SOCAR İT sistemlərini "Hökumət buludu"na köçürüb

SOCAR İT sistemlərini "Hökumət buludu"na köçürüb

Prezident İlham Əliyevin "Hökumət buludu"nun (G-cloud) yaradılması və "bulud" xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında" 3 iyun 2019-cu il tarixli 718 nömrəli fərmanının icrası davam etdirilir.

Fərmanın icrası çərçivəsində informasiya sistemləri və ehtiyatlarını "Hökumət buludu"na köçürən növbəti dövlət qurumu Dövlət Neft Şirkəti (SOCAR) olub.

SOCAR informasiya sistemlərini və ehtiyatlarını qismən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (RİNN) məxsus "AznTelecom" MMC-nin Bakı Data Mərkəzinə yerləşdirib. "AzInTelecom" şirkətə Virtual server - IaaS (İnfrastructure-as-a-Service) və Rezervlənmə - BaaS (Backup-as-a-Service) "bulud" xidmətləri göstərib. Bununla da qurum kritik sistemlərin yüksək əlçatanlığına nail olub.

RİNN-nin həyata keçirdiyi "Hökumət buludu" layihəsinin icraçısı "AzInTelecom"dur. Layihə çərçivəsində dövlət qurumlarının İT sistemlərinin "AzInTelecom"a məxsus Bakı və Yevlax data mərkəzlərinə tam və ya qismən miqrasiyası həyata keçirilir.

Miqrasiya nəticəsində qurumların cari İT xərcləri azalır və informasiya sistemlərinin məhsuldarlığı artır. Beləliklə, informasiya sistemlərinin təhlükəsizliyinin daha da təkmilləşdirilməsinə, sabit və dayanıqlı İT infrastrukturuna, operativ koordinasiya ilə yüksəkkeyfiyyətli servis təminatı və 24/7 monitorinq xidmətinə nail olunur.

"AzInTelecom" "bulud" xidmətləri üzrə beynəlxalq standartları müəyyənləşdirən "TIER III" sertifikatını Cənubi Qafqaz regionunda əldə etmiş ilk qurumdur.

"Cebheinfo.az"