barədə ölkənin Baş Polis Müfəttişliyinin sözçüsü Diana Fetko açıqlama verib.

Onun sözlərinə görə, həmin şəxslərin kimliyi müəyyənləşdirilir.

Qeyd edək ki, “Georgi lenti”nin Moldovada qadağan olunması 2022-ci ildə Prezident Maya Sandu və onun Fəaliyyət və Həmrəylik Partiyasının təşəbbüsü ilə həyata keçirilib.Qanun pozuntusuna görə, fiziki şəxslərə 4 500 – 9 000 ley (təxminən 250–500 dollar) arası cərimə nəzərdə tutulur.

Müxalifət bu qərarı Konstitusiya Məhkəməsinə çıxarıb və nəticədə məhkəmə bildirib ki, lentin istifadəsi yalnız müharibə və zorakılığın təbliği sübuta yetirilərsə, cərimə oluna bilər.

Parlamentin sədr müavini, kommunist və sosialist blokunun liderlərindən Vlad Batrynça isə qeyd edib ki, bu vaxta qədər lentə görə yazılmış cərimələrin hamısı məhkəmələrdə ləğv edilib:

“Amma hər kəs məhkəməyə getmək istəmir. Hakimiyyət də bundan istifadə edərək Qələbə simvolunu qadağan etməyə çalışır”.

Xatırladaq ki, 2023-cü ildə Moldova hakimiyyəti Qələbə Gününü 8 may tarixinə keçirməyi və onu “Xatirə və Barışıq Günü” adlandırmağı təklif etsə də, ictimai narazılıqdan sonra bu plan təxirə salınıb.  

Bununla belə, son iki ildir ki, hökumət 9 Mayda marş iştirakçılarının paytaxtın mərkəzi meydanına daxil olmasına icazə vermir və həmin gün "Avropa Günü" adı altında tədbirlər keçirilir.

Bütün maneələrə baxmayaraq, bu il  Moldova üzrə demək olar ki, bütün şəhərlərdə Qələbə Günü ilə bağlı tədbirlər keçirilib. Bu yürüşləri ictimai fəallar və müxalifət partiyaları təşkil edib.

Tarixi rəqəmlərə görə, Böyük Vətən müharibəsində Qırmızı Ordu sıralarında 400 minə yaxın moldovalı iştirak edib. Onlardan 50 min nəfər mükafatlandırılıb, 22 nəfər isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.

Müharibə Moldovada demək olar ki, hər ailəyə təsir edib. Bu səbəbdən hər il 9 mayda yüz minlərlə vətəndaş qəhrəmanlıq abidələrini ziyarət edir.

Səbinə Uğur
"Cebheinfo.az"