400-dən çox stomatoloq Bakıda aksiyaya hazırlaşır

400-dən çox stomatoloq Bakıda aksiyaya hazırlaşır

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən Azərbaycandakı dövlət tibb müəssisələrində çalışan stomatoloqlara qəribə tələb qoyulub. Belə ki, paytaxt Bakıda stomatoloqlardan hər iş otağı üçün aylıq 1 800 manat, bölgələrdə isə 1 200 manat pul vəsaiti tələb olunur. Bu qeyri-rəsmi tələb stomatoloqların ciddi narazılığına səbəb olub.

Axar.az xəbər verir ki, Azərbaycanda fəaliyyət göstərən stomatoloqların qrupundan Unikal-a bildirilib ki, may ayının 22-də 400-dən çox stomatoloqun TƏBİB-in binasının qarşısında etiraz aksiyası keçirməsi nəzərdə tutulub:

“Etiraz aksiyasına səbəb paytaxtda çalışan stomatoloqlardan aylıq 1 800 manat, regionlarda fəaliyyət göstərən həmkarlarımızdan isə 1 200 manat pul vəsaitinin tələb edilməsidir. Qeyd edilib ki, ödənişlər xəstələrdən alınan pullar hesabına yığılmalıdır. Vurğulayaq ki, bu pul vəsaitləri qeyri-rəsmi formada tələb olunur. Reallığa baxsaq, biz xəstələrdən o qədər ödəniş ala bilmirik. Bizim rəsmi maaşımız cəmi 500 manatdır.

İş prosesində bizə lazım olan tibbi vasitələri öz pulumuzla alırıq. TƏBİB bizə cəmi bir neçə tibbi vasitə təqdim edir, onlar da demək olar ki, istifadə olunmur.

Şəhər və rayon tibb mərkəzlərindən bizə bildirilib ki, bu ödənişləri həyata keçirməyən stomatoloqlar işdən azad olunacaqlar”.

"Cebheinfo.az"