Ermənistan DİN Kamil Zeynallıyla bağlı məlumat yaydı

Ermənistan Daxili İşlər Nazirliyi MDB ərazisində Azərbaycan vətəndaşlarının axtarışı ilə bağlı müraciətlərin geri götürülməsinin səbəblərini açıqlayıb.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi dövlət xəbər agentliyi vasitəsilə izahat yayıb:
“Son günlər xüsusilə sosial şəbəkələrdə və xəbər saytlarında Ermənistanın Azərbaycan vətəndaşlarının axtarışı ilə bağlı müraciətlərini geri götürməsi ilə bağlı ictimai müzakirələr gedir. Yuxarıda qeyd olunanlarla əlaqədar “Armenpress” şərh almaq üçün Ermənistan Daxili İşlər Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Təbliğat İdarəsi ilə əlaqə saxlayıb”.
Bildirilib ki, 2007-ci ildə Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında əldə edilmiş razılaşmaya əsasən, tərəflər qarşılıqlılıq prinsipi əsasında MDB-yə üzv dövlətlərin ərazisində hər iki ölkənin vətəndaşlarına qarşı elan edilmiş dövlətlərarası axtarışları dayandırmaq barədə razılığa gəliblər:
“Yuxarıdakı razılaşmaya və tərəflərin 2007-ci ildən əldə edilmiş razılaşmanı pozmamasına əsaslanaraq, 2024-cü ildə tərəflər qarşılıqlılıq prinsipi əsasında MDB-yə üzv dövlətlərin ərazilərində dövlətlərarası axtarışları dayandırmaq/elan etməmək barədə öhdəliklərini təsdiqləyiblər”.
Bu müzakirələr 2023-cü il fevralın 20-də Ermənistan tərəfindən ittiham olunaraq axtarışa verilən və Moskvada saxlanılan azərbaycanlı idmançı Kamil Zeynallı barədə son məlumatlardan sonra başlayıb. Aprelin 8-də Kamil Zeynallı barədə Ermənistanın hüquq-mühafizə orqanlarının elan etdiyi axtarışa xitam verildiyini bəyan olunub. Bu isə Ermənistanda ciddi müzakirələrə səbəb olub.
Xəzər
“Cebheinfo.az”