Bank kartlarından kütləvi oğurluq: Problemi necə həll etmək olar?

Bank kartlarından kütləvi oğurluq: Problemi necə həll etmək olar?

Son günlər bank kartlarından pul oğurlanması ən aktual məsələlərdən birinə çevrilib.

Demək olar ki, hər gün vətəndaşların kartlarından 10, 20 min manat kimi məbləğlərdə pul vəsaitlərinin oğurlanması ilə bağlı məlumatlar yayılır.

Bununla bağlı DİN vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edib:

“Naməlum zənglərlə, mesajlarla danışıq, yazışma aparılmamalıdır, dərhal bloklanmalıdır".

Bu kimi müraciətlərə baxmayaraq bu istiqamətdə dələduzluq əməlləri hələ də davam edir. Bir sıra iqtisadçı-ekspertlər isə burada vətəndaşlarla yanaşı bankların da günahkar olduğunu bildirirlər və qeyd edirlər ki, əgər bankların elektron təhlükəsizlik sistemi normal fəaliyyət göstərsə, bu problem yaranmayacaq. Bu istiqamətdə müxtəlif təkliflər səslənsə də, problem hələlik həllini tapmayıb.

Mövcud problemi necə həlli etmək emək olar?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli “Cebheinfo.az”a bildirib ki, bu problem uzun müddətdir müzakirə olunur:

“Bir çox ölkələrdə də bununla bağlı yeni qanunvericilik aktları qəbul olunur. Burada məsuliyyət bölgüsü prinsipi önəmlidir. Yəni bankların, müştərilərin, digər nəzarətedici dövlət orqanlarının birgə məsuliyyəti olmalıdır. 

Banklar problemli gördüyü əməliyyatları həmin an bloklayıb hesab sahibindən soruşmalıdır. Vətəndaş da məsuliyyətli olmalıdır ki, ondan istənilən hansısa bir rəqəmləri, məsələləri heç kimə verməsinlər.

Yəni, burada məsuliyyətin bölünməsi prinsipi olmalıdır. Təəssüf ki, çox zaman vətəndaş günahkar olur və problem onun üzərində qalır. Ona görə də qanunverivericilikdə müəyyən dəyişikliklərə ehtiyac var”.

Nigar Abdullayeva
“Cebheinfo.az”