“Üç nəfərə görə milyonlarla insan ölüb” - Tramp

“Üç nəfərə görə milyonlarla insan ölüb”.
Bunu ABŞ Prezidenti Donald Tramp El-Salvador lideri Nayib Bukele ilə Ağ Evin Oval Ofisində keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, 2020-ci il seçkilərində qalib gəlsəydi, Rusiya-Ukrayna müharibəsi də baş verməyəcəkdi:
“Səhv bu müharibənin başlamasına imkan vermək idi. Bu, Baydenin müharibəsi idi, mənim yox. Zelenski daha çox şey istəyirdi, bu müharibənin baş verməsinə heç vaxt icazə verilməməli idi. Heç kim mələk deyil.
Əgər Bayden və Zelenski bacarıqlı olsaydı, müharibənin baş verməsinə heç vaxt icazə verməzdilər. Baydenlə Zelenski bunu dayandıra bilərdi. Putin isə heç başlamamalı idi. Müharibəyə başladığınız zaman qalib gəlib-gəlməyəcəyinizi bilməlisiniz. Özünüzdən 20 dəfə böyük olan birinə qarşı müharibəyə başlamazsınız. Sonra da raketə ehtiyacınız olduğunu bəyan etməzsiniz”.
Tramp əlavə edib ki, Ukraynaya “Javelin” raketlərini ilk verən də özüdür. Bildirib ki, Ukrayna hərbçiləri palçığa batmış tanklarla ilk böyük döyüşdə bu yolla qalib gəliblər:
“Milyonlarla insan üç nəfərə görə ölüb. Bir nömrəli Putini deyək, ikinci nə etdiyini bilməyən Bayden, digəri isə Zelenski.
Mənim edə biləcəyim tək şey cəhd etmək və müharibəni dayandırmaqdır. İstədiyim yeganə şey budur. Mən qətli dayandırmaq istəyirəm. Düşünürəm ki, bu nöqteyi-nəzərdən yaxşı iş görürük. Məncə, tezliklə çox yaxşı təkliflər olacaq”.
"Cebheinfo.az"