Tramp adamlarını Makronla danışıqlara göndərir

Tramp adamlarını Makronla danışıqlara göndərir

ABŞ dövlət katibi Marko Rubio və prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff bu həftə Parisə səfər etməyi planlaşdırırlar. 

Səfər zamanı Ukrayna münaqişəsi, İranla münasibətlər və ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi rüsumlarla bağlı məsələlərin müzakirə olunacağı gözlənilir. 

"Cebheinfo.az" xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb. Plana əsasən, Uitkoff Fransa Prezidenti Emmanuel Makronla görüşəcək, Rubio isə Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Barro ilə danışıqlar aparacaq. Gündəliyə Ukrayna, İran məsələləri və ticarət rüsumları ilə yanaşı, İsrailin hərbi əməliyyat keçirdiyi Qəzza zolağındakı vəziyyət də daxildir. 

Görüşlərin dəqiq tarixləri açıqlanmayıb. Məlumatına görə, Uitkoffun Makronla görüşü onun Sankt-Peterburqa səfəri və orada Rusiya Prezidenti Vladimir Putinlə keçirdiyi görüşdən bir neçə gün sonraya təsadüf edəcək. Qeyd edək ki, Emmanuel Makron Ukrayna münaqişəsinin həlli planında, Qərb ölkələri tərəfindən təhlükəsizlik zəmanətlərinin verilməsi məsələsinin hazırlanmasında Avropada əsas rol oynayan liderlərdən biri hesab olunur. 

Səbinə Uğur 
"Cebheinfo.az"