Azərbaycan mobil internetin sürətinə görə irəliləyib

Azərbaycan mobil internetin sürətinə görə irəliləyib

Bu ilin mart ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə (73,60 MB/S) görə fevral ayına nisbətən bir pillə geriləyərək 154 ölkə arasında 91-ci olub.

"Report” “Speedtest Global Index”ə istinadən xəbər verir ki, bir il əvvəlki göstərici (38,32 MB/S) ilə müqayisədə ölkədə sabit genişzolaqlı internetin orta sürəti 92 % artıb.

Sabit genişzolaqlı internetin sürətinə görə ötən ay birinci yeri Sinqapur (357,52 MB/S), axırıncı yeri isə Suriya (3,21 MB/S) tutub.

Azərbaycan martda mobil internetin sürətinə görə isə fevral ayına nisbətən 3 pillə irəliləyərək 74,11 MB/S sürətlə 102 ölkə arasında 52-ci olub.

Mobil internetin sürətinə görə birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (543,29 MB/S), sonuncu yeri isə Boliviya (13,09 MB/S) tutub.

Hesabat ayında Bakı şəhəri sabit genişzolaqlı internetin sürətinə görə əvvəlki aya nisbətən öz yerini qoruyaraq 197 şəhər arasında 73,32 MB/S sürətlə 114-cü yerdə qərarlaşıb.

Şəhərlərin sabit genişzolaqlı internet üzrə reytinqinə Əbu-Dabi (355,02 MB/S) başçılıq edib. Sonuncu pillədə Hələb (2,14 MB/S) qərarlaşıb.

Azərbaycan paytaxtı ötən ay mobil internetin sürətinə görə isə əvvəlki aya nisbətən 2 pillə irəliləyərək 90,80 MB/S sürətlə 151 şəhər arasında 80-ci olub.

Şəhərlər arasında mobil internetin sürətinə görə birinci yeri Ər-Rayyan (618,53 MB/S), sonuncu yeri La Paz (Boliviya) (9,58 MB/S) tutub.

"Cebheinfo.az"