Deputata etiraz: “Mən quzumu 3 aylığında kəsirəmsə, buna kim müdaxilə edə bilər?”

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci il yanvarın 1-i vəziyyətinə ölkə üzrə 6850,2 min baş qoyun və keçi, 2459,7 min baş iribuynuzlu mal-qara, o cümlədən 1223,1 min baş inək və camış mövcud olub.
Rəsmi statistikaya görə, ölkədə xırda və iribuynuzlu mal-qaranın sayı ötən illə müqayisədə azalıb. Belə ki, bu azalma həm inək və camışların sayında (ötən il 1 235,1 baş olub), həm də qoyun və keçilərin sayında (ötən il 7 060,6 baş olub) özünü göstərir.
Nazirlər Kabinetinin hesabatında azalmanın sayı ilə bağlı məlumat verilib.
Qeyd edilib ki, heyvanların baş sayının azalmasına təbii yem ehtiyatlarının və ənənəvi heyvandarlıqla məşğul olan fermerlərin sayının azalması, aşağı çəkidə heyvanların kəsilməsinin kütləvi hal alması, ət və yem məhsullarının bazar qiymətlərinin artması fonunda heyvan kəsiminin artması və digər amillər səbəb olub.
Son illərdə kənd təsərrüfatında yeni yaradılan iri heyvandarlıq təsərrüfatlarında müasir texnologiyaların tətbiqi ilə əlaqədar olaraq baş sayı azaldılmaqla daha məhsuldar heyvanların saxlanılması, iqlim dəyişikliyi nəticəsində quraqlıq hallarının artması, su ehtiyatlarının azalması və otlaq sahələrinin zəifləməsi, habelə heyvanların suya olan tələbatının tam ödənilməməsi də əsas amillərdəndir.
Azalmaya səbəb olan amillərdən biri də ölkədə mövcud heyvanların yemə olan tələbatının qismən ödənilməsidir. Təhlillər göstərir ki, tələbat qüvvəli yem üzrə 50-60%, quru ot üzrə 40-50%, sulu-şirəli yem üzrə isə 10% civarında ödənilir.
Heyvandarlıq sahəsinin dəstəklənməsi məqsədilə 2024-cü ildə 143 müraciət üzrə 5830 baş damazlıq heyvan (5032 baş iribuynuzlu, 798 baş xırdabuynuzlu) alışı üçün 17,4 min manat məbləğində güzəştli vəsait ayrılıb.
Parlamentdə heyvanların kəsilməsi üçün yaş həddinin müəyyənləşdirilməsi təklif olunub.
Bu təkliflə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev plenar iclasda çıxış edib. Deputat hesabatdan sitat gətirərək bildirib ki, ölkədə xırda və iribuynuzlu mal-qaranın sayı ötən illə müqayisədə azalıb.
"Bunun da qarşısını almaq vacibdir. Ona görə də sözügedən yöndə müvafiq addımlar atmalıyıq. Həmçinin yaş həddinin müəyyən olunması işbazların qarşısını alacaq. Bundan başqa, əti yeyilə bilən heyvanların siyahısı hazırlanmalıdır. Bəzən işbazlar mənşəyi məlum olmayan ətləri vətəndaşlara satırlar".
Bununla heyvandarlığı inkişaf etdirmək mümkündürmü?
Mövzu ilə bağlı iqtisadçı ekspert Akif Nəsirli “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, belə bir təklifin səsləndirilməsinin əsas səbəbi Azərbaycanda heyvandarlığın inkişaf etdirilə bilməməsidir.
Onun sözlərinə görə, onsuz da fermerlər də məhz bu yaşda heyvanları kəsir və bazara çıxarırlar:
“Heç bir fermer onsuz da 6 aydan tez heyvan kəsmir. Çünki bu, onların özlərinə ziyandır. Quzu ilk 3 ay anasının südü ilə qidalanır, sonra isə ot yeməyə başlayır və sümükləri böyüyür. Bu mərhələdə quzu arıqlayır, amma 6 aylıqdan sonra artıq ət yığmağa başlayır. Bu səbəbdən də heç bir fermer quzunu 6 aylıq olmamış kəsməyə üstünlük vermir. İndi nadir hallarda 3-4 aylıq quzuların kəsildiyi hallar olur. Onlara da əmlik deyirlər. Əmlik əti isə ən keyfiyyətli ətdir, bəlkə də onu 30 manata da almaq mümkün deyil.
Hazırda qəssabxanalarda quzu əti adı altında satılan ət əslində toğlu ətidir. Sadəcə müştərini cəlb etmək üçün bu ad altında təqdim edirlər. Onsuz da 6 aylıqdan sonra və 1 yaşına qədər olan dövr ətin keyfiyyətli və yeyilmə vaxtıdır. Fermerlər də məhz bu fazada heyvanları kəsir və bazara çıxarırlar, iri buynuzlu heyvanlarda da, həmçinin”.
Akif Nəsirli qeyd edib ki, əsas problem heyvandarlıq üçün örüş yerinin olmamasıdır:
“Birincisi, fermerlər bu qaydalara əməl etməyə məcburdur. Bu gün də o qaydalara əməl olunur. İkincisi, buna nəzarət etmək praktiki olaraq mümkün deyil. Hər fermerə bir nəzarətçi təyin edəcəklər ki, quzunu kəsməyi qadağan etsin? Üçüncüsü, bu, mülkiyyət hüququnun pozulmasıdır. Qoyun yemək üçün bəslənir. Mən öz quzumu 3 aylığında kəsirəmsə, buna kim müdaxilə edə bilər? Bu baxımdan, belə bir təklif absurddur.
Əsas səbəb Azərbaycan hökumətinin heyvandarlığı inkişaf etdirə bilməməsidir. Örüş yerləri satılıb, pambıqçılıq və aqroparklarla zəbt edilib. Əsas problem məhz budur. Heyvandarlıq üçün kifayət qədər örüş yeri yoxdur. Açıq şəkildə etiraf edə bilmirlər ki, bu siyasət iflasa uğrayıb. Geri addım ata bilmədikləri üçün də ətin qıtlığının səbəbini absurd məsələlərdə, məsələn, heyvanların yaş həddinin tənzimlənməsində axtarırlar”.
Əfsanə Rəcəb
“Cebheinfo.az”