Makronun jesti, yoxsa İlham Əliyevin yaratdığı reallıq?

"Fransa uzun müddət Cənubi Qafqazda, xüsusilə Ermənistan-Azərbaycan münasibətlərində açıq şəkildə Ermənistanı dəstəkləyən mövqe sərgiləyib.
Bu siyasət Fransada güclü erməni diasporunun mövcudluğu,onun daxili siyasi proseslərə təsiri, Fransanın tarixən xristian həmrəyliyi prinsiplərinə əsaslanan siyasəti və ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransa tərəfindən regionda nüfuzlu vasitəçi kimi çıxış etmə istəyi ilə izah olunur".
Bu sözləri "Cebheinfo.az"-a açıqlamasında millət vəkili Naqif Həmzəyev bildirib.
Onun sözlərinə görə, 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi və onun ardınca inkişaf edən proseslər Cənubi Qafqazın geosiyasi mənzərəsini ciddi şəkildə dəyişdi:
“Azərbaycanın hərbi və diplomatik uğurları, Türkiyə ilə strateji tərəfdaşlığın güclənməsi və bölgədə yaranan yeni reallıqlar Fransanı öz mövqeyini yenidən nəzərdən keçirməyə vadar etdi. İndi bir sual yaranır ki, Makronun yeni jestinin arxasında nə dayanır? Prezident Emmanuel Makronun İlham Əliyevlə dialoq qurmaq istəyi və ona açıq şəkildə yaxınlaşması bir neçə strateji amillə izah oluna bilər. Birincisi, Azərbaycan regionun iqtisadi lideridir və Avropa üçün mühüm enerji təchizatçısı kimi çıxış edir.
Rusiya-Ukrayna müharibəsi fonunda Avropa ölkələri enerji mənbələrini şaxələndirməyə çalışır və bu baxımdan Azərbaycan qazı və nefti xüsusi əhəmiyyət kəsb edir. Fransız şirkətləri də enerji və digər sahələrdə əməkdaşlıqdan faydalanmaq niyyətindədir, Fransa yeni regional reallıqları qəbul etməyə başlayır.
Parisdə anlayırlar ki, sülh prosesində Rusiya əvvəlki rolunu itirib və bu boşluğu əsasən Türkiyə və qismən ABŞ doldurur. Əgər Fransa bu prosesdən kənarda qalarsa, bölgədə təsir imkanlarını tamamilə itirə bilər. Avropa Birliyi regionda sülh və sabitliyin tərəfdarıdır. Fransa Avropa İttifaqının aparıcı dövləti olaraq, bu ümumi avropapərəst xəttə uyğunlaşmaq məcburiyyətindədir”.
Deputat hesab edir ki, Makronun İlham Əliyevlə təması yeni bir diplomatik mərhələnin başlanğıcı sayıla bilər:
“Lakin bu, eyni zamanda bir sıra suallar da doğurur ki, Fransa Prezidentinin bu jesti nə dərəcədə səmimidir? Makron hazırda daxili siyasi çətinliklərlə üzləşir və Fransadakı erməni diasporunun təsiri hələ də güclüdür. Bu baxımdan, onun addımı daha çox taktiki gediş də ola bilər. Eyni zamanda, bu jest Fransanın Cənubi Qafqazda uzunmüddətli siyasətində əsaslı dəyişikliyin başlanğıcı da ola bilər”.
Fransanın bundan sonra regionda hansı rolu oynaya biləcəyinə gəlincə, deputatın fikrincə, üç mümkün ssenari nəzərdən keçirilə bilər:
“Birincisi, Fransa hər iki tərəflə balanslı münasibətlər qurmağa çalışar, regionda konstruktiv və neytral vasitəçi kimi çıxış edər.İkincisi, Fransa regionda əsasən iqtisadi fəaliyyətlə kifayətlənər, siyasi proseslərə isə minimum təsirlə qatılar.Üçüncüsü, Fransa daxili siyasi faktorların və diasporun təzyiqi ilə yenidən birtərəfli siyasətə qayıda bilər”.
N.Həmzəyey düşünür ki, Fransanın mövqeyindəki dəyişikliyin Azərbaycan üçün müəyyən üstünlükləri ola bilər:
“Avropa ilə münasibətlərin normallaşması və genişlənməsi, beynəlxalq arenada əlavə dəstək imkanları, fransız investisiyalarının cəlbi, Ermənistanla sülh prosesində yeni vasitəçilik kanallarının açılması bura daxildir. Bununla belə, Azərbaycan ehtiyatlı davranmalı və Fransanın bəyanatlarının real addımlarla müşayiət olunub-olunmadığını diqqətlə izləməlidir. Nəticə olaraq demək mümkündür ki, Makronun İlham Əliyevlə təması Fransanın Cənubi Qafqaz siyasətində müəyyən dəyişikliklərin baş verdiyini göstərir.
Lakin bu, hələ tam paradiqma dəyişikliyi hesab edilə bilməz. Fransa balanslaşdırılmış mövqeyə keçə və regionda daha konstruktiv rol oynaya bilər. Bunun üçün isə həm daxili, həm də beynəlxalq faktorların uyğunlaşması zəruridir. Cənubi Qafqazda diplomatik proseslər dinamik şəkildə inkişaf edir və regionun gələcəyini müəyyən edən əsas amillərdən birinə çevrilir.
Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə vurğulayıb ki, region ölkələri öz problemlərini xarici müdaxilə olmadan həll etməlidirlər. Bu baxımdan, Fransanın və digər xarici güclərin rolu yalnız bu prinsipə hörmət etdiyi və əsl sülhə xidmət etdiyi təqdirdə müsbət və konstruktiv ola bilər”.
Səbinə
“Cebheinfo.az”